Benzinin qiymətinin tənzimlənməsinin zərurəti və doğuracağı nəticələr - TƏHLİL

15-07-2017, 18:25           

Tarif (qiymət) Şurasının iyulun 14-də keçirilən növbəti iclasında Dövlət Neft Şirkətinin (SOCAR) müraciəti əsasında “Aİ-92” markalı avtomobil benzininin pərakəndə satış qiymətinə baxılıb və qiymət 70 qəpikdən 90 qəpiyə qaldırılıb. Tarif Şurasının bu qərarı fonunda ilk növbədə dünyada “Aİ-92” markalı benzinin qiymətləri yada düşür:

Avropa ölkələri: dünyanın inkişaf etmiş ölkələri siyahısına daxil olan Avropa ölkələrində “Aİ-92” benzinin orta qiyməti 2 avrodur (bu 3,80 AZN deməkdir). Misal üçün, Danimarkada 1,57, İtaliya və Yunanıstanda 1,62, İslandiyada 1,82, Norveçdə 1,79, Fransada 145, İngiltərədə 1,48, Portuqaliyada 1,57, Türkiyədə 1,44 avro və s.

MDB ölkələri: post-sovet məkanında benzinin orta qiyməti 1 avroya yaxındır, bu, təxminən 1,80 AZN deməkdir. Nümunə kimi, Ermənistanı (0,72 avro), Ukraynanı (0,86 avro), Rusiyanı (0,61 avro), Qazaxıstanı (0,40 avro), Gürcüstanı (0,75 avro), Belarusu (0,58 avro) və s. göstərmək olar.

Bu qiymətlər fonunda Azərbaycanda “Aİ-92” benzinin qiyməti (70 qəpik) kifayət qədər aşağı idi. Təbii ki, qiymətlərin aşağı səviyyədə saxlanılması ilk növbədə dövlətin sosial siyasətinin tərkib hissəsidir. Tarif Şurasının sonuncun qərarı ilə qiymət artsa da, yenə də dünya ölkələri ilə müqayisədə yarıbayarı azdır.

Dövlətin iqtisadi islahatları fonunda benzinin qiymətinin tənzimlənməsi heç də faciə kimi qarşılanmamalıdır. Çünki ilk növbədə bu, əhalinin əksər hissəsini yox, avtomobilləri olan az bir qismini əhatə edir. Digər tərəfdən, dünya ölkələri ilə müqayisədə bu cüzi artımdır, bununla yanaşı, ölkədə sosial rifahın yüksək olması bu artımın avtomobil sahiblərinə də ciddi təsir göstərməyəcəyini deməyə əsas verir.

Burada ilkin məsələ qiymət artımının hansı zərurətdən yaranmasıdır:

1. Dünyada baş verən iqtisadi proseslər nəticəsində milli valyutanın dəyəri aşağı düşdü. Dövlətin apardığı iqtisadi islahatlar nəticəsində bu proses Azərbaycanda əhalinin yaşayış səviyyəsinə ciddi təsir göstərmədi. Lakin manatın məzənnəsinin aşağı düşməsi benzin istehsalında xərclərin artmasına səbəb oldu ki, bu da istehsal olunan malın satış qiymətinin artması kimi təbii iqtisadi prosesin tərkib hissəsidir.

2. Azərbaycan azad bazar prinsiplərinin işlədiyi ölkədir. Burada bazarın əsas qanunu olan TƏLƏB VƏ TƏKLİF xüsusi paya sahibdir. Məlumdur ki, bazarda “Aİ-92” markalı benzinə olan tələb böyükdür. Bu da avtomatik olaraq qiymətlərə təsir göstərir.

3. Burada benzinin keyfiyyətinin Avropa standartlarına çatdırmaq amili də diqqətdən qaçmamalıdır. Ölkədə sürücülərin tələbi nəzərə alınaraq, benzinin daha keyfiyyətli istehsalı əsas prinsip olaraq götürülür. Əlavə xərclər tələb edən keyfiyyətin artırılması prosesi qiymətlərə də öz təsirini göstərir.

4. Qiymət tənzimlənməsini zəruri edən digər amil isə “Aİ-92” markalı benzinin ölkədən çıxarılmasının qarşısını almaqdır. Azərbaycanda bu markalı benzinin qiyməti aşağı olduğuna görə həmin məhsulun bəzi hallarda müxtəlif yollarla qonşu ölkələrə daşınması müşahidə olunur. Bu da faktiki olaraq, dövlətin gəlirlərinə zərbədir.

Qiymətin tənzimlənməsi digər sahələrə təsir göstərəcəkmi?

İctimaiyyətdə hər-hansı qiymət artımının olduğu zaman əsas narahatlıq onun digər sahələrə təsir göstərib-göstərməyəcəyi ilə bağlı olur. “İlk növbədə ictimai nəqliyyatda vəziyyət necə olacaq” və “ərzaq məhsullarının qiyməti artacaqmı” sualı ön plana çıxır.

1. Benzinin qiymətinin tənzimlənməsinin ictimai nəqliyyata heç bir təsiri olmayacaq. Çünki ictimai nəqliyyat sektorunda dizel yanacağı, maye və ya sıxılmış qazdan istifadə olunur. Hava nəqliyyatında reaktiv yanacaq istifadə olunur. Dəniz daşımalarında isə dizel yanacağı işlədilir.

Beləliklə, bu addım nə əsas ictimai nəqliyyat olan marşrut xətləri və metroda gediş haqlarına, nə də aviabilet və dəniz marşrutuna heç bir təsir göstərməyəcək.

2. Ərzaq məhsullarının qiymətinin artmasını düşünmək də absurddur. Çünki bu məhsulların istehsalında “Aİ-92”maraklı benzindən istifadə olunmur. Təbii ki, bununla bağlı hər-hansı cəhd dövlət tərəfindən sərt cəzalandırılacaq. İndiyə qədər belə cəhdlərin qarşısının alınması, dövlət nəzarətinin gücləndirilməsi təcrübəsi də bunu deməyə əsas verir.

Süni ajiotaj?

Qiymətin tənzimlənməsi üzərində yaradılan süni ajiotaj da görünür. Hərçənd, bundan kimlərinsə öz siyasi məqsədləri üçün istifadə etmək cəhdləri də var və əsas şüar kimi bu seçilir: “Qiymət artımı digər sahələrdə bahalaşmaya səbəb olacaq”.


Azərbaycan nümunəsi: kommunal ödənişlər və görmədiklərimiz - TƏHLİL


Ötən ilin noyabrında kommunal qiymətlərin tənzimlənməsi zamanı da eyni hallar yaşandı. Lakin qısa zaman sonra ortaya çıxdı ki, dövlət əhalinin sosial yaşayışına təsir edəcək hər-hansı qərar qəbul etməyib, sadəcə olaraq, bəzi neqativ halların qarşısının alınması məqsədilə belə addım atıb. Sonrakı dövrdə kommunal qiymətlərin tənzimlənməsinin əhaliyə heç bir təsirinin olmadığını əhalinin özü də gördü. İndi də bütün süni ajiotaja baxmayaraq, əhalinin sosial rifahına hansısa mənfi təsirin olmayacağı yaxın günlərdə aydınlaşacaq.

Hər şeyə olduğu kimi görmək lazımdır: benzinin qiymətinin tənzimlənməsinin digər sahələrə heç bir təsiri olmayacaq; bu, dövlətin iqtisadi siyasətinin bir hissəsidir; bu artımın əhalinin böyük əksəriyyətinə heç bir aidiyyəti yoxdur; qiymətin tənzimlənməsi yalnız fərdi avtomobili olan şəxsləri əhatə edir.

Qiymət tənzimlənməsi hansı nəticələrə səbəb olacaq?

a) Fərdi avtomobili olanlar daha qənaətcil olacaq. Hansı ki, bu həmin şəxslərin ailə büdcələrinə də müsbət təsir edəcək.

b) Nəqliyyatda sıxlığın qarşısı alınacaq. Etiraf edək ki, Azərbaycanda avtomobili olan şəxslər bu minik vasitəsini həyatlarının ayrılmaz hissəsi halına çeviriblər. Halbuki, bunun mənfi təsirləri ortadadır: avtomobili olan fərdlərin şəxsi büdcəsinə ziyandır; hər yerə şəxsi avtomobili ilə getmək nəqliyyatda tez-tez tıxacların yaranmasına səbəb olur; şəxsi avtomobillərdən mütəmadi istifadə ekologiyanın daha sürətlə və qarşısıalınmaz səviyyədə çirkləndirilməsinə səbəb olur.

Burada Avropa təcrübəsi də yada düşür. Qərb ölkələrində, elə ABŞ-ın özündə də insanlar avtomobildən daha çox ailəvi səyahət zamanı istifadə edir. İşə gedərkən, yaxud digər vaxtlarda daha çox ictimai nəqliyyata üstünlük verirlər. Bu, onların şəxsi büdcəsinə qənaət edir, həmçinin, ekoloji çirklənmə hallarını azaldır. Eyni təcrübənin Azərbaycanda da ictimaiyyət olaraq qəbul olunması və tətbiq edilməsi yaxşı olmazmı?!

c) Qiymət tənzimlənməsi ilə dövlətin əldə edəcəyi əlavə gəlir ekoloji layihələrə, əhalinin daha yaxşı yaşamasına hesablanmış sosial layihələrə, eləcə də investisiya layihələrinə sərf ediləcək. Dünyadakı iqtisadi proseslər fonunda belə bir addımın atılması zəruri olduğu qədər də məntiqli görünür.
Publika.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.