Sabir Rustəmxanliya cavab.. Güntay Gəncalp
17-07-2017, 00:13
Sabir Rustemxanliya cavab
II bölüm
Hörmətli Sabir bəy, oxucuların zehnində fərqli bir üfüq açılsın deyə mövzunu fərqli açılardan yazınıza cavab olaraq bəyan etməyə çalışacağam.
**********************
İnanc sistemi həyatın bütün alanlarını içərər. Hər türlü cəhalətləri qapsayaraq düşüncənin önündə qaranlıq divarlar hörə bilər. Özəlliklə əski və orta çağlarda gələnək və görənklər bir inanc sisteminə bağlı olaraq şəkillənərdi. Çünkü ölmüş adamı dəfn etməkdən tutmuş, toy, əmək və yaşam törələri hər hansı inancın verilərinə görə şəkillənərdi. Elmə yer yox idi. Bir də elm ağlın və tarix inancın məhsuludur. Ağla önəm vermə Batıda renesansdan sonra yavaş-yavaş ortaya çıxmışdır. Sekular uyqulamalar irəliləyərək bəşəriyyəti dinlərin qaranlıq inanc zindanlarından azad edib aydınlığa sövq etməyə çalışmışdır. Zatən aydınlanma dövrü də ağlın önə çıxmasıyla başlar. Lakin Doğu xalqlarının sosial, politik və mədəni yaşamlarında hələ də tarixin yönləndiricisi ağla gərək duymayan qaranlı önyarqılı inanclardır. Bu üzdən Orta Çağ qaranlığı müsəlman ölkələrdə bütün etkin gücləri ilə davam etməkdədir.
Qonumuza dönəcək olursaq, Türk tarixinin də mahiyyətini anlamaq üçün müxtəlif dövrlərdə toplumsal həyatı öz kontrolunda tutan inanc sistemlərini irdələmək gərəkəcək. Amma ilk başda bunu söləyim ki, Türk dili və tarixinin inkişafında, tarixi dəyərlərinin kəşfində modern Avropa mədəniyyətinin çox təsiri olmuşdur. İslam sonrası bizim tariximiz sünnilik inancı adı altında ərəb, şiəlik inancı adı altında fars irqçiliyinə könüllü köləlikdən başqa bir şey olmamışdır. Dilimizə, dəyərlərimizə, tarixi örütlərimizə (mətnlərimizə) sahib çıxma düşüncəsi və sorumluluğu heç olmamışdır. Dədə Qorqud gibi örütləri Avropa saxladı. Göytürk yazıtlarını da onlar kəşf edib oxudular. Avropaya çatmayan yüzlərcə əsərlərimiz ərəb-fars irqçiliyi edən sünni-şiə türk dövlətləri tərəfindən yox edildi. Örnəyin araşdırmaçılar və ədəbiyyatşünaslar “Mərzban namə” adlı əsərin Eldəgizlər dövləti zamanında türkcə yazıldığı qonusunda həmfikirdirlər. Ərəbcəyə tərcümə edildikdən sonra türkcəsi yox edilmiş və Şah İsmayılın Təbrizdə və digər şəhərlərdə sünni örütləri (mətnləri) yandırma fərmanı üzərinə “Mərzban namə” də yaxılmışdır. Yəni türk dövlətlərinin öz xalqına və kimliklərinə sayqıları olmamış, hətta çox da sayqısız davranmışlar. Bu fəlakəti Rəsulzadə böylə anladar: Bu türk dövlətləri olmasaydı, türklər öz milli haqlarını daha erkən çağlarda əldə edərlərdi. Lakin türk milləti milli zülmü öz cinsindən gördüyü üçün öz nəfsini müdafiə duyqusunu itirmişdir. Bu xəstəlik hələ də davam etməkdədir. Xəstəlik üzərinə doğru təşxis qoyulmazsa, tədavisi də doğruca yapılamayacaqdı. Xalqlar öz şahlarına bənzərlər. Bunu Mövlana şöylə açıqlar:
Şahların xisləti xalqı etkilər,
Təmiz su çevrəni yamyaşıl eylər.”
Şahlardakı türkcəyə ilgisizlik, ulusal kimliyə ikrahla baxma zaman-zaman xalqın da tarixsəl sosiopsikologiyasını və davranışlarını etkiləmişdir.
Türk tarixini özəlliklərini bilmək üçün onu İslam öncəsi, İslam sonrası, Səfəvi sonrası və modern çağ olaraq irdələmək mümkündür. İslam öncəsi tarixi incələmək üçün yenə də Türk-şaman inanc sistemini irdələməkdə fayda var. Göytürklərdən qalan yazıtlarda türk kimliyinin varlığı israrla vurqulanmaqdadır. İslam sonra Atatürk dövrünə qədər Qaraxanlı və Əmir Teymur dönəmləri istisna olmaqla heç bir evrədə Göytürklər dönəmində olduğu qədər türk kimliyi sayqınlıq görməmişdir. Ulusal onur Göytürk xaqanları və Tunyukuk gibi ərdəmli baş danışmanlar tərəfindən iftixarla xatırlanmaqdadır. Lakin az öncə üstdə bəlirtdiyim gibi böyük izdihamlı şəhər həyatına keçmə imkanları yoxdur. Coğrafi qoşullar və nüfusun azlığı buna əngəl olmaqdadır. Göytürk xaqanları çinlilər gibi oturaq şəhər həyatına keçməyi yeylərkən bilgə Tunyukuk “İki sorun var. Bizim sayımız çinlilərə görə azdır. Bir kərə yenilir və qətl edilirsək soyumuz kəsilər, tarixdən silinərik. Biz axınçı və vur qaç savaş yöntəmini sürdürməliyik” der. İkinci sorun isə böyük qalabalıq və qalabalığın heyvanları və tarım işləri üçün gərəkən düzeydə su qaynağının olmamasıdır. Orta Asiya iqlimindəki su qıtlığı sosial və mədəni həyatı etkiləməkdədir. Tarixi incələrkən yaradıcı və siyasi elitin zehnində dolaşan ideyaları irdələmək öncəlik daşıyar. Göytürk elitasının ağlında və dünyagörüşündə türk ulusunu yüksəltmə duyqu və düşüncəsi əksik olmamışdır.
Bəzi psixoloqlara görə hər min ildə bir xalqların kollektiv bilincaltında və davranışlarında dəyişikliklər ortaya çıxar. Yüzillər boyunca birikən təbiətlə qarşıdrumalar toplumsal reflekslərin dəyişiminə yol açar. Lakin din və məzhəb dəyişimi ilə bu davranış və təpki dəyişimi devrimsəl özəllik kəsb edər. Yəni kökdən tarixi və toplumsal düşüncə, duyqu və davranışlarda inqilab oluşar. İslamiyyəti qəbul etdikdən sonra bu şəkildə bir köklü devinim və devrim bizim tarixsəl həyatımızda ortaya çıxmışdır. İslam peyqəmbəri Tanrı qarşısında hər kəsin eşit olduğu yasalarını Quranda dini dillə bəyan etmişdir. Ona verilən vəhyin bilgilərini ana dili olan ərəbcədə bəyan etmişdir. Quranda millətlər və dillər də Tanrı ayətləri olaraq göstərilməkdədir. İslam peyqəmbərinin təsis etdiyi məscidlərdə qadın-erkək bir yerdə sosial sorunlarını dartışa bilir, mutlu olur və musiqi söyləyə bilirlərdi. Lakin Quranın da açıqca bəyan etdiyi gibi Hz. Muhəmməd də bizim gibi bir insandı və insan Quranın “sünnətullah” (Təbiət yasalarına görə) ölümə məhkumdur və əbədi həyata çatan heç bir canlı yaratıq və peyqəmbər olmamışdır. İslam peyqəmbərinin vəfatından qısa sürə sonra İslam doğulduğu ərəb qumsal çöllərinə gömülərək Əməvi dövlətinin və ardından Abbasilərin ərəb irqçiliyi ideologiyasına dönüşdürüldü. Nitəkim ərəb olmayan məvali, yəni vəlisi və sahibi olan derlərdi. Sahib də burada ərəb olurdu! Əməvilərin bu tutumuna qarşı əski Sasani qalıqları xalqlarda böyük bir dirəniş başladı. Bu dirənişin ideoloji adı şuubiyyə olaraq tanımlanırdı. Sasanilərin mərkəzi ərazisi indiki İraq idi, çünkü başkəndləri Tisfun indiki Bağdadın kənarı idi. Əməvilərin məvalilik politikasına qarşı iraqlılarda dirəniş meydana çıxdı. İndiki İraqın şiə əhalisi də ərəb deyillər. Ərəbləşmiş Sasani xalqlarıdır. Günümüzdə İraq şiə hökümətinin Fars dilini dövlətin dili etmə çabası da bu tarixsəl bağlıllıqlar üzündəndir. Çünkü şiənin tarixi dili farscadır.
İslamiyyətdən sonra bizim ilk qurduğumuz dövlət Qaraxanlılar dövləti olmuşdur. 9-cu əsr bu baxımdan çox önəmlidir. Çünkü 9-cu əsr həm farslarda, həm də türklərdə milli oyanış dövrüdür. 9-cu əsrin sonlarında Səffari dövlətinin sultanı Yaqub Leys ərəb dilini yasaqlar. Bütün dövlət və teoloji işlərindən ərəb dilinin uzaqlaşdırılmasıyla ilgili fərman çıxarır. Şahların fərmanı tarixi etkilər. Xorasanda Nişabur mərkəzli fars dili şəkillənməyə başlar. İndiki farsca İslam sonrası meydana çıxaraq yazıya sıçramış olan bir dildir. Türkçənin tərsinə olaraq İslamdan öncə indiki fars dilində heç bir ədəbi mətn yazılmamışdır. Ancaq indiki türkçəmizdə Göytürk yazıtları gibi dilimizin soy kökü vardır. 9-cu əsrdə yazılan fars ədəbiyatı çox ilkəl və primitivdir. Hər başlanqıc öncə bəsit və sonra dərinləşmə sürəci yaşar. 10-cu əsrdə Saman oğulları zamanında farsca dərinləəşər və artıq onun inkişaf sürəcini kimsə durduramaz. Qaraxanlılar zamanında da türkcə yüksəlməyə başlar. Satuq Buğra zamanında “Qutatqu bilik” gibi çox önəmli türkcə bir əsər yazılar. Mənə görə bu kitabda keçən bütün əski sözləri canlandıraraq dilimizə qazandırmalıyıq. Çünkü o, bizim kökümüz. Qaraxanlılar dönəmindəki türkçəçilik bununla sınırlı deyil. Yeddi soyunun türk olduğunu sayaraq türklüyü ilə qürur duyan Kaşqarlı dədəmiz də Qaraxanlı dövlətinin yetişdirməsidir. Kaşqarlının kitablarından sadəcə bir dənəsi təsadüfən tarixdə qalmış və digərləri yox edilmişdir! Qərbə çatmadığı və sonrakı türk dövlətlərinin Qaraxanlı milli çizgisini izləmədikləri üçün Qaraxanlı dövlətinə aid türkcə kitabların da çoxu yox edilmişdir. Sonrakı 1000 ildə Əmir Teymur dönəmi dışında heç bir türk dövləti o çizgidə varlıq göstərməmişdir.
Türklərin indiki İrana və Anadoluya doğru axınlarıyla qurulan türk dövlətlərində qurucu azınlıq dövlət işlərində türkcə yerinə farscanı yeyləmişlərdir. Bu da türk aristokratiyasının yox olmasına və fars aristokratiyasının türk dövlətlərini işğal etməklə sonuclanmışdır. Göründüyü gibi zehni işğala məruz qalmanın kökü çox dərinliklərə uzanmaqdadır. Nitəkim zəngin fars ədəbiyyatı əsasən türk dövlətləri zamanında ortaya çıxmış və bir çox farsca yazan türk xaqanları və sultanları da olmuşdur. Millət də əslində aristokratiyadan ibarətdir. Arostokratiyası olmayan millətlər tarixdən silinib gedərlər. Aristokratiya sadəcə dövlət quran zəngin və başarılı azlıqdan ibarət deyildir. Aristokratiya kültür, düşüncə, sənət, dünyagörüşü ürətərək xalqına aydın üfüqlər göstərən seçkinlikdir. Milli dili və kimliyi sabahdan axşama qədər ehtiyacını gedərmək üçün çalışan və düşünməyə vaxtı qalmayan xalq kütləsi gəlişdirəməz. Xalq zaman-zaman özünü milli aristokratlara bənzətdikcə gəlişər. Bütün xalqlarda düşünən və düşüncə ürətən bir azınlıq vardır. Geniş xalq kütləsi də bu azlığın düşündüklərini düşünər, o gaqda fikir mübadiləsi yaparaq yüksəələr. Türk-İslam deyə nitələnən bu qaranlıq tarixdə Atatürkə qədər milli aristokratiyamız olmamış, aristokrasi işləmləri farslara və fars dilinə buraxılmışdır. Yəni çox dərin və köklü xəstəlik. Düşünün, bir tək fars yurtdaşı olmayan Osmanlıda 2200 cild farsca divan yazılmış. Bunların içində yeddi Osmanlı sultanı və şahzadələri var. Həm də farsca yazarkən dilin təmizliyinə çox diqqət etmişlər. Ancaq türkcə yazarkən, sanki qəsdən türkcəni qətl etmək istəmişlər. İndiki osmanlıcılar Osman oğullarının türkcəni qətletmə eyləminə heyranlıq duymaqdadırlar. Yəni əslində 600 illik Osmanlıdan bir tək türkcə əsər miras qalmamış. Miras qalanları heç bir türk anlayamaz. Türkün anlayamadığı əsər kimə lazım? Hətta Türkiyə və Azərbaycanın ədəbiyatşünas professorları da alayamazlar. Çox ilgincdir ki, Göytürk yazıtlarını anlar, Osmanlıdan qalanları anlayamazlar! Çünkü Göytürk zamanında yazılanlar türkcə, Osmanlı zamanındakı devşirilmiş saxta bir dildə.
Qəznəvilərdən türkcə heç bir miras qalmamışdır. Məzlum Hindistan xalqını yağmalayaraq gənclərini aparıb Bağdad kölə bazarlarında satan Qəznəvilər yağmalarını fars dili yolunda xərcləyirdilər. Səlcuqlu zamanından etibarən türklərin Orta Doğu, Anadolu və Qafqazlarda daha geniş ölçüdə yayıldıqlarına tarix tanıq olmaqdadır. Səlcuqlunun iki önəmli mərhələsi olmuşdur. İlk evrə başnazirin Kunduri olduğu dönəmdir. Kunduri də Nizamulmülk gibi fars idi, ancaq Mötəzili idi. Mötəzilə məzhəbi İslam tarixində ağlı çox özümsəmişdi. Hətta Yunan və Hindistan elmi, mötəzilə məzhəbinin Abbasi xilafətinin rəsmi dövlət ideologiyası olduğunda ərəbcəyə tərcümə edilmişdir. 100 il boyunca Abbasilər mötəzili olmuş, daha sonra bu məzhəbi yasaqlamışdılar. Kundurinin mötəzili planları Səlcuqlunu məmnun etmədi. Onu öldürüb Nizamulmülkü başnazir təyin etdilər. Nizam da şafei məzhəbli idi. Mədrəsələrdə qatı şafei məzhəbi veriləri uyqulandı və ağlın ürünü olan bütün gəlişmələr söndürüldü. Şübhəsiz türk milləti bu gəlişmələrdən xalq olaraq xəbərsizdi. Mədrəsələrdə, sarayda onun kimliyinin sıxışdırıldığı üçün nə planlar hazırlandığı qonusunda xəbərsizdi. Çünkü nə farscası, nə də ərəbcəsi vardı. Sadəcə qaba ordu gücünün dili türkcə idi. Türklər savaşaraq ölkələr əldə edib ərəb-fars kültür imperyalizminin əsarətinə buraxırdılar. Çünkü Türk aristokratiyası və düşünən beyni yox edilərək ərəb-fars kimliyinə buraxılmışdı. Aşıq Paşa Səlcuqlar zamanında aşağılanan türkcənin və türklərin durumunu bu şəkildə bəyan edər:
“Türk dilinə kimsənə baxmaz idi,
Türklərə hərgiz könül axmaz idi.”
Türk dövlətinin qurulmasında istisnasız olaraq bir ilkə keçərli olmuşdur. Böyük fədakarlıqlar qurulan dövlət türklərin əməyi, fədakarlığı, ölüb-öldürməsi üzərinə qurulub tamamlandıqdan sonra ərəb-fars kültür imperyalizminə peşkəş çəkilmişdir. Osmanlısına qədər böylə olmuşdur. Türk tarixinin ən uzun bölümünü oluşduran Osmanlı mənə görə dörd evrədən oluşmuşdur. İlk quruluş dövrü türk kimliyinə dayanmaqdadır. Dövləti quran Qayı boyu seçkinləri türkcə dışında dil bilməməkdədirlər. Bu üzdən milli türklük qüruru Osmanlı quruluşunda çox açıqca gözə çarpar. İkinci mərhələ ümmətçilik və ya ərəb kültür imperyalizminə təslim olaaraq xilafət saxtakarlığına keçməkdir. Onu da bəlirtmək gərəkir ki, İslamda xilafət deyə siyasi bir qurum olmamışdır. Quranda böylə bir şey yox. İslam siyasət və dünya işlərini insan ağlına buraxmışdır. Bu üzdən də Atatürkün laik uyqulamasının İslamiyyətlə heç bir çəlişkisi olmamışdır, yoxdur. Osmanlı sarayında yuvalanan ərəb çirkin kültürü türk millətinə çox zərər vermişdir. Bunu ən bariz şəkildə İsmayıl Bəy Qaspirali və Hüseyn Cavid açıqlamışdır. Cavid “İblis” əsərində açıqca yazır ki, Türk millətinin tarixdə qalması üçün öncə ərəb qafalı Osmanlını tarixdən siləcək bir qəhrəman çıxmalıdır. Bu qəhrəmanın özəlliyini 1918-ci ildə cavid bu şəkildə açıqlayır: Osmanlı sarayında yetişmiş hərbçi bir türk olmalıdır. Türklük bilinci olmalı və Osmanlının ərəb kültür imperyalizminə necə heyran olduğunu öz gözləri ilə görərək təcrübə etməlidir. Sonra bu ordu mənsubu türk, Osmanlı sarayından ayrılaraq türk millətini Osmanlının tarixi zehniyyətinə qarşı örgütləndirməli və Osmanlını devirməlidir. “Elxan” adlı karakteri “İblis” əsərində bu şəkildə təsvir edər. Çox maraqlıdır ki, Cavidin “Elxan” olaraq nitələdiyi qurtuluşçu şəxsiyyət tam da bir ildən sonra, 1919-cu ildə Mustafa Kamal adı ilə tarixə girər. Cavidin bu əsəri üzərinə yazdığım incələməmi buradan oxuya bilərsiniz: http://gencalpguntay.blogspot.fi/…/huseyin-cavidin-tsvir-et…. Osmanlının üçüncü evrəsi müsəlman ölkləri dışında xristian ölkələri də işğal etməsiylə başlar və bu mərhələdə “Osmanlı təbəəçiliyi”dir. Bu dövrdə türk təbəəsi dışında Osmanlı sarayı bütün digər təbəələrə sayqı ilə davranmışdır. Türk qadınının üzünə saray qapıları qapalı olmuşdur. Osmanlı ontologiyasının dördüncü evrəsi milli mərhələdir. 1838-ci ildən sonra başlar. Ziya Gökalp 1838-ci ilə, yəni Tənzimata qədər Osmanlını bir Şuubi-İran dövləti olaraq nitələr. Şuubilik haqqında burada bir araşdırmam var, oxuya bilərsiniz: http://gencalpguntay.blogspot.fi/2013/03/suubiy.html. Çünkü bütün yazışmalar və estetik yazı dili farsca idi. Lakin Batıdakı modernitə dalqaları Osmanlı ölkəsini də etkilər. Osmanlı yönətimindəki xalqlar istiqlal mücadiləsi başlatarlar. Türkdən başqa bütün xalqlar Osmanlıya xəyanət edər. “Türkün türkdən başqa dostu yoxdur” söyləmi də bu aralar meydana çıxar. Osmanlı ordusunda ayrılıqçı millətlərin mücadiləsinə qarşı təpki olaraq doğar türk milli düşüncəsi. Dövləti qurtaran və laik cumhuriyəti quran da bu düşüncə olar. Atatürkün “nə mutlu türküm deyənə” gibi hayqırışları 1000 il boyunca sürəkli aşağılanan türklərdə milli onur oyandırsın deyə ortaya çıxdı. Bu haqda bir sonrakı bölümdə bilgilərimi paylaşmağa çalışacağam.
Türk tarixinin və türkcənin ortada ən önəmli çağlarından biri Əmir Teymur dönəmidir. Son 1000 ildə fars dilində yazılan şeirlərdə türklər sürəkli aşağılanmışdır. Firdovsidən başlamışdır bu sürəc. Nizami, Xaqani, Mövlana, ... gibi böyük şairlərin əsərlərində türkləri aşağılamanın bəlirtiləri görülməkdədir. Nitəkim Nizamidə şahın məktubuna işarə edilərək
“Türk dili yaraşmaz, şah nəslimizə,
Türk dili əksiklik gətirər bizə” deyilməkdədir. Lakin Əmir Teymur dönəminin ən böyük farsca yazanı və dünya estetik anlayışını etkiləyən, Hötəni bilə öz təsiri altına alan Hafiz Şirazinin bütün şierlərində türk yüksəltilmiş və gözəllik anlamında qullanılmışdır. Olarca qəzəlində Hafiz Şirazi sadəcə türk sözünü istifadə edərək onu öyməmişdir, həm də tüm qəzəllərində dolaylı və dolaysız olaraq gözəllik anlayışını türk sözüylə bağlantılamışdır. Çox maraqlı deyilmi? Nədən əcəba? Çünkü Əmir Teymur dönəmində türkülük və türkcə yüksəltildi. Əmir Teymur tüm xatirələrini türkcə yazan tək türk dövlət adamıdır. Səmərqəndi böyük mədəniyyətlərin dialoq etdiyi mərkəzə dönüşdürmüşdü. Hafiz Şirazi də “Şiraz sənə darlıq edir ey Hafiz, Səmərqəndə gedəlim” deyə arzusunu bəyan edər. Teymur sənətkarlara böyük dəyər verirdi. Abdulqadir Mrağalı gibi böyük muğam və musiqi ustası da Teymur sarayında çox bəstələr etdi. Günümüzdə “rast”, “mahur”, “orta mahur” muğamlarında oxunan “hüseyniyyə” şöbəsini Abdulqadir Mrağalı sırf Teymur kədərinə bəstələmişdir. Teymurun ən çox sevdiyi nəvəsi Hüseyn gənc yaşda ölər və Teymur çox kədələnər. Marağlı bu kədəri hüseyniyyə adlı muğamda bəyan edər. Oysa Səfəvi yalanına sığınaraq Azərbaycanda Əmir Teymur düşmənliyi baş alıb getmişdir. Dünyanın ən yaraşıqlı gənci olan Əmir Teymuru “Nəsimi” filmində xoxana bənzətmişlər. Asif Əfəndiyev, Əzizə Cəfərzadə, Əlisa Nicat, ... gibi yazarlar Teymur düşmənliyi qusmuşlar. Azərbaycançılıq deyə saxta bir ideologiyanın kölgəsinə sığnaraq bütün türk tarixini qaralamağa çalışmışlar. Mən Osmanlını və ya Teymuru tənqid etmək olmaz deyə bir iddiada bulunmuram. Lakin bunlar bizim tariximiz. Öz tariximizi təqnid etmə yetisinə sahib olmalıyıq. Tənqid olmadan düşüncənin irəliləmədiyi gibi düşmənliklə də tarixin gerçəkləri kəşf ediləməz. Hər zaman ağlımda bu sual dolaşmış: Teymur bu Azərbaycaan xalqına nə kötülük etmiş? Ədəbiyatımızın şahlanış dövrü Teymur dönəmi deyilmi? Teymur xatirələrini türkcə yazan ilk imperatordur. Bunun üzərinə Əlişir Nəvai gibi Teymuri dövlətinin bilgəsi ortaya çıxaraq “Mühakimət-ul lüğəteyn” (iki dilin qarşılaşdırılması) kitabını yazdı və “ey türklər, sizin dilinizin məna bəyan etmə imkanı farscadan üstündür, niyə öz türkcənizdə yazmırsınızs?” deyə hayqırdı. “Leyli və Məcnun” əsərini də türkcəni bu şəkildə öyərək yazar:
“Çün farsi ərdi nüktə zövqü,
Azraq idi onda türk zövqü.
Mən türkücə başlayıb hikayət,
Qıldım bu fəsanəyi rəvayət.
Çünkü şöhrəti kim cahana dolqay,
Türk illigə daxi fayda bolqay.”
Bu misraları yazmasının səbəbi Əmir Teymurun türkcəyə verdiyi önəm idi. M. Füzuli də Əmir Teymur bərəkətinin yetişdirməsidi. Çünkü Füzuli də Əlişir Nəvai məktəbinə mənsubdur. Yaradıcılığının böyük bir qismi Nəvaidən iqtibasdır. Məsələn Leyli və Məcnun əsərini də Füzuli Nəvaidən iqtibas edərək yazmışdır. Hətta eyni Nəvainin yazdığı “məfulu məfailun fəulun” vəznində yazmışdır. Füzuli də türkcə heyranıdır. Füzuliyə görə də türk kökənli Osmanlı, Səfəvi və Babürlərin dünyanı yönətmələrinə qarşın, türkcə xərabəzarlığa dönüşmüş və sahibsiz qalmışdır. Türkcə yazan Füzulinin aylıq maaşı bilə Osmanlı rüşvətxorları tərəfindən ödənmədiyi üçün “Şikayət namə” deyə Sultan Süleymana bir məktub yazar. Onun bu məktubu türkcəmizin keçmişi baxımından da çox önəmlidir. “Salam verdim rüşvət deyildir deyə almadılar” gibi xalq deyiminə dönüşmüş cümlə də bu məktubda ilk keçər. Farsca divanının əvvəlində kəndsinin yazdığı üzərə sonunda bir aristokrat fars qızının dəstəyi ilə həyata tutunaraq türkcəni yüksəltmə gibi intelektual bir mücadiləyə başlar. Füzuli böyük iradə ilə ortaya çıxan və sahibsiz qalaraq xərabəzarlığa dönüşən türk dilini təmir etmə görəvini öz üzərinə alan bir qəhrəmandır. Xərabəzarlığa dönüşən türkcəni Allahın yardımı ilə təmir edərək gülüstana çevirmək istər. Bu yolda qalib olacağından da əmindir:
“Təmiri-xərabə talibəm mən,
İnşaallah ki, qalibəm mən”
Və tam da Nəvai gibi deyir ki, farscada leyli-məcnun çox yazılmış, artıq türkcədə də yazılmalı:
Leyli-məcnun əcəmdə çoxdur,
Türklərdəsə bu fəsanə yoxdur.”
Yorucu olmasın deyə Səfəvi sonrası və modern çağı 3-cü və 4-cü bölümlərdə bəyan etməyə çalıəşacağam.
İkinci bölümün sonu...