Komandoların komandosu - Bordo berelilər
19-07-2017, 00:11
teref.az sizi xüsusi təyinatlılarla tanış etməkdə davam edir:
Komandoların komandosu
Türkiyə Silahlı Qüvvələrinin «Bordo berelilər» adlanan məşhur xüsusi təyinatlıları da mövcuddur. Türkiyədə təhsil almış Azərbaycan hərbçilərinin «komandoların komandosu» adlandırdıqları «Bordo berelilər» digər komando birliklərindən hazırlıqları, təlim və bacarıqları ilə fərqlənirlər. Bu komando birlikləri tamamilə kiçik zabitlərdən və gizirlərdən formalaşdırılır. Könüllülük əsasında seçilən xüsusi təyinatlılar üç il ərzində çox ağır təlimlərdən keçməlidirlər. Onlar ölkə daxilində 72 həftəlik təməl kursu, daha sonra ixtisaslarına uyğun olaraq Türkiyədə və xarici ölkələrdə 10-52 həftə arası ixtisas təlimləri alırlar. «Bordo berelilər»in adı Milli İstihbarat Təşkilatı (MİT) tərəfindən qorunur.
Kurslarda «bordo bereli» olmaq istəyən namizədlərə hərbi təlimlər, əlbəyaxa döyüş, uzaqdan kəşfiyyat, düşmən arxasına keçmə, tanıma, həyatda qalma, qaçış, atəş hazırlığı, psixoloji hazırlıq, paraşüt, amfibiya, qeyri-nizami döyüş və s. aşılanır. İxtisasartırma kurslarında isə onlara istehkam, ilkin yardım, partlayıcıların və minaların zərərsizləşdirilməsi, yüngül və ağır silahların öyrədilməsi, kəşfiyyat və s. öyrədilir. Xaricdə isə onlar əsasən reyncer, hava desant, mülki işlər, ictimaiyyətlə əlaqələr, psixoloji hazırlıq və s. kursların iştirakçısı olurlar. «Bordo berelilər»in hamısı yaxşı paraşütçü sayılır, həmçinin müxtəlif xarici dillərdə mükəmməl danışmağı bacarırlar.
Qeyd edək ki, müxtəlif dövrlərdə xüsusi təyinatlı qüvvələr arasında keçirilən yarışmalarda türk «Bordo berelilər»i «Amor» və «Delta Forçe»dən üstün nəticələr nümayiş etdiriblər. Almaniya, Fransa və s. Avropa dövlətlərinin xüsusi təyinatlıları «Bordo berelilər»in təlim məşqlərinin 30%-ə qədərini keçirlər. Türkiyə «Bordo berelilər»i 2004-cü ildə Almaniyada keçirilən Dünya Xüsusi Təyinatlı Qüvvələri çempionatında 26 ölkənin xüsusi təyinatlıları arasında birinci yerə çıxıb. «K.loca» adlı qıfılı «Delta Forçe»də daxil olmaqla əksər ölkələrin xüsusi təyinatlıları 10,13 saniyəyə açdıqları halda, «Bordo berelilər» bunu 7 saniyəyə açaraq dünya rekordunu özlərində saxlayıblar.
«Bordo berelilər»in özəl xüsusiyyətlərindən biri də lazım gələrsə, öz yaxınlarını belə öldürə bilmələridir. Onlar hətta komandirləri belə «məni vurun!» desə bunu sözsüz yerinə yetirirlər.
PKK sığınacaqlarının birinin divarında türk xüsusi təyinatlıları ilə bağlı belə bir yazılara rast gəlinir: «Əgər bir əsgər sizə dayanmadan atəş açırsa, bilin ki, o gənc və təcrübəsizdir. Gözləyin gülləsi bitsin və gedib qafasına sıxın! Əgər biri sizi gördüyü zaman atəş açır, daldalandığınız zaman durursa, o bir komandodur. Qaçıb canınızı qurtarın!
Əgər sizi gördüyü zaman ortadan qeyd olmuşsa və ətraf səssizsə bilin ki o, «Bordo bereli»dir. Narahat olmayın o, sizi tapacaq».
Türkiyə ordu xüsusi təyinatlıları Foçada və Eğirdir Dağ Komando Məktəbində təlim alırlar. Təlimlərin 90%-i çətin şəraitdə və 60%-i gecə şəraitində keçirilir.
Türkiyə komandolarının əməliyyat zamanı daşıdığı yükün çəkisi 40 kq-dan çoxdur. Bunun 30 kq-nı yatacaq, yemək və sursat, 10-kq-nı isə silahları təşkil edir. NATO standartlarında hər biri ən azı 40 kq yük daşyıan komando saatda 4 km məsafə qət etdiyi halda, türk komandoları 7 km məsafə hərəkət edir. Türk komandosunun gündəlik qidalanma rasionu 5 min kilokaloridir. Şəxsi heyəti 27 nəfərdən ibarət olan bir komando tağımı gün ərzində 30-40 kq yüklə orta hesabla 30 km məsafə qət edə bilir.
Türk Silahlı Qüvvələrində komando birlikləri G3, G41, HK33, M16 tüfəngləri, Browning, Colt, Astra tapançaları, HK MP5 tapança pulemyotu, M4A1 Carabine, M4A1 Commando, karabinləri, Kanasa, Accuray qumbaraları, Mc.Millan snayperi, 60 mm çaplı Komando minaatanı, RPQ-7 qumbaraatanı, PKMS, HK23, MG-3, M-60 pulemyotları, SAW, M240 yüngül pulemyotlar, Browning ağır pulemyotları və 40 mm-lik qumbaraatanlarla təchiz olunur.
Komando birlikləri qarşılarına qoyulmuş vəzifələrə görə, lazer tuşlayıcı, gecə görmə gözlüyü, gecəgörmə durbini, termal kamera, «Nikon» əl durbini, işarə tapançası, duman şaşkaları, əl radiostansiyaları, GPS və s. istifadə edirlər.
Abuzər Əbilov-silah mütəxəssisi
ardı var