​Qarabağda ermənilərin gözlədiyi 11-ci qızıl ordunun ayaq səsləri...

20-11-2017, 08:01           
​Qarabağda ermənilərin gözlədiyi 11-ci qızıl ordunun ayaq səsləri...
Zahid Oruc

Rusiyada və keçmiş sovetlər məkanında Böyük oktyabr sosialist inqilabının 100 illiyi ilə bağlı hərəkata yerli televizya kanalları da töhfə verməyə çalışır.Necə də olsa,Xankəndində rəsmi olaraq,müasir kommunistlərin lideri Züqanovdan şəxsən müxtəlif orden və medallar alan keçmiş bolşevik ataların monolit bir dəstəsi fəaliyyət göstərir və onların tarixi gününə ögey münasibət bəsləmək hörmətsizlik olardı.
Nə olsun indiki quruluşun adını demokratik,yaxud millətçi və ya liberal adlandırırlar,məgər elə Bako Saakyanın özü,yaxud onun silahdaşları keçmişdə qırmızı partiya biletlərini gəzdirməklə fəxr etmirdilər?Axı onsuz da Qarabağda elan olunan siyasi sistemin birbaşa Ermənistanın daxili və xarici aləmlə münasibətlərinin təkrarına,dublikatına çevrildiyini, gerçək xalq kütlələrinin istək və arzularını özündə əks etdirmədiyini hər kəs yaxşı bilir.Belə olan halda,Lenin ideallarına sədaqət göstərənləri hansı haqla çıxdaş edib onları müstəqilliyin əleyhinə fəaliyyət göstərməkdə günahlandırmaq olar?
7 noyabrda Qarabağ televiziyasının obyektivinə düşən iki yaşlı erməninin şanlı sovet keçmişindən bəhs etmələri,orta və gənc nəslin,xüsusilə də bloqosfer dünyasında klaviatura arxasında əyləşən virtual qəhrəmanların bərk qəzəbinə tuş gəlib.Nə olsun,köhnə sinfin qalıqları kimi onlar müasir kommunikasiya inqilabının məhsullarından istifadə edə bilmirilər,hər halda oğullar atalarını mühakiməyə qalxırsa,hakimiyyət orqanları və məxfi mərkəzlər,xüsusilə də Kremlin yerli kuratorları informasiya məkanını intensiv müşahidə altında saxlayarkən belə ideoloji konfrontasiyanı yaxşı görürlər axı.Əslində, Əskəranda yaşaraq,azərbaycanlı adını yaşayış məntəqəsinin üzərindən götürməyənlər,artıq 90-cı illərin ilğımına çevrilən müstəqillik hərəkatının nəticəsində nimdaş evləri,ağır sosial həyatları və itirilmiş gələcəkləri ilə sanki ətrafa,bütövlükdə bölgəyə və dünyaya siqnal verirlər.Onlar 11-ci Qızıl ordunu gözlədiklərini açıq dilə gətirəndə qətiyyən beyinləri yuyulmuş, yaxud,hər gün izlədikləri Rusiya televiziya kanallarından aldıqları abu-havanın girovluğunda hərəkət etmirlər.
Doğrudur,hər gün Azərbaycan düşmənçiliyi təbliğatı altında oğullarını səngərə ürəklə göndərən bir nəsil də mövcuddur,lakin nə vaxta qədər analar öz övladlarının gələcəyini müharibənin qorxusu və xofu altında planlaşdırmalı olacaqlar?Heç bir siyasi rəhbər,yaxud xarici vasitəçi savaşın nə zaman başa çatacağını söyləmir və belədə Əskərən,yaxud Şuşada kiminsə qalxıb 100 il əvvəlki dövrün xiffətini eləməsini necə süngü ilə qarşılamaq olar?
11-ci Qızıl Ordunu Xankəndində gözləyən kommunistləri günahlandıranlar, üzlərini Abşeron yarımadasına çevirib bir neçə kəlmə də rəsmi Bakının ünvanına ittiham yağdırırlar.Necə deyərlər,bu artıq özünüqoruma istinkti,yaxud “postkonflitk sindromu”dur.Hər yerdə azərbaycanlı obrazı ilə savaşmaq artıq qana keçib.Ancaq Rusiyadana fərqli olaraq,Bakı özünə lazım olan proqramlaşdırılmış ermənilərin Dağlıq Qarabağın içərisinə ata bilmədiyindən sonuncu bolşevik təxribatını başqasının üzərinə yıxmağına dəyməz. Amma sosial şəbəkədə məhkəmə quranların əsas hədəfləri son bir əsrdə kardinal şəkildə dəyişən regional və beynəlxalq proseslər,erməni millətinin taleyini tərəziyə qoyanlar və mərkəzi hakimiyyətdir.
Məsələn,biri yazır ki,xilaskar qırmızı ordunu gözləyənləri güllələmək lazımdır.Çünki belələri xalqda təslimçilik hissini gücləndirir.Başqa birisi, qarabağlıların əvvəlcə çara,sonra bolşeviklərə,sonda Putinə olan məhəbbətlərini əbədi xəstəlik hesab edir,lakin aprel ayından sonra Rusiya rəhbərinə qarşı çıxanların da sayının artdığını etiraf edir.Üçüncülər isə,öz həmyaşıdlarına üz tutaraq,Naxçıvandan Sumqayıta və digər şəhərlərə qədər,etnik təmizləməyə məruz qaldıqlarını unudan soydaşlarına keçmiş kommunist milli rəhbərlərinin qanlı əməllərini heç vaxt yaddan çıxarmamağı məsləhət görürlər.
Hər halda Qarabağ ermənisinin mənəvi-psixoloji aləmində böyük təbəddülatlar baş veir və tribunadan on illərlə aparılan bəlağətli dövlətçilik təbliğatı,şanlı keçmiş haqda beyinlərə yeridilən saxta ideallar çat verir,spam yaradır və sosial evtanaziyaya məruz qalmış cəmiyyəti əvvəlki kimi əsarətində saxlaya bilmir.
Hər halda ordunu dövlətin əsasına qoymaqla,adamlar evlərində özlərini hərbçi kimi aparmayacaqlar.Çan Kayşidən tutmuş böyük Maoya qədər,şanlı Çin kommunist liderlərinin hamısı belə mlitarizm siyasətinə əl atıb qədim bir xalqın timsalında daim vuruşlara hazır olan millət yetişdirə bilmədilər.Axı erməni gəncinin söydüyü atası 100 il əvvəlki inqilab qatarına elə-belə minməmişdi.
11-ci Qızıl Ordunu Bakıya yönəldən təkcə Lenin deyildi.Sergey Mironoviç Kirovun da daxil olduğu inqilab komitəsinin Şərq cəbhəsindəki silahlı dəstələri o vaxtlar ağ qvardiyaçıları Şimali Qafqaz torpaqlarında təmizləməklə məşğul idilər və onları neft Bakısına israrla dəvət edən,sonralar gedib birbaşa komandan Levandovski ilə hərbi yürüşə qatılmaq razılığını alan məşhur bolşevik Anastas Mikoyan idi.Unutmaq olmaz ki,Azərbaycanda sovet hakimiyyətini qurmağa qalxan yerli bolşeviklərin içərisində hər millətin nümayəndəsi vardı.Lakin 28 apreldə paytaxta daxil olan Qızıl Ordu əskərləri cəmi bir neçə gün sonra üzü Qarabağa doğru irəlilədilər.O zamanlar Azərbaycan ordusu tərəfindən güclü zərbələrə məruz qalan daşnak hərbi birləşmələri 5 mayda Xankəndində silahı yerə qoyaraq,müqaviməti dayandırmağa məcbur olmuşdular.Çünki davam edən müharibəni 11-ci Qırmızı Ordudan savayı heç bir qüvvə durdura bilməzdi.
Lakin zaman keçəcək,birinci dünya müharibəsinin nəticəsində dağılan üç imperiyanın yerində qurulan dövlətlər,o cümlədən, Sovetlər Birliyi və Türkiyə Cümhuriyyətinin yeni liderləri tərəfindən sərhədləri cızılan Qafqaz dövlətləri həmin xilaskar ordulara rəhbərlik edən şəxslərin kütləvi terroruna məruz qalacaqdılar.Bir vaxtlar Mahaçqaladan Bakıya zirehli qatarın üstündə gələn Mikoyanın karyera çarxı irəlilədikcə,onun təkcə azərbaycanlılara qarşı deyil,mənsub olduğu xalqa da necə divan tutduğunu indi onun soydaşları yaxşı bilir.
1937-ci ilin represiya vəhşətində NKVD-rəhbəri Yejova müraciət edən Anastas Mikoyan Ermənistanda antosovet ünsürlərindən və daşnaklardan 1500 nəfərini güllələməyə icazə istəyir.Həmin qanlı sənəd orijinal nüsxədə indi hər kəsin tanış ola biləcəyi resurslarda yerləşdirib və 22 sentyabr 1937-ci ildə ölüm makinasının ağzından çıxan fərmanla hamı tanış ola bilər.Tarixin gizli hücrələrindən ermənilərin öz əlləri ilə öz başlarının kəsilməsinə dair yüzlərlə belə səhifələri tapıb ortaya qoymaq mümkündür.Şübhə edənlər varsa,birinci dünya müharibəsindən sonra Ermənistana hərbi və siyasi rəhbərlik edən şəxslərin yazışmalarını,yaxud bolşevik sıralarında Stalinin çevrəsində yüksək vəzifələr tutan adamların hərəkətlərini izləsələr,buna əmin olacaqlar.
11-cı Qızıl Ordunu gözləyən Qarabağ ermənisini düşmən elan etməyə tələsənlər,bir gün qapılarında xarici qoşunları gül-çiçəklə qarşılamağa qalxanda heç kəs təəccüblənməyəcək. Çünki Ermənistanın hər yerində baş qaldıran qəbir daşları bir vaxtlar boy verib ölü millətin sükut hayqırtısına çevriləndə, sarkisyanlar arxalarında nə boyda məzarlıq qoyub getdiklərini yaxşı görəcəklər!

Zahid Oruc, Millət vəkili
Zahid Oruc - yazarın arxivi












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.