Mərkəzi Asiyada yeni münaqişə mənbəyi - Su axarları uğrunda gərgin mübarizə başlayır
23-08-2015, 12:51
Mərkəzi Asiyanın bütün tarixi münaqişələrlə, o cümlədən müxtəlif dövrlərdə burada yaşamış etnik qruplar arasında ixtilaflarla zəngin olmuşdur. Münaqişələrin yaranma formaları əhəmiyyətli dərəcədə dəyişsə də, regionun müasir tarixi bu baxımdan istisna deyil. Mərkəzi Asiyada bir çox münaqişələr etnik xarakter daşımışdır, daha doğrusu, müxtəlif etnik icmaların divergent maraqlarının toqquşması formasında baş vermişdir. Lakin bu münaqişələr heç də həmişə belə müxtəlif etnik kökə malik olmamışdır. Əksər hallarda münaqişələrin kökündə resurslar, xüsusilə su ehtiyatları uğrunda mübarizə üstünlük təşkil etmişdir.
Su və enerji problemi, daha dəqiq desək, sərhədyanı su hövzəsindən enerji və kənd təsərrüfatı məqsədləri üçün istifadə zamanı meydana gələn ziddiyyətlər Mərkəzi Asiya bölgəsində regional əməkdaşlığın əsas münaqişə istiqamətlərindən birini təşkil edir. Bu ziddiyyətin episentrində Mərkəzi Asiyada su istehlakında əsas paya malik olan Özbəkistanın Tacikistan və Qırğızıstan ilə münasibətləri dayanır. Belə ki, qeyd edilən ölkələr enerji üzrə istehsal gücünü artırmağa və onun regionun hüdudlarından kənara ixracı üçün münbit şəraitin yaradılmasına çalışırlar. 1990-cı ilin ortalarından başlayaraq Tacikistan və Qırğızıstan kimi "dağlıq" ölkələr və onların "düzənlik" qonşusu olan Özbəkistan, Türkmənistan və Qazaxıstan arasında maraq münaqişəsi davamlı formada artmağa başlamışdır. Bu münaqişəni nə özbək karbohidrogen ehtiyatlarının güzəşt əsasında tədarükü, nə DSTKK-nın (Dövlətlərarası su təsərrüfatının koordinasiyası komissiyası) vasitəsilə illik su istehlakı balansının optimallaşdırılması, nə də ötən onilliyin ortalarında regional su və enerji konsorsiumunun yaradılmasına edilən cəhdlər hesabına hələ ki, həll etmək mümkün olmamışdır. Başqa sözlə, Mərkəzi Asiyada sərhədyanı su ehtiyatlarından enerji və aqrar məqsədlərlə istifadə zamanı yaranan ziddiyyətlərin kompleks tənzimlənməsinin Avrasiya İqtisadi Birliyinin xətti ilə ikitərəfli əsasda qəbul edilmiş və regiondan kənar strukturların cəlb edilməsi hesabına 2002-ci ildən onun genişləndirilməsi kontekstində bütün formatlar qapanmışdır.
Lakin ötən beş-altı ildə Özbəkistan və onun "dağlıq" qonşuları (xüsusilə Tacikistan) tərəfindən "su problemi" qabardılaraq silahlı qarşıdurma həddinə çatdırılsa da, real hərbi münaqişədən qaçmaq mümkün olmuşdur. İndiki mərhələdə isə münaqişəli vəziyyət müxtəlif regional və regiondan kənar qüvvələrin qarşılıqlı əməkdaşlığı xüsusiyyətini almışdır. Bu qüvvələr əksər hallarda gərginliyin kortəbii idarə olunmasından qaçmağa çalışırlar.
Bütövlükdə müasir mərhələdə Mərkəzi Asiya dövlətləri arasında su və enerji münasibətlərində potensial münaqişələrin konservasiyası baş verdi. Belə vəziyyətlər üçün isə adətən "dağlıq" və "düzənlik" ölkələr arasında xarakterik olan ənənəvi qarşıdurmanın "çiçəklənməsi" halı xarakterik olur. Xarici investisiyaların cəlb edilməsi məqsədilə Tacikistan artıq iki ildən çoxdur ki, Dünya Bankının xətti ilə Roqun layihəsinin ekspertizasının nəticələrini gözləyir. Özbəkistan isə xarici ekspertləri cəlb etməklə sudan aqrar məqsədlərlə istifadə edilməsinin modernizasiyası və öz qonşularının yürütdüyü siyasətin ekoloji nəticələrinin kütləvi tənqidi taktikasını seçmişdir. Ona görə də, özbək-tacik və özbək-qırğız münasibətlərində yüksək səviyyədə təzadların mövcud olaraq qalmasına baxmayaraq, bu münasibətlərin inkişafı beynəlxalq vasitələrin iştirakına mütəmadi razılığın verilməsi yolu ilə öz məcrasına yönəlməyə başladı.
Cəlb edilmiş beynəlxalq iştirakçıların əhatə dairəsinin genişləndirilməsi fonunda Mərkəzi Asiyada su və enerji münasibətlərində yeni formatın axtarışı baş verir. Bu tendensiya yalnız Tacikistan və Özbəkistanın ATƏT, Aİ və BMT-də özlərinin rəqabətli mövqelərinin qorunub saxlanması ilə deyil, həm də ABŞ və ÇXR-in aktivliyinin artmasını şərtləndirmişdir. Amerika tərəfi üçün isə bir neçə məsələ xarakterikdir:
I) Su münaqişəsinin tezliklə zəruri olaraq güc fazasına daxil olmasına dair ictimai həyəcanın verilməsi;
II) Taciklərin Roqun SES-nin tikintisi və Əfqanıstan istiqamətində ixracı planına siyasi dəstək;
III) Tacikistanın su və enerji məsələlərinin Mərkəzi Asiya regionunun parçalanması strategiyası ("Böyük Mərkəzi Asiya" planı) kontekstinə daxil edilməsi.
Çin bu məsələlərdə hələ ki, daha çox praqmatik mövqeyə üstünlük verir. Eyni zamanda, Qazaxıstanla su bölgüsü üzrə mübahisəli anların müzakirəsindən yayınmaqla, həm də kiçik hidroenerjinin inkişafı kursunda xüsusilə Tacikistana maliyyə dəstəyini artırmaqla əsas regional qarşıdurma problemindən uzaqlaşmağa çalışır. Bununla belə, Mərkəzi Asiyada su məsələsində Çinin təmkinliyi Sintszyan regionunun su ilə təmini üçün sərhədyanı çaylardan su ehtiyatının formalaşdırılmasında maraqlı olması ilə əlaqədardır. Qeyd edək ki, Sintszyanın su ilə təmini məsələsinə ortamüddətli dövrdə baxılması nəzərdə tutulur.
Mərkəzi Asiya ölkələrini əhatə edən İslam dövlətlərinə gəldikdə isə, su və enerji sferasında real münasibətlər yalnız İran-tacik əməkdaşlığı üzrə mövcuddur. Lakin Tacikistanın İran qarşısında gecikmiş borc öhdəliyinin (12 mln. dollardan çox) olması buna maneə yaradır. Belə ki, Sanqtudin SES-in tikintisinə və enerji istehlakına başlanması zamanı İran tərəfinin Roqun layihəsinin iri sərmayədarı olmasından imtina etməsi, İran-tacik enerji mübadiləsində qaydaların işlənilməsi zamanı fikir ayrılığının yaranması və həmçinin İranın E.Rahmonun ABŞ-la isti münasibətlərindən narazı olması bu borc öhdəliyinin yaranmasına səbəb olmuşdur.
Mərkəzi Asiya ölkələrinin Əfqanıstan və Pakistan ilə energetika sahəsində həm ikitərəfli və həm də çoxtərəfli əməkdaşlığı potensial olaraq qalır və uzun illərdir ki, hazırlıq mərhələsindədir. 2013-cü ilin sonunda Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı (MARİƏP) çərçivəsində Qırğızıstandan və Tacikistandan Əfqanıstan və Pakistana 970 kilometrlik ötürücü xəttin tikintisinin başlanması təklif edilmişdir. Lakin Asiya İnkişaf Bankı layihənin maliyyələşməsində iştirakını hələ təsdiq etməmişdir. Layihənin həyata keçirilməsi üçün isə Dünya Bankı və İslam İnkişaf Bankı tərəfindən maliyyələşmə kifayət deyildir.
Belə bir şəraitdə Mərkəzi Asiyada su və enerji resursları sferasında münasibətlərin qloballaşması tendensiyasının dərinləşməsinə baxmayaraq, son illər regional "su problemi"ndə münaqişə potensialı azalmamış və onun yaxın gələcəkdə həlli mümkün deyildir. Həm əsas və həm də dolayı beynəlxalq iştirakçıların (məsələn, "Mərkəzi Asiyada su təşəbbüsləri" çərçivəsində Almaniyanın xarici işlər naziri və ya Tacikistanda iki orta güclü SES-in tikintisi planını yaxın keçmişdə bəyan edən Hindistan şirkəti) güclərini diversifikasiya etməsi, bir sıra qlobal ekoloji layihələrin reallaşmasında iştirak faktoru və digər müasir təşəbbüslər regionda su və enerji probleminin köklü həlli üçün kifayət deyildir.
Eyni zamanda, su və enerji sahəsində əməkdaşlıq üzrə xarici iştirakçıların aktivləşməsi birmənalı nəticələrə gətirib çıxarmamışdır. Mərkəzi Asiyanın "dağlıq" və "düzənlik" ölkələri ilə əməkdaşlığın qurulması şərtləri hazırda hipotetik olaraq qalır. Eyni zamanda, beynəlxalq layihələrdə iştirak isə faktiki olaraq su və enerji ixracından əldə ediləcək mənfəət üzərində ənənəvi mübarizəyə yönəldilir. Başqa sözlə, Mərkəzi Asiya ölkələrinin resurs potensialı sferasında münasibətlərdə konflikt spektrinin genişlənməsi prosesi inkişaf edir, ortamüddətli dövrdə isə regionda fikir ayrılığının dərinləşməsi riski güclənir.
Ümumilikdə Mərkəzi Asiyanın su və enerji problemi strateji və taktiki xarakterli kompleks çağırışlar formalaşdırır. Bu çağırışlar isə öz növbəsində iri masştablı maliyyə xərcləri və aqrar sferanın su təchizatında radikal innovasiyaların tətbiq edilməsini tələb edir. Bu səbəbdən təbii və ya iqtisadi amillərin dəyişməsi zamanı istənilən layihə həm də ən azı beş il müddətinə həyata keçirilə bilən iri həcmli investisiya qoyuluşunu zəruri edir. Eyni zamanda, regional su resurslarının çoxtərəfli əsasda idarə edilməsi və tənzimlənməsində mövcud olan mürəkkəbliklər nəzərə alınmalıdır. Su resurslarının idarə edilməsi üzrə çoxtərəfli strategiyanın razılaşdırılması sahəsində mövcud olan məhdudiyyətlər region ölkələrin daxili siyasi problemlərini əhəmiyyətli dərəcədə artırır. Bu ölkələrdən hər birində həm cari şəraitdə və həm də inteqrasiya dəyişiklikləri prosesində xalis korporativ üstünlüyün əldə edilməsində maraqlı olan qruplar formalaşıb. Bu vəziyyət ixtisaslaşmış Mərkəzi Asiya təşkilatlarının adekvat hazırlığının olmaması şəraitində uzun müddət qorunub saxlanılacaq. Həmçinin şaquli idarəetmənin sərtliyinə baxmayaraq, prezident komandası səviyyəsində nail olunmuş çoxtərəfli kompromis danışıqlar hakim dairə olan "orta təbəqə"də narazılıq yaratmaqla hakimiyyətin yuxarı eşelonunda klanlararası rəqabəti kəskinləşdirəcək.
Hazırda postsovet dönəminin ilk illərindən başlayan su resurslarının ölkələr arasında "özəlləşdirilməsi" tendensiyası da güclənməkdədir. Bu planda əsas yeni məqama nümunə kimi:
ı) su və enerji resursları sahəsində region ölkələrinin mövqelərinin razılaşdırılması və qazax, tacik, qırğız və özbək strukturlarında əlaqəli müqavilələrin intensivləşdirilməsi prosesinə Qazaxıstanın daha çox cəlb edilməsi;
ıı) Özbəkistanın Tacikistan və Qırğızıstan ilə öz fikir ayrılığını maksimum dərəcədə qloballaşdırmağa can atmasını göstərmək olar.
Qeyd edək ki, Tacikistan və Qırğızıstan tərəfindən bu istiqamətlərdə həyata keçirilən layihələrin ekoloji baxımından diskreditasiyasına can atan Özbəkistan həm də iri bəndlərin tikintisinə də birbaşa qadağalar qoymuşdur. Xarakterik haldır ki, Tacikistan Roqun SES-in ekoloji məsələsində informasiya müharibəsində tədricən uduzur və Sarez dənizində ekoloji riskə həsr edilmiş müzakirələrdə üstünlüyünü əhəmiyyətli şəkildə itirməyə başlamışdır.
Mərkəzi Asiyada su və enerji problematikası üzrə siyasətin formalaşmasına dair mövcud vəziyyətdən çıxış edərək sudan regional istifadədə mövcud olan ziddiyyətlərin həllində prioritet yanaşma kimi ikitərəfli əsasda profilli əməkdaşlığa baxılması məqsədəuyğun olardı. Eyni zamanda, nəzərə almaq lazımdır ki, Mərkəzi Asiya sərhədyanı su hövzəsinin tənzimlənməsi üzrə "dağlıq" ölkələrdə enerji istehsalının artırılması ilə əlaqədar yeni layihələrin həyata keçirilməsi ən azı ikiillik müddətə dövlətlərarası səylərin razılaşdırılmasını tələb edir.
strateqaz