"Arif Əşrəfov deputatdır? Google-də şəkli-filan varmı, heç olmasa?" - Jurnalistlər deputatı "topa tutdular"

31-08-2015, 21:14           
"Arif Əşrəfov deputatdır? Google-də şəkli-filan varmı, heç olmasa?" - Jurnalistlər deputatı "topa tutdular"
Editor.az qanunverici orqan-Milli Məclis üzvlərinin fəaliyyətinə "dördüncü hakimiyyət" təmsilçiləri-jurnalistlərin mövqeyini əks etdirən "Deputat kürsüsü" rubrikasını davam etdirir. Bu dəfə rubrikanın qəhrəmanı 55 saylı Xaçmaz şəhər seçki dairəsindən deputat Arif Əşrəfovdur.

Famil Cəfərli("Virtual Azərbaycan"-virtualaz.org):

"İmam Hüseyn və Əbülfəzl Abbas haqqı, Arif Əşrəfov adlı deputatın mövcudiyyətindən indi sizin sayənizdə məlumatlı oldum ki, buna görə də sizə və saytınıza dərin təşəkkürümü bildirirəm. O Arif Əşrəfov dediyiniz deputat Azərbaycandadır? Neçə yaşı var? Və s."

Aqil Ələsgər("Yeni Çağ" qəzeti-yenicag.az):

"Arif Əşrəfov? O kimdir? Vallah mən 15 ildir siyasi jurnalistika ilə məşğulam. Vallah da, billah da adını indi eşidirəm. Doğrudan bu adda deputat var? Google-də şəkli-filan varmı, heç olmasa?"

Elməddin Muradlı("Üç Nöqtə" qəzeti):

"İnanın ki, onu şəxsən tanımıram. Deputatların arasında da desəniz, Arif Əşrəfovu göstər, göstərə bilmərəm.. Ancaq, üzdən görsəm, deyə bilərəm ki, deputatdır. Üz-üzə gəlmişik, parlamentdə, amma nə vaxtsa çıxış etdiyini görməmişəm. Səhv etmirəmsə, bir dəfə parlamentdə iclas vaxtı onun adını çıxış edənlər siyahısında tabloda gördüm. Amma onda da deyəsən növbə çatmadı"

Aqil Lətifov( "Gündəlik-Teleqraf" qəzeti):

"Ümumiyyətlə, desəm ki, Arif Əşrəfovun adını ilk dəfədir eşidirəm, bir o qədər də yanlışlığı yol vermiş olmaram. Çünki Arif müəllim deputat fəaliyyəti ilə heç də bir media təmsilçisi kimi mənim diqqətimi çəkməyib. Yəni nə onun Milli Məclisdə hansısa bir çıxışının, nə də ki, digər fəaliyyətinin şahidi olmuşam. “Media təmsilçisi kimi mənim diqqətimi çəkməyib” cümləsini ona görə işlətdin ki, əgər bu beş il ərzində o, özünü bizə tanıda bilməyibsə, bəs görəsən seçicilərə, sadə xalqa necə tanıdıb? Deməli Arif müəllim geridə qoyduğu bu beş il ərzində heç millətinin vəkili də ola bilməyib. Mən deputatları fəaliyyətinə görə bir neçə yerə bölürəm: çox fəal deputatlar, fəal deputatlar, qismən fəal deputatlar və passiv, danışmayan, nəhayət, tanınmayan deputatlar. Nəhz Arif müəllimi sonuncu qəbilə daxil edərdim".

Mahir Məmmədli(APA TV)

"Arif Əşrəfov... Arif Əşrəfov... Xatırlaya bilmədim. Cüzi fəaliyyəti olsaydı, yəqin ki, ən azı adını eşidərdim. Amma bu deputatın adını da eşitməmişəm. Allah seçicilərinə səbr versin..."

Zaur Əhməd(Müstəqil İnformasiya Agentliyi-mia.az):

"5 ildə birinci dəfədir adını eşidirəm. Hər hansı bir fəaliyyətini görməmişəm. Belə demək mümkündür ki, əsas məşğuliyyəti 5 il Milli Məclisdə bir yeri "zanit" eləmək olub".

Əlişir Əhəd("Tribuna" İnformasiya portalı-tia.az)

Mən sizə minnətdaram ki, belə bir deputatın mivcudluğu haqda məlumat verdiniz.. Məlumatım olmadığı deputat haqda fikir söyləyə bilmərəm. Amma bir onu arzu edirem ki, növbəti parlament seçkilərində belə deputatlardan Allah bizə qismət etməsin. Hansısa qanunvericilik təşəbbüsündə səsi çıxmayan deputatı banqladeşlilər də arzulamazlar".

Nahid Canbaxışlı(Veteninfo.az İnformasiya portalı):

"Əslində Arif Əşrəfovla bağlı elə də çox məlumata malik olmadığım kimi, eyni zamanda onun parlamentdə də aktiv olmayan millət vəkili kimi tanımışam. Amma maraqlı bir məqam var ki, Vətəninfo.az saytı keçirdiyi sorğuda bu millət vəkilinə yüksək səs gəlibş. Bu da ola bilsin həmin millət vəkilinin çevrəsindəki insanların virtual aktivliyi ilə bağlıdır".

Zaur Rəsulzadə(Haqqın.az portalı)

Vallah tanımıram, heç üzünü görsəm tanımaram... Amma sizin sayta halal olsunki, bu deputatları tapırsınız..."

Vasif Həsənli( Publika.az İnformasiya Agentliyi)

"Səmimi deyim ki, mən bu deputatın fəaliyyətini görməmişəm. Ola bilər ki, seçildiyi Xaçmazda hansısa fəaliyyəti olub, ancaq məlumatlı deyiləm. Parlament iclaslarını izləyən bir jurnalist kimi deyə bilərəm ki, Arif Əsgərovun bir sıra qanun layihələrinin müzakirəsi zamanı fəal iştirakını görməmişəm".

Elgün Mənsimov(jurnalist):

"Arif Əşrəfovun heç bir fəaliyyətini görməmişəm. Hər hansı bir fəaliyyəti varsa da, görünməyib. Bu da onun media ilə qapalı işləməsinin nəticəsi ola bilər".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.