ABŞ-da mətbuatı kimlər idarə edir? - İlginc faktlar
1-09-2015, 16:58
Dəfələrlə təkrarlamağa dəyər ki, Amerikanın əsas kütləvi informasiya vasitələrinin əksəriyyəti sırf 6 qurum tərəfindən idarə olunur. Bu isə o deməkdir ki, şüurlu şəkildə bu informasiya mənbələrindən uzaq durmağa çalışmadığınız müddətdə ekranınıza və zehninizə daxil olan xəbər və əyləncə xarakterli məlumatların əksəriyyəti kiçik bir korporativ qrupdan gəlir və bu qrup daxilindəki qurumlar təbliğat xarakterli məlumatların yayılmasında, sosial proqramlaşdırmada və cəmiyyətdə böhran dalğası yaratmaqda mühüm rol oynayırlar.
Həmin korporasiyalar bunlardır: General Electric, News Corp., Disney, Viacom, Time Warner və CBS.
Bu şirkətlərin hamısı üçün ortaq cəhət odur ki, onların qaranlıq keçmişi, şübhə doğuran işçiləri olub. Bir çoxları Disney şirkətini subliminal görüntülərlə uşaqların beyninə işləyən gizli bir qurum hesab edir. Bu şirkətlərdən biri isə ABŞ-ın 12-ci ən böyük hərbi müdafiə podratçısıdır, ona görə də, təəccüblü deyil ki, əyləncə xarakterli verilişlərin əksəriyyəti müharibənin tərifinə və zorakılığa həsr olunur.
Kütləvi informasiya vasitələrində mövcud olan xidmətləri araşdırmaqla bu 6 qurumun necə bir cəmiyyət qurmağa kömək etdiklərini görmək olar. Onların səhnələşdirilmiş şouları "realiti-şou", yəni "həqiqi" adlandıraraq reallığı təhrif edə biləcək gücləri var. Ümumi axını dəstəkləməyən ideyalar mediada özünə yer tapmır və hökumətdən asılı olmadan çətinliyin öhdəsindən gələn insanlar haqqında məlumatlara nadir hallarda yer verilir.
Dayaz, materialist, eqo mərkəzli dəyərlərin təbliği də bu 6 qurumun əlindədir. Bir düşünün. Bunlar itaət, cəhalət, gənclərin hiper-seksualizasiyası, müharibə və dövlət nəzarətini tərənnüm edən qurumlardır. Bu media qurumlarını dəstəkləyən reklam şirkətlərinin yayımlanan hər şey üzərində hədsiz nəzarəti var. İctimai qavrayışın idarə edilməsinə kömək edən də onlardır.
Beləliklə, korporativ media xüsusi maraqlar və zehnin idarə olunması üzrə müstəsna əhəmiyyətə malikdir. Mediada hökm sürən bu kapitalist, mənfəətpərəst mühit insanları o qədər bezdirib ki, artıq müstəqil, alternativ media tapıntı hesab edilir.
Aşağıdakı qrafiki informasiya 2011-ci ildə FrugalDad.com tərəfindən yaradılıb. O vaxtdan bəri bir sıra dəyişikliklər olsa da, Amerika mediasının ümumi təsviri yaxşı verilib.
Qrafikdəki bəzi dəyişikliklər barədə Business Insider tərəfindən edilən qeydlər:
Bu qrafiki informasiya ötən ilə aiddir və bəzi dəyişikliklər burda öz əksini tapmır. Belə ki, NBC artıq "GE" şirkətinin, AOL isə "Time Warner" şirkətinin əlində deyil, beləliklə, Huffington Post onlara bağlı deyil.
Kütləvi informasiya vasitələrinin bütün formalarında dünyanın hər yerinə əlləri çatan bu şirkətlər həyatlarımız haqqında məlumatlar, dünyamız haqqında təhlillər, vaxt keçirmək üçün əyləncələr və hətta uşaqlarımız üçün məşğuliyyət təmin etməklə dünyamızı formalaşdırmağa kömək edirlər. (4npress.com)