"Mənə "borzu" deyərək səhv elədin" - gül mağazaları sahibinin ölümünün təfərrüatı

25-09-2018, 12:32           
"Mənə "borzu" deyərək səhv elədin" - gül mağazaları sahibinin ölümünün təfərrüatı
Qətl törədən şəxs hakim qarşısına çıxarılıb.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında dövlət ittihamçısı ittiham aktını elan edib.

İttihamda yazılır ki, Vüsal çalışdığı mağazanın sahibi Vüqar Quliyevi qisas məqsədi ilə öldürüb.

Hadisə belə başlayıb: Vüsal mağazaya gələrək maşınını bəzətdirmək istəyən müştəriyə xidmət göstərməyib. Mağaza sahibi Vüqar işçisi Vüsala "borzuluq eləmə" deyərək iradını bildirib. Vüsal işdən çıxdıqdan sonra keçmiş müdirinə zəng edib və görüş təyin edib. O, mağazanın qarşısına gəlib və müdirinə deyib ki, mənə "borzu" deyərək səhv elədin. İttihamda göstərilir ki, Vüqar Quliyev dediyi sözdə israr etdiyinə görə Vüsal tərəfindən bıçaqlanıb. Vüsal Vüqarın qarın nahiyyəsinə 1 bıçaq zərbəsi endirib.

Vüsala Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə və qanunsuz olaraq soyuq silah saxlama maddələri üzrə ittiham irəli sürülüb

Elan olunmuş ittihamla Vüsal Novruzov özünü təqsirli bilməyib. O deyib ki, Vüqarı öldürmək niyyəti olmayıb. Hadisə baş verdiyinə görə özünü qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilib.

Sərbəst ifadə verən Vüsal söyləyib ki, müdiri ilə münasibəti həmişə yaxşı olub. Sadəcə, son zamanlar alış-veriş zəif olduğu üçün müdiri ilə aralarında gərginlik olub.

"Gələn müştəriyə qarşı kobudluq eləməmişəm. Sadəcə həmin gün işim olduğu üçün həmin müştərini yola sala bilmədim. O da zəng edib Vüqara deyib. Vüqar da mənə zəng elədi ki, sən ora "borzuluq" eləməyə gəlmisən? Mən də əsəbləşdim ki, Vüqar niyə məsələni aydınlaşdırmadan mənə belə deyir. Mən ona dedim ki, axşam gəl görüşək, danışaq. Amma mənə qarşı hörmətsizlik elədi, mağazaya da gəlmədi. Yenidən zəng elədim, "axşam parkda görüşək" dedim. Vüqar mənə qarşı aqressiv idi. Onunla danışmaq istədim. Amma dedi ki, nə demişəm, yaxşı eləmişəm. Bu da məni əsəbləşdirdi. Mən həmişə Vüqarın hörmətini saxlamışam. Qayıtdı, dedi ki, mənimlə söhbət edən adamın var-yoxunu belə-belə edərəm. Çiynimdən də vurdu. Mən də bu söyüşə görə onu vurdum"- deyə təqsirləndirilən şəxs ifadəsində qeyd edib.

Söyüş söyülməsinə mərhumun məhkəmə zalında olan qardaşı etiraz edib. O, Vüsala "Allahsızlıq eləmə" deyib.

Hakim mərhumun qardaşını məhkəmə zalından çıxarıb.

Hüquqi varis kimi mərhumun həyat yoldaşı Lamiyə Quliyeva tanınıb.

Lamiyə Quliyevabildirib ki, Vüsal Novruzov bıçağı belinə qoyub Vüqarla görüşə gedəndə yan mağazada olan Elnura bu haqda deyib: "Əgər Vüqarı öldürmək niyyəti yox idisə, niyə Elnura bunu deyirdi?".

Vüsal Novruzov Elnura belə söz demədiyini bildirib.

Məhkəmənin davamında şahidlər dindirilib.

Hadisə bu il may ayının 24-də baş verib. Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi Vüsal Novruzov tərəfindən bıçaqlanıb. Vüqar Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə mərhum Vüqar Quliyev Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı olub. O, Sumqayıtda “Gül Vüqar” kimi tanınıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.