Vəkillər kollegiyasının sabiq üzvündən – Şikayət
14-10-2018, 09:54
Dələduzluqda təqsirləndirilən Vəkillər Kollegiyasının sabiq üzvü Lətif Ağayev barəsində olan məhkəmə hökmündən apelyasiya şikayəti verib.
Teleqraf.com xəbər verir ki, Lətif Ağayev barəsində bəraət hökmünün çıxarılmasını istəyir.
Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Şikayət araşdırılması üçün hakim Vaqif Muesaqulovun icraatına verilib.
Məhkəmənin ilkin baxış iclası oktyabrın 18-nə təyin olunub.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Lətif Ağayev 2 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.
Lətif Ağayev Cinayət Məcəlləsinin 178.3.2 (Dələduzluq, külli miqdarda olduqda) və 32.4 (Ələ alma, sövdələşmə, hədə-qorxu gəlmə və ya digər üsullarla başqa şəxsi cinayət törətmə sövq etmə) maddələri ilə təqsirli bilinib.
İttihama görə, hazırda həbsdə olan Sabrina Alxasovanın həyat yoldaşı Mehdi Süleymanova qarşı dələduzluq edilib. Mehdi Süleymanov həyat yoldaşının cəzasının yüngülləşdirilməsi üçün Ədliyyə Nazirliyinin sabiq böyük inspektoru Tahir Şəbiyevə 31 min manat verib.
Məlum olub ki, Mehdi Süleymanov 31 min manatın 17 min manatını Lətif Ağayevə verib. Lətif Ağayev isə istintaq dövründə həmin pulun 8500 manatını geri qaytarıb.
Məlumat üçün bildirək ki, Sabrina Alxasovanın adı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) keçmiş mətbuat katibi Elnur Nağızadə ilə birlikdə bir neçə dələduzluq əməlində hallanır.
Elnur Nağızadə hazırda ölkəni tərk edib və onun barəsində də axtarış elan olunub. Sabrina Alxasova 7 il 6 ay 16 gün müddətinə azadlıqdan məhrum edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tahir Şəbiyev şərti cəza alıb və o, məhkəmə zalından azadlığa buraxılıb. Buna səbəb Tahir Şəbiyevin Sabrina Alxasovanın ərindən aldığı pulu geri qaytarması olub.