Təhsil Nazirliyində müdhiş «süd korrupsiyası» va ya bir internat 420 min manatlıq südü niyə "alır"?

30-04-2015, 09:58           
Təhsil Nazirliyində müdhiş «süd korrupsiyası» va ya bir internat 420 min manatlıq südü niyə "alır"?
De-İnstitutlaşma Uşaq İdarəsinin müdiri Məlahət Hacıyeva rəfiqəsi ilə birlikdə 11 saylı İnternat Uşaq Məktəbinə 420 min manatlıq süd məhsulları «aldırıb»

Azərbaycanda korrupsiyanın tüğyan etdiyi və bunun bütün sahələri əhatələdiyi sirr deyil. İndiyə qədər milyonluq işlərin hansı şəkildə həyata keçirildiyi və bu zaman nə qədər vəsaitin mənimsənildiyi də qapalı mövzu olmayıb. Amma indiyə qədər süd korrupsiyası anlayışını nə bilən olub, nə də eşidən.

Təhsil Nazirliyinin De-İnstitutlaşma Uşaq İdarəsi dövlət başçısının 2006-cı ildə “Dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər) sərəncamı əsasında 2010-cu ildə keçmiş Təhsil naziri Misir Mərdanov tərəfindən nazirliyin nəzdində yaradılıb. Adı çəkilən quruma paytaxt Bakıda və rayonlardakı uşaq evləri, internat məktəbləri və peşə tipli internat məktəbləri daxildir.

Daxil olan məlumata əsasən De-İstitutlaşdırma Uşaq Müdafiəsi İdarəsinin rəhbəri Məlahət Hacıyeva hər il dövlət büdcəsindən internat məktəblərinə, uşaq evlərinə ayrılan yüz minlərlə manat vəsaitlərin bir hissəsini şişirdilmiş xərclər adı altında mənimsəyib.

JAM.AZ-ın araşdırmalarına görə, internat və uşaq evlərinə alınan ərzaq mallarının, təsərrüfat mallarının, dərman pereparatlarının və cari təmir işlərinin görülməsi üçün xərclər bir neçə dəfə artırılıb. Ərzaq, təsərrüfat, dərman pereparatlarından, cari təmir işlərindən başqa, həmçinin internat və uşaq evləri üçün inventarların alınması qiymətlərində də şişirdilmələr olduğu açıq aydın görünür.

Məlum üçün bildirək ki, təkcə 2013-cü ildə Zaqatala internat məktəbinə - 150 min, (90 mini ərzaq malları), Lerik İnternat Məktəbinə - 90 min, (40 mini ərzaq malları), Salyan İnternat məktəbinə - 137 min, (110 mini ərzaq malları), Şəki qarışıq tibb internat məktəbinə - 85, Tovuz Qovlar internat məktəbinə - 90 min, Göyçay İnternat məktəbinə - 140 min, Mingəçevir internat məktəbinə - 150 min, Gəncə şəhər sanatoriya tipli internat məktəbinə - 180 min, Sumqayıt şəhər sağlamlıq imkanları məhdud uşaqlar üçün xsusi internat məktəbinə - 220 min, Xəzər rayonunda 6 nömrəli internat məktəbinə - 250 min, Nizami rayonu 3 nömrəli internat məktəbi - 300 min manat vəsaitlər ayrılıb. Həmin pulların təyinatı üzrə xərcləndiyi isə kifayət qədər şübhəlidir.

Bu siyahıya 2, 4, 5, 1 nömrəli və digər internat məktəblərinidə əlavə etmək olar. Ən acınacaqlı vəziyyət isə 11 saylı xüsusi İnternat Məktəbində cərəyan edib. Belə ki, burdakı korrupsiya və yeyinti faktları bütün həddləri aşıb. JAM.AZ-ın araşdırmalarına görə, Məlahət Hacıyeva bir müddət əvvəl 11 saylı xüsusi İnternat Məktəbində korrupsiya və mənimsəmə hallarını ört-basdır etmək üçün özünün ən yaxın adamlarından biri olan Mehparə Cəfərovanı işdən azad edib.

Apardığımız araşdırmadan məlum olub ki, 2013-cü ildə 11 saylı xüsusi internat məktəbinə 1,1 milyon manatdan çox vəsait ayrılıb. Həmin vəsaitin 35 mini avadanlıqların, 39 mini sair xərclər maddəsi üzrə malların alınmasına, 22 mini yumşaq inventarların, 15 mini kommunal işlər, 27 mini dəftərxana, 49 mini içməli suyun daşınmasına, 19 mini məişət tullantılarının və çirkab sularının daşınmasına, 540 mini ərzaq məhsullarının alınmasına sərf edilib. Amma burada bir rəqəm də var ki, onun nəyə xərcləndiyini bildikdə şoka düşməmək mümkün deyil.

JAM.AZ xəbər verir ki, sözügedən məktəbə bir il üçün 420 min manatlıq süd məhsulları alınıb (?!) Cəmi 500-ə yaxın şagirdi olan bir məktəbə bu qədər süd və süd məhsulunun alınması açıq şəkildə korrupsiyadır və bunun başqa adı yoxdur. Çünki 500 nəfər uşağın bu qədər məhsulu bir il ərzində istehlak etməsi fiziki cəhətdən mümkün deyil. Hə, o ayrı məsələdir ki, Məlahət Hacıyeva ilə Mehparə Cəfərova orada təhsil alan uşaqları süd vannasında yuyundururmuşlar. Ki, bu da qətiyyən inandırıcı deyil.

Qeyd edək ki, 11 saylı xüsusi İnternat Məktəbinə alınan ərzaq malları ilə süd məhsullarına xərclənən vəsaitlər arasında cəmi 120 min manat fərq var və ikisi birlikdə təqribən 1 milyon manat edir.

İşin sonundakı korrupsiyanı göstərən bir başqa məqam daha var. JAM.AZ-ın araşdırmalarına görə,

İnternat məktəbi süd məhsullarının alınması müqaviləsini hanısasa bir şirkətlə yox fiziki şəxs Hüseynov Ələsgər Cəlal oğlu ilə bağlanmasıdır. Yarım milyoluq bir layihəninin fiziki şəxsə verilməsi sadəcə qanunların kobud şəkildə pozulmasıdır. Və bu Məlahət Hacıyevanın maxinasiyalarla məşğul olmasının bariz nümunəsidir.

P.S. Məlahət Hacıyevanın «hünərli» işləri təkcə bununla yekunlaşmır. İdarə müdirinin rəhbəri olduğu qurumda ailə podratı yaratdığı, digər maliyyə maxinasiyaları ilə məşğul olduğuna dair məlumatlar da mövcuddur. Bununla bağlı araşdırmamızı yaxın günlərdə oxuculara təqdim edəcəyik.

P.P.S. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.