Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcəkdir

3-03-2021, 18:22           
Qarabağ regionun müasir və ən inkişaf etmiş ərazisinə çevriləcəkdir
44 günlük İkinci Qarabağ müharibəsinin xalqımıza qazandırdığı tarixi Zəfərin bugünümüz və gələcəyimiz üçün yaratdığı reallıqlar nəinki ölkə, beynəlxalq ictimaiyyət üçün də böyük maraq doğurur. Dövlətimizin başçısı İlham Əliyevin yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında 35-dən artıq media orqanının ünvanladığı 50-yə yaxın sualın mahiyyətinə diqqət yetirərkən bunu aydın şəkildə gördük. Diqqət göstərilən əsas məsələlər sırasında işğaldan azad olunmuş ərazilərdə müasir infrastrukturun yaradılacağı, soydaşlarımızın doğma yurd-yuvalarına qayıdışı, bu mərhələnin tezləşdirilməsi üçün görülən işlər yer almışdı.
Məlumdur ki, başdan-başa viran qoyulmuş o yerlərdə insanlar yalnız köklü quruculuq işləri aparıldıqdan sonra yaşaya bilərlər. Ölkə başçısının dediyi kimi: “Ərazilərin minalanması ilə bərabər, burada hər şey, bütün infrastruktur tamamilə dağıdılıb, şəhərlər yoxdur, qayıdası yer yoxdur. Praktiki olaraq bütün kəndlər dağıdılıb.”
Bununla əlaqədar hazırda ərazilərin minalardan təmizlənməsi və bununla yanaşı, ziyanın qiymətləndirilməsi aparılır. Şəhərlərin və kəndlərin inkişafının baş planlarının tərtib edilməsinə dair tapşırıqlar verilib. Pilot layihələrə, o cümlədən “Ağıllı kənd” layihəsinə artıq başlanıb. Bu layihə Zəngilan rayonunun üç kəndində - Birinci, İkinci, Üçüncü Ağalı kəndlərində həyata keçiriləcək. Cari ilin sonuna qədər layihənin başa çatması gözlənilir. Orada bütün lazımi infrastruktur qurulacaq, əkin sahələri bərpa ediləcək və sonra təqribən 1000-ə yaxın insan yerləşəcək.
Həmçinin böyük şəhərlərin baş planları tərtib edilməlidir. Əgər Ağdam şəhərində işğaldan əvvəl 40 minə yaxın insan yaşayırdısa, indi əhalinin sayı artıb. Odur ki, 50 minlik, bəlkə də 70 minlik bir şəhər salınmalıdır. Təkcə yaşayış evləri deyil, məktəblər, xəstəxanalar inşa edilməlidir, bütün infrastruktur yaradılmalıdır. Bu işlər işğaldan azad olunmuş bütün bölgələri əhatə etməlidir.
Füzulidə hava limanının tikintisinə başlanıb. Bu, beynəlxalq hava limanı olacaq. 3 kilometr uzunluğu olacaq uçuş-enmə zolaqları ən ağır yük təyyarələri də daxil olmaqla bütün növ təyyarələri qəbul edə biləcək. Hava limanının hazır olması həm ərazilərin bərpası üçün xaricdən alacağımız yüklərin tez çatdırılmasına, həm də qonşu dövlətlərin vətəndaşlarının Şuşa şəhərinə rahat gedib-gəlməsinə imkan verəcək.
Bununla eyni vaxtda Şuşa şəhərinə iki avtomobil yolu çəkilir. Onlardan birinə Prezidentimiz “Zəfər yolu” adını verib. Çünki Azərbaycanın xüsusi təyinatlı qoşunları Şuşa şəhərinə məhz həmin yolla meşələrdən və vadilərdən keçərək gediblər. Nisbətən aran ərazidən keçən digər yol da hava limanından birbaşa gediş-gəlişi təmin edəcək. Qarabağın mühüm logistika mərkəzinə çevriləcəyindən burada aeroport tikmək planları təkcə Füzuli ilə məhdudlaşmır.
Eləcə də Azərbaycanı onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirən, həmçinin ölkəmizi Türkiyə ilə və eyni zamanda Rusiyanı Türkiyə ilə birləşdirən dəhliz açılması barədə olan böyük planlar reallaşacaq.
Bu il ərazilərin bərpası üzrə kifayət qədər geniş xüsusi investisiya proqramı təsdiq edilib. Bağlanmış müqavilələr əsasında ilk ödənişlərin həyata keçirilməsinə başlanır.
Postmüharibə dövrü həqiqətən yeni perspektivlər açır. Əməkdaşlıq, qarşılıqlı ticarət, kommunikasiyaların açılması, yeni nəqliyyat dəhlizlərinin açılması üçün nadir imkanlar yaranır. Prezident İlham Əliyev müharibə başa çatdığına görə əcnəbi investorların Azərbaycana daha fəal şəkildə sərmayə qoyacaqlarına əmin olduğunu ifadə etdi.
Prezident həmçinin bütün işlərə dost ölkələrdən olan şirkətlərin cəlb edəcəyini bildirdi. Belə ki, Türkiyədən olan şirkətlər artıq müxtəlıf layihələrdə yer alıblar. Strateji önəm daşıyan Füzuli-Şuşa avtomobil yolunun inşası ilə bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər. Onlar eyni zamanda Göygöl bölgəsindən Kəlbəcərə çəkilən yolda da işləyirlər .
İran şirkətləri də dağıdılmış ərazilərdə yenidənqurma işlərində iştirak etməkdə maraqlıdırlar. Xudafərin su anbarının birgə istifadəsi müzakirə edilib. Elektrik stansiyalarının inşasına dair İran tərəfi ilə razılıq əldə olunub. Artıq Xudafərin və Qız qalası elektrik stansiyalarının tikintisi ilə bağlı büdcə ayrılıb. Onların ümumi istehsal gücü 280 meqavat olacaq və bu həcm iki ölkə arasında bölüşdürüləcək.
Bir sözlə, görüləcək işlərin həcmi böyükdür. İşğaldan 10 min kvadratkilometrdən çox ərazi azad edilib. Odur ki, Azərbaycanın bütün dostları üçün kifayət qədər iş olacaq.
Işğaldan azad edilən ərazilərin bərpa olunması üçün bütün imkanlar səfərbər olunacaqdır. Ilkin olaraq dövlətimiz bu məqsədlərdən ötrü 2,2 milyard manat vəsait ayırmışdır. Bu isə yalnız başlanğıcdır. Əminik ki, nəzərdə tutulan işlər həyata keçəndən sonra Qarabağımız cənnət məkana çevriləcəkdir.


İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.