Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji müstəvidə inkişaf edir

29-11-2021, 15:15           
Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji müstəvidə inkişaf edir
Noyabrın 26-da Rusiyanın Soçi şəhərində Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan baş naziri Nikol Paşinyan arasında baş tutmuş üçtərəfli görüşdə bir sıra mühüm məqamlar müzakirə olunmuşdur. Görüş zamanı Prezident İlham Əliyevin çıxışında vurğulanan bütün məqamlardan Azərbaycan–Rusiya əlaqələrinin möhkəm dostluğa, mehriban qonşuluğa, etibarlı tərəfdaşlığa və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığı aydın görünür. Belə ki, Azərbaycan və Rusiya dövlət başçılarının birgə səyi və siyasi iradəsi sayəsində ölkələrimiz arasında əlaqələr strateji tərəfdaşlıq müstəvisində uğurla inkişaf edir. Şübhəsiz ki, hər iki ölkə rəhbərinin müntəzəm görüşləri dövlətlərarası münasibətlərə yüksək dinamizm verir, iqtisadi əməkdaşlığın inkişafı üçün əlverişli zəmin yaradır.

Məhz elə bütün bu qeyd edilənlərin məntiqi nəticəsidir ki, bu gün Azərbaycanın mühüm tərəfdaşı olan Rusiya ilə əlaqələri yüksək səviyyədədir, siyasi, iqtisadi, humanitar, hərbi-texniki və s. sahələrdə əməkdaşlığı yeni inkişaf mərhələsindədir. Qarşılıqlı siyasi, sosial-iqtisadi münasibətlər iki ölkənin birgə səyi ilə mühüm tədbirlərin, önəmli layihələrin uğurla reallaşdırılmasına əlverişli imkan yaradır və yüksək göstəricilər əldə edilir. Hazırda iqtisadiyyatın, nəqliyyatın əksər sahələrinə, humanitar əməkdaşlığa aid 7 yol xəritəsi reallaşdırılır.

Rusiya–Azərbaycan əməkdaşlığının dinamik inkişafının göstəricisi olan digər bir fakt da ötən ilin 10 noyabr bəyanatı ilə bağlıdır. Ötən müddət ərzində birmənalı olaraq qeyd etmək olar ki, Qarabağda sülhün saxlanması üçün Rusiya sülhməramlılarının rolu yüksəkdir.

Soçi görüşünün ən mühüm məqamlarından biri də üçtərəfli bəyanatın qəbul edilməsidir. Azərbaycanın mövqeyini tam şəkildə özündə əks etdirən bəyanatda Qarabağ ifadəsinin işlədilməməsi bir daha status məsələsinin artıq tarixə qovuşduğunu sübut edir.

Sənəddə əsas mövzulardan biri sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlıdır. Buna uyğun olaraq avtomobil və dəmir yollarının açılmasını nəzərdə tutan layihələrə başlanması ilə bağlı qərarlar qəbul olunub. Tərəflər Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inkişafın təmin edilməsi naminə 10 noyabr və 11 yanvar bəyanatlarının bütün müddəalarının ardıcıl surətdə yerinə yetirilməsinə və dönmədən riayət olunmasına tərəfdar olduqlarını təsdiq ediblər.

Soçidə dövlət başçılarının imzaladığı bəyanatda regionun iqtisadi potensialının üzə çıxarılması məqsədilə tezliklə konkret layihələrə başlanılmasının vacibliyinin vurğulanması nəqliyyat dəhlizlərinin açılması prosesinin çox yaxın bir vaxtda həyata keçiriləcəyini göstərir.

Aysel Mənsimova – YAP üzvü












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.