Bayram günü Zaqatalada qəsdən yanğınlar törədən şəxs saxlanılıb

3-01-2022, 11:48           
Bayram günü Zaqatalada qəsdən yanğınlar törədən şəxs saxlanılıb
Bayram günü Zaqatalada qəsdən yanğınlar törədən şəxs saxlanılıb

Yanvarın 1-i gecə saatlarında Zaqatala rayonunun Mosul kəndi ərazisində 3 fərqli ünvanda ot tayalarının yığıldığı tikililərin yanması barədə Polis Şöbəsinə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Teref.az-a verilən məlumata görə, daxil olmuş məlumatla əlaqədar polis əməkdaşları tərəfindən yanğınların baş verdiyi ünvanlara baxış keçirilib və müvafiq nümunələr götürülüb. İlkin araşdırma zamanı həmin tikililərin qəsdən yandırıldığı ehtimal olunub.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-istintaq tədbirləri nəticəsində yanğın hadisələrini törədən şəxsin Mosul kənd sakini, özünün və qardaşının da yaşadığı evi qəsdən yandırdığına görə saxlanılan Əhliman Gülməmmədov olduğu müəyyən edilib. O, əməlini etiraf edib və məsuliyyətə cəlb olunub.

Qeyd edək ki, Ə.Gülməmmədov dekabrın 31-i axşam saatlarında qardaşı ilə aralarında şəxsi münasibətlər zəminində baş verən mübahisə zamanı birgə yaşadıqları evi yandıraraq hadisə yerindən qaçsa da, polis əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində saxlanılmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.