Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması əlamətdar hadisədir

21-01-2022, 16:27           
Hacı Zeynalabdin Tağıyevin abidəsinin açılması əlamətdar hadisədir
2019-cu il martın 1-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə keçirilən görüş zamanı böyük Azərbaycan mesenatı Hacı Zeynalabdin Tağıyevə abidə ucaldılması təklifinə ölkə başçısının böyük diqqət, qayğı və həssaslıqla yanaşmasını və qısa zamanda bununla əlaqədar müvafiq Sərəncam imzalamasını yaxşı xatırlayırıq. Bu tarixi sərəncamın böyük mesenat H.Z.Tağıyevin ölkəmizdə neft sənayesinin inkişafında, milli maarifçilik hərəkatının formalaşmasında, Vətənimizdə dünyəvi milli qadın təhsilinin təşəkkülündə, mətbuat və mədəniyyətimizin tərəqqisi yolunda, milli ziyalı elitasının yetişməsində təmənnasız xidmətlərinin çağdaş dövlətçilik təfəkkürü kontekstində yenidən dəyərləndirilməsində, onun çoxcəhətli fəaliyyətinin dərindən tədqiqi, təbliği və müasir gəncliyə gərəyincə və yetərincə çatdırılmasında müstəsna rolu vardır.

Bu il yanvarın 18-də Prezident İlham Əliyev Hacı Zeynalabdin Tağıyevin paytaxtın ən gözəl yerlərindən birində ucaldılmış heykəlinin açılışında iştirak etməklə, onun əziz xatirəsinə dövlətin göstərdiyi hörmət və ehtiramı bir daha nümayiş etdirmiş oldu. Ölkə rəhbəri tədbirdə çıxış edərək abidənin Zeynalabdin Tağıyevin adına layiq olan bir yerdə ucaldıldığını qeyd edib: “Abidənin quraşdırıldığı yer Bakının tarixi yerlərindən biridir, şəhər sakinlərinin ən sevimli yerlərindən biridir, tarixi qala divarının önündədir. Tağıyevin abidəsinin məhz bu yerdə yerləşməsinin böyük rəmzi mənası var. Çünki Zeynalabdin Tağıyev ömrü boyu Bakının inkişafına, abadlaşmasına, ümumiyyətlə Azərbaycanın inkişafına böyük töhfələr vermişdir”.

Çıxışı zamanı ölkə rəhbəri xüsusi olaraq vurğuladı ki, Hacı Zeynalabdin Tağıyev tarixdə zəngin adam kimi yox, məhz xeyriyyəçi kimi qalmışdır: “Hacı Zeynalabdin Tağıyev çox zəngin adam idi, amma hər kəs bilir ki, çox kasıb ailədə böyümüşdü və sərvətini öz zəhməti hesabına qazanmışdır. Əgər onun xeyriyyəçilik fəaliyyəti olmasaydı, yəqin ki, o, Azərbaycan xalqının yaddaşında qalmazdı.

Müstəqil Azərbaycanda xeyriyyəçilik ənənələri davam edir.Bu mövzuya da toxunan cənab Prezident bildirmişdir: “Xeyriyyəçilik sahəsində Cənubi Qafqazda ən böyük təsisat Heydər Əliyev Fondudur. Heydər Əliyev Fondu 20 ilə yaxındır ki, yaradılmışdır və bütün bu illər ərzində Fondun əsas məqsədi, vəzifəsi insanlara kömək göstərmək, Azərbaycan mədəniyyətini dünyada təbliğ etmək, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, elm sahələrinə töhfə verməkdir.”

Çıxışı zamanı müharibədən sonra yaradılmış Qarabağ Dirçəliş Fondu və “YAŞAT” Fondu barədə də fikirləri bölüşən prezident bildirdi ki, bu fondlar da Azərbaycanda xeyriyyəçilik ənənələrin inkişafına xidmət edir və bu cəmiyyətdə çox yüksək qiymətləndirilir. Azərbaycan vətəndaşları, eyni zamanda, şirkətlər könüllü olaraq həm Qarabağ Dirçəliş Fonduna, həm “YAŞAT” Fonduna vəsait təqdim edirlər və bu vəsait hesabına bu gün

yüzlərlə qazi həm Azərbaycanda, həm xaricdə müalicə alır, həyata qayıdır, öz sağlamlığını bərpa edir.

Aysel Mənsimova - politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.