Litva və Azərbaycan strateji tərəfdaşdırlar

20-05-2022, 10:48           
Litva və Azərbaycan strateji tərəfdaşdırlar
Mayın 18-də Bakıda Heydər Əliyev Mərkəzində Azərbaycan-Litva V Qlobal Bakı Forumunun keçirilməsi bir daha sübut edir ki, bu gün Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr uğurla inkişaf edir. Tarixi əhəmiyyət daşıyan forumda “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunan Forumun açılış mərasimində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər. Həmçinin, Beşinci Qlobal Bakı Forumunda 56 ölkədən 300 nəfərədək nümayəndə, nüfuzlu dövlət xadimləri, siyasətçilər, elm adamları, siyasi ekspertlər iştirak edirlər.
Litva Respublikası ilə Azərbaycan arasında diplomatik münasibətlər 1995-ci ilin dekabr ayında qurulmuş və 2007-ci ilin aprelin 3-də Litvanın Azərbaycanda, sentyabrın 6-da isə Azərbaycanın Litvada səfirliyi açılmışdır.
Hər iki dövlət qarşılıqlı münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu nəzərə alaraq, öz aralarında yüksək səviyyəli dialoq və əməkdaşlıq qurub və hazırda da bu əməkdaşlığı inkişaf etdirmək üçün mühüm addımlar atmaqda davam edirlər. İki ölkə arasında sənaye və energetika, kənd təsərrüfatı, turizm, nəqliyyat, rabitə və informasiya texnologiyaları, gömrük sahələrində əməkdaşlıq mövcuddur.
Azərbaycanla Litva arasında yalnız ikitərəfli deyil, həmçinin BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar, eləcə də regional təşkilatlar çərçivəsində çoxtərəfli qarşılıqlı faydalı əməkdaşlıq da mövcuddur. Həmçinin Azərbaycan Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” Proqramı çərçivəsində də Litva ilə sıx əməkdaşlıq edir. Bu münasibətlər ölkə başçılarının qarşılıqlı səfərləri və imzalanan sənədlər nəticəsində daha da inkişaf etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev forumda çıxışı zamanı uzun illər Litva ilə Azərbaycan arasında əməkdaşlığın səviyyəsindən məmnun olduğunu bildirib: «Litva ilə Azərbaycan uzun illərdir ki, strateji tərəfdaşdırlar. Aramızda imzalanmış Strateji Tərəfdaşlıq üzrə Bəyannamə həqiqətən əməkdaşlığımızın mahiyyətini əks etdirir. Bu gün cənab Prezidentin səfəri bir daha əməkdaşlığımızın strateji mahiyyətini təsdiq edir».
Litvalı həmkarı ilə bir çox məsələləri müzakirə etdiklərini bildirən dövlətimizin başçısı deyib: “Əlbəttə ki, biz məmnuniyyətlə ölkələrimiz arasındakı güclü siyasi əlaqələri, ikitərəfli gündəliyə aid müxtəlif məsələlərin həllinə kömək edən siyasi dialoqu vurğuladıq. İki il öncə cənab Prezident ilə videokonfrans vasitəsilə danışmaq imkanımız olub, çox konstruktiv və məhsuldar müzakirələr aparılıb. İndi də canlı olaraq ikitərəfli gündəliyə dair çoxlu vacib məsələlər haqqında danışmaq imkanımız oldu”.
Beləliklə, bu görüşlər vahid mövqedən çıxış edən Litva və Azərbaycan Respublikaları arasında qarşılıqlı əməkdaşlığın yüksələn xətlə inkişaf etdirilməsində mühüm rol oynayır.

Aysel Mənsimova – politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.