Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları davamlı olaraq inkişaf edir

20-09-2022, 22:38           
Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları  davamlı olaraq inkişaf edir
Sentyabrın 16-da Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammiti işə başlayıb. ŞƏT-in Səmərqənd Zirvə Toplantısında yaşıl iqtisadiyyat, innovasiya, rəqəmsal texnologiyalar, logistika, kənd təsərrüfatı, tibb və digər sahələrdə 30-a yaxın layihə və fəaliyyət nəzərdən keçirilib və sözügedən mövzularda müqavilələr imzalanmışdır. Qeyd edək ki, Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Şanxay Əməkdaşlıq Təşkilatı son illərdə beynəlxalq arenada nüfuzu artan, həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahələrində daha mühüm rol oynamağa başlayan qurum kimi diqqət çəkir. Azərbaycan hazırda ŞƏT-də dialoq tərəfdaşı statusuna sahibdir. 2016-cı ildə Azərbaycan ilə ŞƏT arasında əməkdaşlıq sahələrini əks etdirən memorandum imzalanıb. ŞƏT ilə əməkdaşlıq istiqamətləri arasında təşkilatın ənənəvi prioritet sahələri olan və Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edən terrorizm, ekstremizm və separatizm ilə mübarizə, regional təhlükəsizliyin və sabitliyin təminatı müəyyənləşdirilib.
Həmçinin ölkəmizin beynəlxalq müstəvidə mühüm rol oynadığı sivilizasiyalararası dialoq, multikulturalizm və tolerantlığın təşviqi sahələri də diqqət mərkəzində olan məsələlərdəndir. Prezident İlham Əliyev sammitdə dərin məzmunlu çıxış edərək mühüm geosiyasi və coğrafi məkanda yerləşən Azərbaycanın Avropa və Asiyanın iqtisadi, ticarət əlaqələrində rolunu vurğulayıb.
Bu gün Azərbaycan beynəlxalq nəqliyyat dəhlizlərinin keçdiyi tranzit ölkədir və bu amil hər zaman beynəlxalq birlik tərəfindən dəyərləndirilir. Səmərqənd sammitində çıxış edən Azərbaycan prezidenti Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ildə 15 milyon ton yükaşırma qabiliyyətinə malik olduğunu və bunun ildə 25 milyon tona qədər artırıla bilinəcəyini vurğuladı. Həmçinin bildirdiki bu ilin ilk 7 ayında AzərbaAzərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Prezident İlham Əliyev çıxışında Zəngəzur dəhlizinin əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrinin nəqliyyat imkanları artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.
Ermənistanın dövlət sərhədində törətdiyi son təxribatlara toxunan Dövlətimizin başçısı bildirib ki, Azərbaycan silahlı qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür. ŞƏT-ə üzv ölkələrin dövlət başçılarının sammitinin yekunu olaraq qəbul edilən Səmərqənd Bəyannaməsi qurum çərçivəsində əməkdaşlığın daha da dərinləşəcəyini göstərir.

Aysel Mənsimova - politoloq












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.