Laçın rayonunun yenidən bərpası ölkə iqtisadiyyatına töhfələr verəcək

25-11-2022, 18:04           
Laçın rayonunun yenidən bərpası ölkə iqtisadiyyatına töhfələr verəcək
2020-ci il dekabrın 1-də üçtərəfli Bəyanata əsasən işğaldan azad olunan Laçın rayonunun iqtisadiyyatının əsasını vaxtilə heyvandarlıq, bitkiçilik, arıçılıq və qismən də bağçılıq və bostançılıq təşkil edib. Bu mənada gözlənilir ki, Azərbaycanın ərazi baxımından ən böyük rayonlarından biri olan Laçın ölkə iqtisadiyyatına həmin sahələrdə mühüm töhfə verə biləcəkdir.
İşğaldan əvvəl rayonda müxtəlif sənaye, avtonəqliyyat müəssisəsi, ticarət, ictimai iaşə, rabitə, kommunal müəssisələri və digər müəssisələr fəaliyyət göstərirdi. Bu ənənəni nəzərə alanda Laçın rayonunu ölkə iqtisadiyyatının digər sahələrində də, xüsusən, sənaye sahəsində təcrübəyə malik bölgələrindən biri hesab etmək olar. Bundan başqa, Laçın rayonunda yundan toxunan at çulu, palaz, kilim, xalça, zili, xurcun öz gözəlliyi və orijinallığı ilə seçilirdi. Rayonda əmək qabiliyyətli əhalinin təxminən 82 faizi kənd əhalisi olub. Bu göstərici rayonun iqtisadi həyatında kənd təsərrüfatının tutduğu əsas yerin əyani göstəricisi hesab edilə bilər. Əhali burada əsasən heyvandarlıqla məşğul olmuş və iribuynuzlu mal-qara, arı, qoyun və keçi saxlayıb.
1992-ci ildə ərazisi erməni işğalına məruz qalan Laçın rayonunun əsas təsərrüfat subyektləri Ağcabədi rayonunun Taxta körpü ərazisində müvəqqəti fəaliyyət göstərməyə başlayıb. Rayon üzrə 109 sahibkarlıq subyekti mövcuddur. Rayon üzrə fermer və şəxsi təsərrüfatlarda 33 min 362 başdan çox iribuynuzlu mal-qara, 171 min 736 başdan çox xırdabuynuzlu heyvanlar saxlanılır.
Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin 2020-ci il noyabrın 10-da imzaladığı üçtərəfli Bəyanata əsasən Laçın rayonu Azərbaycana qaytarıldı və Azərbaycan Ordusunun bölmələri dekabrın 1-də rayonuna daxıl oldular.
Bu gün rayonda bərpa-quruculuq işlərim sürətlə həyata keçiririlir. 2021-ci ilin 14 fevral və 16 avqust tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Laçın rayonunda səfərdə olmuş və fevralın 14-də Güləbird kəndində Azərbaycan bayrağını qaldırmışdır.
2022-ci il iyunun 26-da və sentyabrın 21-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin azad olunmuş Laçına növbəti səfərləri zamanı isə ölkə başçısı Kəlbəcər-Laçın avtomobil yolunun inşası prosesi, “Qorçu” elektrik yarımstansiyasında görülən işlər, Laçın Beynəlxalq Hava Limanında aparılan tikinti işləri, uzunluğu 72,8 km olan Kəlbəcər-Laçın avtomobil yolunda yeni inşa edilən tunel və “Həkəriçay” su anbarı layihəsi ilə tanıçlığı olmuş və Laçın şəhərində inşa ediləcək “Laçın” qovşaq yarımstansiyasının təməlqoyma mərasimində iştirak etmişdir.
Laçının qaytarılması ilə Azərbaycan-İran sərhəddi tam bərpa edilmiş, hazırda Laçın rayonunda fərqli təyinatlı infrastruktur layihələri reallaşdırılır, yeni infrastruktur yaradılır, uzunluğu 72,8 kilometr olan Kəlbəcər-Laçın avtomobil yolu və regionun strateji əhəmiyyətini artıran Laçın hava limanı tikilir. Həmçinin rayonun kənd təsərrüfatı sahəsində kifayət qədər böyük ənənəyə, eyni zamanda, tikinti-inşaat sahəsində əhəmiyyətli xammal ehtiyatlarına malik olması Laçının qısa zamanda sosial-iqtisadi inkişafına imkan yarada biləcəkdir.

Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru
Teref.az












Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.