Effektiv dövlət siyasəti və müasir siyasi lider obrazı
20-12-2022, 16:12
Ulu Öndər HeydərƏliyev insanlarımızın, dövlətimizin çox çətin məqamlarında öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, doğru yolu göstərmə bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edərək, zülmətdən işığa çıxarmışdı, milli hədəflərə doğru apara bilmişdi. Bu gün isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizə rəhbərliyi dövrü lider şəxsiyyətinin mükəmməl nümunələrini əks etdirən böyük bir tarixi salnaməyə çevrilmişdir.
Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub. Ulu öndərin əsasını qoyduğu daxili və xarici siyasət kursunun uğurla davam etdirilməsi sayəsində cənab İlham Əliyev Azərbaycanı bugünkü yüksəliş və inkişaf yoluna, tariximizin ən qüdrətli mərhələsinə gətirib çıxara bilib.
Müasir dövrdə əsl lider öz ölkəsi ilə yanaşı, dünyanı da dəyişməyi bacarır. İlham Əliyev prezidentliyi dövründə Azərbaycanın simasını tamamilə dəyişdi. Bu gün dünya Azərbaycanı tam yeni obrazda qəbul etməkdədir. O, öz ardıcıl, məqsədyönlü və sistemli fəaliyyəti ilə sübut etdi ki, Azərbaycan demokratik ideallara sadiq, dünyanın bütün ölkələri ilə konstruktiv əməkdaşlığa açıq ölkədir. İlham Əliyev dünyada cərəyan edən proseslərdə ciddi fəallıq nümayiş etdirərək Azərbaycanı bu proseslərin təsirli iştirakçısına çevirmişdir. Təsadüfi deyildir ki, bu gün Avropanın enerji təhlükəsizliyi problemindən bəhs edilərkən ilk yada düşən məhz Azərbaycan Respublikası olur. Regionda həyata keçirilən nəhəng enerji layihələrinin əsas iştirakçısı olmaqla Azərbaycan beynəlxalq enerji təhlükəsizliyinin əvəzolunmaz subyektinə çevrilmişdir. Bu prosesdə liderin həlledici rolu danılmazdır. Belə ki, bütün beynəlxalq əməkdaşlıq sahələrində Azərbaycanın etibarlı tərəfdaş kimi tanınması İlham Əliyevin qətiyyəti, çevik davranışları, müdrik siyasi manevr etmə qabiliyyəti sayəsində mümkün olmuşdur. Son dövrlərdə Azərbaycan ən mötəbər beynəlxalq tədbirlərə nəinki uğurlu ev sahibliyi etmişdir, həmçinin, belə tədbirlərin ən yüksək səviyyədə və təhlükəsizlik şəraitində həyata keçirilməsinin yeni standartlarını yaratmışdır.
Azərbaycan xalqının Prezident İlham Əliyevə dərin məhəbbətinin, sarsılmaz inamının əsasında dövlətimizin başçısının liderlik keyfiyyətləri dayanır. Onu xalqa sevdirən ən mühüm xüsusiyyəti əsl dövlət rəhbərinə xas qətiyyət, atdığı hər bir addımda milli maraqları öndə yaşatmasıdır. Prezident İlham Əliyevin verdiyi hər bir qərar Azərbaycan dövlətinin milli maraqlarına istinad edir. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir.
Prezident İlham Əliyevin sosial siyasətinin əsasında Azərbaycan vətəndaşı dayanır. Artıq neçə illərdir ki, ölkədə sosial sahələrin dirçəldilməsi, bu sektorlara güclü investisiya axınının müşahidə olunması Prezident İlham Əliyevin fəaliyyətinin mühüm istiqamətlərindən biridir. Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf konsepsiyasını hər bir azərbaycanlı öz həyatında hiss edir. Çünki dövlət başçısının müəyyənləşdirdiyi siyasətin mərkəzində Azərbaycan vətəndaşı dayanır. Prezidentin diqqət və qayğısı sayəsində Azərbaycanın müasir təhsil modeli yaranır, ölkədə yeni təhsil konsepsiyası formalaşır. Milli dəyərlər üzərində qurulan təhsil modeli gənclərin nümunəvi vətəndaş kimi formalaşmasını təmin edir. 2003-cü ildən indiyə qədər ölkədə yüzlərlə məktəb tikilib, respublikada heç bir zaman olmayan geniş bazaya malik təhsil infrastrukturu yaradılıb. Statusundan asılı olmayaraq bütün məktəblərimizdə informasiya və kommunikasiya texnologiyaları ilə təminat proqramı çərçivəsində böyük işlər aparılıb.
Cənab İlham Əliyev öz liderlik keyfiyyətləri ilə XXI əsrin siyasi liderinin mükəmməl portretini yaradır. Yeni minilliyin başlanğıcında bu statusun dəyər və meyarlarını formalaşdırır. Bir tərəfdən klassik liderlik konsepsiyası, digər tərəfdən də müasir liderlərə münasibətdə irəli sürülən və ya təbii olaraq meydana çıxan tələblər prizmasından yanaşmaqla O, əsl liderin bütün keyfiyyətlərini özünün mənəvi və siyasi simasında təcəssüm etdirə bilir.
Aysel Mənsimova - politoloq
teref.az