Lokal anti-terror əməliyyatları bölgəyə davamlı sülh gətirəcəkdir

22-09-2023, 09:36           
Lokal anti-terror əməliyyatları bölgəyə davamlı sülh gətirəcəkdir
Azərbaycan dövləti Ermənistanla münasibətlərin normallaşması, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh müqaviləsinin imzalanması prosesinə həmişə sadiqdir. Belə ki, ölkəmiz postmüharibə dövründə də bu istiqamətdə bir neçə önəmli addımlar atıb. Dakin qarşı tərəfdən adekvat cavablar alınmayıb. Ancaq bununla belə, Azərbaycan dövləti son günlərədək Qarabağ regionundakı etnik ermənilərin Azərbaycan vətəndaşları kimi reinteqrasiyası, ölkə Konstitusiyası və Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq sazişlər çərçivəsində bütün hüquq və azadlıqlarının təmin olunması üzrə səylər göstərmiş və göstərməkdə davam edir. Son olaraq, Qarabağ regionundakı erməni sakinlərə Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından eyni anda istifadə etməklə Beynəlxalq Qızıl Xaç Komitəsinin yük avtomobilləri ilə malların çatdırılmasınv təşkil etmək Azərbaycanın gərginliyin azaldılmasına verdiyi digər töhvə idi.
Lakin təəssüflə qeyd edilməlidir ki, Azərbaycanın bu humanitar davranışlarına baxmayaraq işğalçı Ermənistan bütün vasitələrdən istifadə edərək ölkəmizin suverenliyini və ərazi bütövlüyünü hədəf almaq, ərazilərimizdə separatizmin mövcudluğunu qoruyub saxlamaq cəhdlərini davam etdirib. Məsələn, son günlərdə delimitasiya olunmamış sərhəddə və Qarabağ regionunda hərbi təxribatlar, Azərbaycan ərazilərində qeyri-qanuni yerləşdirilmiş 10 min hərbi qüvvəyə maliyyə, hərbi, texniki yardımlar, ərazilərimizin minalanması, Azərbaycanın və xarici ölkələrin mülki təyyarələrinə qarşı radio-elektron müdaxilə halları, “blokada”, “humanitar böhran” kimi əsassız iddialar və siyasi şantaj, qeyri-qanuni rejimə təbrik mesajları, qondarma separatçı rejimin “prezident seçkiləri” Ermənistan tərəfindən normallaşma prosesini pozmağa yönəlmiş təxribatçı addımlardır.
Xatırlatmaq lazımdır ki, Azərbaycan dəfələrlə bəyan edib ki, 10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli bəyanatın müddəalarına zidd olaraq, Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin öz mövcudluğunu davam etdirməsi regional sülh və sabitlik üçün ciddi təhlükə mənbəyidir. Məhz buna görə də sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki erməni silahlı qüvvələrinin genişmiqyaslı hərbi təxribatları və terror hücumları nəticəsində mülki şəxslər və hərbi qulluqçular həlak olub və yaralanıblar.
Bütün bunlara cavab olaraq, sentyabrın 19-da Azərbaycan Silahlı Qüvvələri haqlı olaraq antiterror tədbirlərinə başlayıb. Bu tədbirlər yalnız Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək, ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, dinc əhalinin təhlükəsizliyinin təmin olunması və Azərbaycan Respublikasının Konstitusiya quruluşunun bərpa edilməsi məqsədinə xidmət edir.
Antiterror tədbirləri nəticəsində hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərdilər. Ağır relyef şəraitində, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq, hərbçilərimiz qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etdilər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və Ermənistan dövlətinin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi, hərbi texnikası məhv edildi və sıradan çıxarıldı.
Vətən müharibəsinin gedişində olduğu kimi, bu dəfə də ordumuz tərəfindən mülki əhali və infrastruktur obyektləri hədəfə alınmadı, yalnız legitim hərbi hədəflər sıradan çıxarıldı. Ağ bayraq qaldıraraq təslim olduqlarını bildirən qanunsuz erməni silahlı birləşmələrinin sentyabrın 20-dən etbarən mövqelərdən çıxarılma və silahların təhvil verilmə prosesi başlandı. Artıq ordumuzun hissələri vaxtı ilə işğal edilən kənd və yaşayış məntəqələrini nəzarətə almağa başlayıblar.
Bu gün bölgədə yeni vəziyyətin yaranması labüddür. Bu ərazilərdə yaşayan ermənilər də separatçı rejimin əsarətndən qurtulmuş oldu. Sentyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib ki, “Bizim erməni xalqı ilə heç bir problemimiz yoxdur, ədavətimiz də yoxdur. Bütün haqsızlıqlara baxmayaraq, bütün kriminal Ermənistan rejimi tərəfindən törədilmiş cinayətlərə baxmayaraq, biz erməni xalqını bu cinayətlərdə heç vaxt günahlandırmamışıq. Xocalı soyqırımında, şəhərlərimizin, kəndlərimizin dağıdılmasında, qəbirlərin qazılmasında biz erməni xalqını günahlandırmamışıq. Biz kriminal rejimin ünsürlərini, başda duranlarını ittiham etmişik və biz onları məsuliyyətə cəlb edirik və edəcəyik. Bəziləri artıq öz layiqli cəzasını alıblar, bəziləri də alacaqlar”.
Ölkəmizin suverenliyi və ərazi bütövlüyü məsələsi xalqımız üçün müqəddəs və əzizdir. Bu məsələdə Ali Baş Komandan İlham Əliyevlə xalqın birliyi sarsılmaz bir qüvvədir və düşmənə ağır zərbələr vurmağın mühüm mənbəyidir. Bu lokal anti-terror əməliyyatların bir məqsədi var- Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun, Qarabağdakı terrorçu qrupların və Ermənistanın ordusunun tör-töküntülərinin kökü birdəfəlik kəsilsin. Xüsusilə mülki vətəndaşlarımızın həyatı qorunsun. Eyni zamanda, bu lokal anti-terror əməliyyatları həm də bölgəyə sülhün gətirilməsi üçün çox vacibdir.

Tufan Məmmədov – iqtisadçı ekspert












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.