Türk dünyasının həmrəyliyinə böyük töhfə olan Azərbaycan-Türkiyə birliyi

26-09-2023, 16:45           
Türk dünyasının həmrəyliyinə böyük töhfə olan  Azərbaycan-Türkiyə birliyi
Sentyabrın 25-də dünyanın diqqəti Naxçıvan Muxtar Respublikasına yönəldi. Azərbaycana növbəti rəsmi səfərini edən qardaş ölkənin Prezidenti Rəcəb Tayyib Ərdoğanı Türkiyəni Türk dünyası ilə birləşdirən Naxçıvanda dövlət başçısı İlham Əliyev qarşıladı. Türkiyə Prezidentinin Naxçıvan səfəri zamanı iki dost, qardaş, müttəfiq ölkənin sarsılmaz birliyi, həmrəyliyi bir daha bütün dünyaya nümayiş etdirildi. Azərbaycan və Türkiyə prezidentləri Naxçıvan Bərpa-istehsalat hərbi kompleksinin açılışında, İğdır-Naxçıvan qaz kəmərinin təməlinin qoyulması mərasimində iştirak etdilər. Qaz kəmərinin təməlinin qoyulması mərasimindən sonra Azərbaycan-Türkiyə sənədləri imzalandı. Bu sənədlər iki dost, qardaş ölkə arasında əlaqələrin inkişafında möhkəm hüquqi baza olaraq əhəmiyyətli rol oynayacaq.
Sentyabrın 25-də imzalanan sənədlər bizi 2020-ci ilin 10 dekabr tarixində ölkəmizdə keçirilən Zəfər paradında iştirak etmək üçün Azərbaycana səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səfər çərçivəsində sənədlərin imzalanması mərasimindən sonra azərbaycanlı həmkarı İlham Əliyevlə mətbuata birgə bəyanatlarında səsləndirdiyi fikirləri yada salmağa çağırış edir. Qardaş ölkənin Prezidenti həmin gün qeyd etmişdi ki, bu gün atılan imzalar, əslində, simvolik imzalardır. Atılacaq daha çox imzalar var. Bu imzalarla birlikdə inşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcək.
Həmin vaxtdan ötən üç ilə yaxın dövrdə Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına yönələn qarşılıqlı səfərlərin, həmçinin imzalanan sənədlərin say tərkibinə diqqət yetirdikdə bu imzaların işğaldan azad edilmiş Qarabağın və Şərqi Zəngəzurun fərqli şəkildə yüksəlişinə necə böyük təsir göstərdiyini görməmək mümkün deyil. Türkiyə şirkətləri bu gün azad Qarabağda və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işlərində fəal iştirak edirlər. Türkiyə Prezidenti azad Qarabağa və Şərqi Zəngəzura ilk səfər edən dövlət başçısıdır. Azərbaycan və Türkiyə prezidentləri hər zaman bir-birlərinin yanında olmaqdan qürur duyurlar. Qarabağın və Şərqi Zəngəzurun hava qapıları olan Füzuli və Zəngilan Beynəlxalq aeroportları məhz Azərbaycan və Türkiyə prezidentlərinin birgə iştirakları ilə dünyaya açılıb. Birgə atılan addımların miqyası o qədər genişdir ki, onların tam şəkildə xronologiyasını təqdim etmək mümkün deyil. Bu baxımdan şübhə yoxdur ki, Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri çərçivəsində imzalanan hər bir sənəd də əlaqələrin inkişafında yeni mərhələnin, yeni prioritetlərin müəyyənləşdirilməsində mühüm rol oynayacaqdır. Bu sənədlər arasında iki qardaş ölkə prezidentlərinin iştirakı ilə imzalanan “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Qars-Naxçıvan dəmir yolu layihəsinə dair Niyyət Protokolu”nu xüsusi qeyd etmək istərdim. Ümumilikdə, Azərbaycan və Türkiyə prezidentlərinin Naxçıvan görüşü bir çox yaddaqalan məqamlarla diqqətdə oldu.
Dövlət başçısı İlham Əliyev mətbuata bəyanatında Şuşa Bəyannaməsindən də bəhs etdi. Bu gün bu əlaqələr ən yüksək zirvədədir və bütün istiqamətlər üzrə əlaqələrimiz çox fəal dövrünü yaşayır. Türkiyədən Azərbaycanın bir parçası olan Naxçıvana qaz kəmərinin inşası ilə bağlı işlərə start verildi. Qars-Naxçıvan dəmir yolunun inşasına dair Niyyət Protokolunun imzalanması da tarixi hadisədir. Ölkə Prezidenti belə bir əminliyi ifadə etdi ki, bu layihə də uğurla həyata keçiriləcək və beləliklə, Orta Dəhlizin bir qolu kimi həm Azərbaycana, həm Türkiyəyə, həm də digər ölkələrə xidmət göstərəcək.
Səfərin vacib məqamlarından biri Naxçıvanda alternativ enerji resursları hesabına elektrik enerjisinin ötürülməsi və ixrac olunması üçün sistemin qurulmasının nəzərdə tutulduğudur. Çünki Naxçıvan bu sahədə böyük potensiala malikdir. Hazırkı dövrün əsas çağırışlarından birinin məhz bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması olduğunu nəzərə alsaq, bu mühüm məsələnin əsas müzakirə edilən mövzular sırasında olması təqdir edilir. Prezidentlərin mətbuata birgə bəyanatlarında bu mühüm addım da diqqətə çatdırıldı ki, bir neçə gündən sonra Naxçıvanda Türkiyə və Azərbaycanın vəzifəli şəxslərinin, beynəlxalq təşkilatların iştirakı ilə Türkiyə-Azərbaycan III Enerji Forumu keçiriləcək. Prezident İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, forumun nəticələri uğurlu olacaq. Naxçıvanın qazı, nefti olmasa da, günəşi var və Naxçıvanda günəş elektrik stansiyalarının inşası ilə bağlı böyük planlar var. Bu planlar gerçəkləşərsə, Naxçıvan yaşıl enerji zonasına çevrilə bilər.
Zəngin tarixə, sıx dostluq, qardaşlıq münasibətlərinə əsaslanan Azərbaycan-Türkiyə müttəfiqliyinin daha da dərinləşməsi üçün geniş imkanlar mövcuddur. Bu münasibətlər liderlərin şəxsi münasibətlərinin, səmimiyyətin əsasında daha da möhkəmlənir. Dünyaya nümunə olan bu dostluğa edilən əlavələr, Azərbaycan-Türkiyə birliyi ümumilikdə Türk dünyasının həmrəyliyinə böyük töhfədir. Zəngəzur dəhlizinin açılması türk birliyini daha da möhkəmləndirəcək.


Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.