Beynəlxalq riyakarlığın təzahürü
25-01-2024, 17:24
Yanvarın 22-də Avropa Şurası Parlament Assambleyasının qış yarım-sessiyasının açılış günündə ölkəmizə qarşı növbəti qərəzli addım atıldı. AŞPA-da Azərbaycanın nümayəndə heyətinin etimadnamələri təsdiq edilmədi. Almaniyalı deputat, sosialistlər siyasi qrupunun rəhbəri Frank Şvabe Azərbaycanlı deputatların etimadnamələrin substantiv əsaslarla mübahisələndirilməsi ilə bağlı təşəbbüsü irəli sürdü və həmin təşəbbüs təsdiqləndi. Beləliklə, AŞPA Azərbaycan nümayəndə heyətinin etimadnaməsini ratifikasiya etməkdən imtina etdi.
Avropanın bəzi ölkələri, xüsusulə də rəsmi Paris bir ovuc erməni lobbisinin əlində oyuncağa çevrilib. Həm müharibə, həm də postmüharibə dövründə Azərbaycana qarşı təxribatçı və siyasi reallıqları özündə əks etdirməyən bəyanatlarla və addımlarla yadda qalan Fransa rəhbərliyi, ilk növbədə, Prezident Emmanuel Makron ölkəsini daha da cılızlaşdıran addımlar atmaqda davam edir. Bu ölkə Senatının yanvarın 17-də Ermənistanın ərazi bütövlüyünü dəstəkləyən qətnamə qəbul etməsi bunun əyani təzahürüdür. Senat, həmçinin artıq ləğv olunmuş "Dağlıq Qarabağ"da hərbi əməliyyat keçirməsi ilə əlaqədar Azərbaycana qarşı sanksiyaların tətbiqinə çağırıb. Sözügedən kağız parçasında ötən ilin 19-20 sentyabr tarixlərində Azərbaycan tərəfindən həyata keçirilən antiterror tədbirləri “humanitar faciə və əsl etnik təmizləmə” adlandırılır. Ermənistana hərbi dəstək verməyə və Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsinə çağırış edilir.
Bütün bunlar bəzi avropalı deputatların açıq-aşkar anti-Azərbaycan siyasəti yürütmələrinə təkan verib. Müasir dövrdə bir sıra Qərb dövlətlərinin insan hüquqlarının müdafiəsi bəhanəsi ilə öz maraqlarını gerçəkləşdirmək cəhdlərinin tez-tez şahidi oluruq. Xüsusən də Ermənistanı açıq şəkildə müdafiə edən dövlətlər ölkəmizə qarşı zaman-zaman qarayaxma kampaniyası aparırlar. Ermənistanın işğalçı olduğunu elə erməni ideoloqları və işğalçı ölkənin rəhbər şəxsləri özləri də zaman-zaman etiraf edib. Ancaq dünyanın ikili standartları işğalçı tərəfin layiqli cavabını almasına imkan verməyib.
Avropa İttifaqının xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozep Borelin Azərbaycana qarşı böhtan dolu açıqlamaları davam edir. Bu açıqlamalarla Avropa İttifaqı Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesində bitərəf mövqe nümayiş etdirmədiyini bir daha sübut edir. Otuz ilə yaxın müddətdə Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması faktını bir dəfə də dilinə gətirməyən qurumun nümayəndəsinin Azərbaycana qarşı davamlı olaraq qərəzli mövqedən çıxış etməsi təəssüf doğurur. Belə bir şəraitdə Aİ-nin Azərbaycan ilə Ermənistan arasında sülh prosesində vasitəçilik missiyası mümkünsüzdür. Vasitəçi kimi prosesə töhfə vermək istədiyini bəyan edən beynəlxalq təşkilatın nümayəndəsinin tərəflərdən birinə qarşı hədələyici tonda bəyanat verməsi “vasitəçilik” prinsipinin mahiyyəti ilə uzlaşmır. Belə mövqe heç vaxt da qəbul edilə bildməz.
Şübhəsiz, 2023-cü ilin sentyabr ayında keçirilən antiterror tədbirlərinin hərbi təcavüz kimi qiymətləndirilməsi, eləcə də ermənilərin könüllü surətdə Qarabağı tərk etməsinin etnik təmizləmə və humanitar faciə adlandırılması kimi cəfəng və əsassız iddialar AŞPA-dakı bəzi deputatların regionda qarışıqlıq yaratma cəhd və bir sıra siyasi dairələrin sifarişidir.
AŞPA-nın qərəzli qərarı ilə bağlı Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti bəyanatla çıxış edib. Bəyanatda da açıq şəkildə AŞPA-nın ilk növbədə öz prinsiplərinə zidd olan, biabrçı bir addım atdığı ifadə olunur.
Azərbaycana qarşı atılan qərəzli addımların və irəli sürülən ittihamların heç bir əsası yoxdur. Eyni zamanda, nümayəndə heyətimiz vurğulayıb ki, Azərbaycan torpaqlarını Ermənistan 30 il ərzində işğal altında saxlayarkən biz bu məsələləri hər zaman gündəmə gətirmiş, işğalçı dövlətlə münasibətdən təzyiq metodlarını işə salınmasını tələb etmişdik. O zaman, heç bir konkret tədbir götülmədi. Ikili standartlarla işləyən avropalı deputatlar indi əsl simalarını ortaya qoydular. Bu təşkilat çərçivəsində Azərbaycana qarşı təzyiqlər işə salınır, nümayəndə heyətimizin etimadnaməsini təsdiqləmirlər. Bütün bunlar birbaşa ikili standartlarla yanaşı milli-etnik zəmində nifrətin, təkəbbürün ifadəsidir. Azərbaycan dövləti heç bir halda özünə münasibətdə bu davranışı qəbul etmir.
Bu hal AŞPA və onun rəhbərliyinin növbəti ikiüzlü siyasıtini bir daha sübut etdi və ölkəmizin bu təşkilatda fəaliyyətini mümkünsüz etdi.
İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası