Ölkənin iqtisadi tərəqqisi gələcək uğurların təminatçısıdır
15-02-2024, 16:43
Fevralın 7-də Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ölkəmizin bütün suveren ərazilərini əhatə etməsi baxımından müstəsna əhəmiyyət kəsb etdi. Qədirbilən xalqımız öz vicdan və vətəndaşlıq borcunu yerinə yetirmək üçün böyük sevinc hissi ilə seçki məntəqələrinə axışdı. Qalib Xalqımız Qalib Liderini yenidən öz rəhbəri seçdi.
Fevralı 14-də Milli Məclisdə keçirilən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin andiçmə mərasimində ölkə başçısı gələcək inkişaf perspektivləri ilə bağlı proqram xarakterli nitq söylədi. Prezident İlham Əliyev öz çıxışında bir sıra məqamlara, o cümlədən ölkənin gələcək iqtisadi inkişaf planlarından danışdı. Cənab Prezident bildirdi ki, son illərdə Azərbaycan iqtisadi sahədə böyük uğurlar qazanıb. Bu ilin yanvar ayının nəticələrinə nəzər salsaq görərik ki, ümumi daxili məhsul 5 faiz, qeyri-neft sektoru isə 12 faizdən çox artıb. Bu da önu göstəriri ki, ölkədə artıq iqtisadi artım templəri bərpa olunur. Müqayisə üçün qeyd edilməlidir ki, 2003-cü ildə ölkənin ümumi daxili məhsulu 7 milyard dollar idisə, 2023-cü ilin yekunlarına görə isə bu rəqəm 72 milyard dollar olmuşdur. Yəni, bu, 20 ildə ölkə iqtisadiyyatının inkişafının əsas göstəricisidir. Əgər Azərbaycanın 2003-cü ildə valyuta ehtiyatları 1,6 milyard dollar idisə, bu gün bu, artıq 69,5 milyard dollardır. Bu, da öz növbəsində Azərbaycana iqtisadi və maliyyə müstəqilliyi verən əsas amillərdən biridir.
Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən siyasət nəticəsində Azərbaycanın xarici borcu 6,4 milyard dollara düşüb, bu da ümumi daxili məhsulun cəmi 9 faizini təşkil edir. Müqayisə üçün qeyd etmək lazımdır ki, inkişaf etmiş ölkələrdə bu rəqəm 100 faiz, bəlkə də 140 faiz təşkil edir. Bu hal ölkənin sağlam maliyyə sisteminin göstəriciləridir və bu, Azərbaycana müstəqil siyasət aparmağa imkan verir.
Bu gün ölkədə sosial sahədə görülmüş işlər də göz qabağındadır. 2003-cü ildə ölkədə minimum əməkhaqqı 9 manat idisə, indi 345 manatdır. 2003-cü ildə Azərbaycanda minimum pensiya 20 manat idi və bu gün 280 manata çatıb. Orta pensiya 500 manatdan çoxdur. Orta əməkhaqqı 940 manatdır. Bu yetərli olmasa da, artım dinamikası var və dinamika davam edəcəkdir. Bu gün iqtisadi sahədə aparılan islahatlar artıq Azərbaycanda tamamilə yeni bir investisiya iqlimi yaradıb. Əgər əvvəlki illərdə investisiyalar daha çox neft-qaz sahəsinə qoyulurdusa, bu gün qeyri-neft sektoruna qoyulan sərmayə milyardlarla dollar səviyyəsindədir. Əldə edilmiş razılaşmalar, imzalanmış kontraktlar yaxın bir neçə ildə özünü daha qabarıq göstərəcəkdir.
Hazırda Azərbaycanda yoxsulluq 5 faiz səviyyəsindədir. 2003-cü ildə təxminən 50 faiz idi. İşsizliklə bağlı daim işlər aparılır. Müstəqillik dövründə ölkədə əhalinin sayı 3 milyon nəfər artıb və artan əhalisi olan ölkələrdə işsizlik bir qayda olaraq ciddi problemdir. Ölkədə hər il 10 minlərlə yeni iş yeri yaradılmalıdır. Bunun üçün əlbəttə ki, daxili resurslar kifayət deyil. Xarici sərmayəyə ehtiyac var və iqtisadi islahatlar, o cümlədən biznes mühitinin yaxşılaşdırılması, rəqabətlə bağlı, inhisarçılığa qarşı olan tədbirlər bu biznes mühitini yaxşılaşdıracaq. Əlbəttə ki, Qarabağ və Şərqi Zəngəzur bizim iqtisadi inkişafımızın yeni bir dayaq nöqtəsi olacaqdır. O bölgələrdə həm kənd təsərrüfatı, həm bərpaolunan enerji ilə bağlı layihələr, turizm layihələri qeyri-neft sektoruna böyük dəstək verəcəkdir.
Prezident İlham Əliyev öz çıxışında bildirdi: “Sosial sahədə vacib məsələlərdən biri şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsidir. Deyə bilərəm ki, bu kateqoriyadan olan insanlara dövlət tərəfindən 14 min 800 fərdi ev və ya mənzil verilmişdir. Bu kateqoriyadan olan insanların 100 faiz evlərlə təmin edilməsi prosesi sürətlə gedir, o cümlədən bu il və gələn il bu işlər görüləcək”.
Digər vacib vəzifələrdən biri də bərpaolunan enerji ilə bağlıdır. Burada da ölkəmiz ön sıralardadır. 2030-cu ilin sonuna qədər Azərbaycanda əsasən günəş, külək və hidro – su elektrik stansiyaları olmaqla 5 min meqavata yaxın bərpaolunan enerji növləri, yeni enerji növləri yaradılmalıdır. Xarici investorlarla imzalanan niyyət protokolları isə daha böyük rəqəm - təqribən 10 min meqavat haqqında bəhs edir. Beləliklə, Azərbaycan daha böyük həcmdə təbii qazını ixrac edə biləcəkdir. Elektrik enerjisinin böyük hissəsi bərpaolunan enerji hesabına istehsal ediləcək. Azərbaycan iqlim dəyişikliyi məsələlərinə də öz töhfəsini verəcəkdir. Belə ki, Azərbaycan bu ilin noyabrında COP29-a - dünya miqyasında ən böyük beynəlxalq konfransa ev sahibliyi edəcəkdir.
Ölkə başçısı həmçinin bildirib ki, “Ənənəvi yanacaq növləri - neft-qaz sahəsində işlər davam etdiriləcək. Neft hasilatının sabitləşməsi istiqamətində işlər gedir, hesab edirəm ki, yaxın gələcəkdə nəticələr olacaq. Bizə sabit neft hasilatı lazımdır və biz investorlar qarşısında bu vəzifəni qoymuşuq. Müəyyən narahatedici məqamlar olub və işgüzar qaydada təmaslar əsnasında bu məsələlərin həlli gözlənilir”.
Adil Hüseynov – Azərbaycan Dövlət İqtisad Universitetinın dosentı, iqtisadiyyat üzrə fəlsəfə doktoru