Cənub Qaz Dəhlizi qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir

2-03-2024, 11:36           
Cənub Qaz Dəhlizi qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir
Martın 1-də Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəyə baxış” və “COP29 fonunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” mövzularında plenar sessiyalarla davam edib.
Prezident İlham Əliyev martın 1-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasındakı çıxışında bildirdi ki, Avropa İttifaqından Azərbaycan qazına böyük tələbat var idi və indi də var. Dövlət başçısının sözlərinə görə, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri elə icra olunmalıdır ki, əsas hədəfimizə zərər dəyməsin. Təbii ki, qaz təchizatının şaxələndirilməsi istiqamətində atılan addımlar çox vacibdir. Cənub Qaz Dəhlizi qaz tədarükünü ikiqat artırmaq potensialına malikdir.
Qeyd edilməlidir ki, bu toplantı Məşvərət Şurasının 10 illik yubileyi və qlobal enerji keçidinə liderliyin Azərbaycana həvalə olunduğu COP29 ərəfəsində keçirilməsi ilə əlamətdardır. Məşvərət Şurası enerji təhlükəsizliyi və enerji keçidi məsələlərini uğurla inteqrasiya etməklə yeni dövrə ədalətli enerji keçidini təşviq edən platforma kimi daxil olur. Cənub Qaz Dəhlizinin inkişafı və qaz tədarükünün artırılması, “Xəzər-Qara-dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması və bərpa olunan enerjinin təchiz edilməsi region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələdir.
Azərbaycan Avropa İttifaqı ilə genişləndirilmiş strateji enerji tərəfdaşlığının bu mühüm prioritetinin icrasına artıq başlayıb. Nəticədə Avropaya qaz ixracında artım 45%-ə, tədarükçü ölkələrin sayı isə 8-ə yüksəlib. Ötən il Avropaya 11.9 milyard kubmetr, Türkiyəyə 9.5 milyard kubmetr, Gürcüstana isə 2.5 milyard kubmetr qaz ixrac olunub. Bu artım dinamikasında əlavə marşrut kimi Trans-Balkan kəmərindən istifadənin də rolu var. Azərbaycanın təmin etdiyi əlavə həcmlər bu ildən Serbiyanın, həmçinin ötürücülük gücü artırılan TAP-ın təchizatının da mənbəyidir. Bütün bunlar, eləcə da “Abşeron Faza1”, “AÇG Dərin Qaz”, “Ümid Mərhələ-2”, “Qarabağ” layihələrinin işlənilməsi üzrə görülən tədbirlər mövcud şəraitdə Azərbaycanın səylərinin və etibarlı tərəfdaş olmasının bariz göstəriciləridir.
2030-cu ilədək planlaşdırılan 10 QVt yaşıl enerji güclərinin ilkin mərhələdə 5 QVt-nın Qara dəniz və Türkiyə üzərindən yaşıl dəhlizlərlə Avropaya ixracı, həmçinin Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığın “yaşıl keçid”ə də töhfə verəcəyi qeyd olunub.
Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Kadri Simson çıxışında bildirib: “Bizə enerji təhlükəsizliyinə nail olmaq və bu mühüm onillikdə enerji keçidimizdə uğur qazanmaq üçün etibarlı tərəfdaşlar arasında daha çox dialoq və əməkdaşlığa ehtiyacımız var. Azərbaycan qaz təchizatında Aİ üçün etibarlı tərəfdaş olmaqda davam edir. Buna görə də biz indi də əməkdaşlığı yaşıl elektrik enerjisinə qədər genişləndirməyi araşdırırıq. Biz artıq bu ilin sonunda COP29 üzrə Azərbaycanla əməkdaşlığı səbirsizliklə gözləyirik”.
Azərbaycan bəşəri dəyərlərə hörmətlə yanaşan ölkədir və insanları narahat edən məsələlərdə zəruri addımların atılmasını hər zaman dəstəkləyir. COP29-un Azərbaycanda keçirilməsi də bunu təsdiqləyir. Belə bir mötəbər tədbirin keçirilməsinin Azərbaycana həvalə edilməsi bir tərəfdən ölkəmizə olan beynəlxalq etimaddırsa, digər tərəfdən Bakının güclü yaşıl gündəliyə malik olmasıdır. Ölkəmiz ənənəvi enerji resurslarının istehsalçısı olsa da, yaşıl enerjinin inkişafı istiqamətində də böyük işlər görür. Prezident İlham Əliyev çıxışında bu məqama toxunaraq diqqətə çatdırdı ki, COP29-un Azərbaycanda təşkil edilməsi barədə yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir.

Tufan Məmmədov – iqtisadçı ekspert














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.