Ciddi niyyət, real siyasət
2-03-2024, 12:36
“Yaşıl enerji”yə keçid, COP29-a ev sahibliyi etmək və 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın yaşıl gündəliyini nümayiş etdirir. Martın 1-də Bakıda, “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasları keçirilib.
Tədbirdə çıxış edən Prezident İlham Əliyev Azərbaycanın enerji siyasəti və bu strategiyada yaşıl enerji amilinin yeri və rolunu izah edib. Dövlət başçısı Cənub Qaz Dəhlizi layihəsinin Azərbaycanın uğur hekayəsi olmasını, ölkəmizin özünü etibarlı tərəfdaş kimi təqdim etdiyini qeyd edib.
Hazırda “yaşıl enerji”yə keçid, COP29-a ev sahibliyi etmək, bu qlobal mexanizmə töhfə vermək, 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın yaşıl gündəliyini nümayiş etdirir. Dövlətimizin məqsədi budur ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi və hər hansı digər təbii qaz layihələri icra olunarkən əsas hədəfə, ekoloji tarazlığın təmin olunmasına ziyan dəyməsin. Bu, Azərbaycanın ciddi niyyətini, real siyasətini və səylərini nümayiş etdirir.
Bu gün Avrasiyadakı geosiyasi vəziyyət məhz Azərbaycanın gördüyü işlərin nə dərəcədə düzgün olduğunu sübut edir. Cənub Qaz Dəhlizi tamamilə yeni marşrutdur. Bu gün ona artıq bir çox marşrutlar – interkonnektorlar əlavə edilib. Azərbaycan qazı yeni mənbədir. Yəni, biz bu formatda, təşəbbüskarı olduğumuz sözügedən layihədə enerjinin şaxələndirilməsi məsələlərinin tam şəkildə əhatə edildiyini görürük.
Ötən il baş verən vacib hadisələrdən biri Xəzər dənizinin Azərbaycana məxsus sektorunda, “Abşeron” qaz-kondensat yatağında təbii qazın kommersiya hasilatı oldu. Bu, “Şahdəniz”dən sonra ikinci nəhəng qaz ehtiyatlarının kəşfi deməkdir. “Abşeron” qaz-kondensat yatağı bizim gələcək şaxələndirmə layihələrimizin resurs bazasını təşkil edəcək. “Abşeron” layihəsinin ilk fazası artıq təsdiq edilib. Biz orada illik hasilatın 1.5 milyard kubmetr həcmində olmasını gözləyirik. İkinci faza ilə bağlı razılıq əldə edildikdən sonra daha 4-5 milyard kubmetr həcm əlavə ediləcəkdir ki, onun böyük əksəriyyəti beynəlxalq bazarlara nəql olunacaq. Bu gün Azərbaycan 8 ölkəyə qaz nəql edir ki, onlardan altısı Avropa ölkəsidir. Ötən il Avropada istifadəyə verilmiş interkonnektor layihələrinin təməlində, ilk növbədə, Cənub Qaz Dəhlizi layihəsi dayanır. İkincisi isə onlar bizə Avropada mümkün qədər çox məntəqələri əhatə etməklə bağlı səylərimizi davam etdirməyə imkan verəcəkdir.
Azərbaycan, həmçinin yaşıl enerjiyə keçid prosesində iştirak edir. Bu il Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. Bizim bərpaolunan enerji layihələrimiz yüksək göstəricilər nümayiş etdirir. Bu layihələr arasında ötən ilin oktyabr ayında Azərbaycanda açılışı edilən ilk böyük Günəş Elektrik Stansiyası yer alır və bu stansiyanın gücü 230 meqavatdır. Stansiya bərpaolunan enerji sahəsində aparıcı şirkətlərdən biri “Masdar” tərəfindən inşa olunub və bu, yalnız başlanğıcdır. İmzalanmış müqavilələrə və Anlaşma memorandumlarına əsasən 2030-cu ilədək Azərbaycan 5 min meqavata qədər, yəni 5 qiqavat günəş və külək enerjisi istehsal etməyi planlaşdırırıq.
Ölkəmizin əsas investorları Birləşmiş Ərəb Əmirliklərindən “Masdar” və Səudiyyə Ərəbistanından olan “ACWA Power” şirkətləridir. Həmçinin digər ölkələrdən olan şirkətlər də Azərbaycanla çalışır. Ölkəmizin bərpaolunan enerji ehtiyatları baxımından istər Xəzər dənizində, istərsə də quruda nəhəng pontensialı var. Azərbaycan “Qara Dəniz Yaşıl Kabel” layihəsi ilə Avropaya yaşıl enerjinin önəmli ixracatçılarından biri olmağı nəzərdə tutur.
Artıq qərara alınıb ki, bu layihə inteqrasiya edilmiş layihə olmaqla Xəzər dənizindəki külək dəyirmanlarından yeni ötürücü xətlərlə Qara dənizin dibi ilə Avropaya gedəcək. Beləliklə, bunlar Azərbaycanın planlarıdır. Əlbəttə ki, bərpaolunan enerji mənbələrimiz nə qədər çox olsa, indi elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qaza daha çox qənaət etmiş olacağıq. Bu da Cənub Qaz Dəhlizinə əlavə bir töhfə olacaqdır. Cənub Qaz Dəhlizi artıq 3 ildir ki, fəaliyyətdədir, bu layihə həqiqətən də uğur hekayəsidir. Bu, Avrasiyada ən böyük infrastruktur layihələrindən biridir. Uzunluğu 3500 kilometr olan inteqrasiya edilmiş boru kəməri sistemi olan bu layihə enerji təhlükəsizliyi və əməkdaşlıq layihəsidir. Çünki Cənub Qaz Dəhlizinin keçdiyi marşrut boyunca yerləşən bütün ölkələr arasında əməkdaşlıq olmasa, bu layihənin həyata keçirilməsi mümkün olmazdı.
Azərbaycan növbəti 100 il ərzində bərpaolunan enerji resursları olmadan yaşaya bilər. Bizim bütün ehtiyatlarımız təsdiq edilib və hər kəs bunu bilir. Lakin iqlim dəyişikliyi ilə bağlı olan bu qlobal COP29 tədbirinə ev sahibliyi etmək istəyimizin olması faktı bizim iradəmizi nümayiş etdirir. COP29-un Azərbaycanda təşkil edilməsi qərarı, yekdil qərar beynəlxalq birliyin ölkəmizə hörmətinin əlamətidir və bizim tədbirə ev sahibliyi etmək, bu işə töhfə vermək istəyimiz yaşıl gündəliyimizi nümayiş etdirir.
Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarən keçirilir və bu il tədbirin 10 ili tamam olur.
Cavid Əkbərov – araşdırmaçı jurnalist