Araz çayı üzərində hidroqovşaqların tikintisi tarixi hadisədir - İsrafil Kərimovun yazısı

21-05-2024, 17:27           
Araz çayı üzərində hidroqovşaqların tikintisi tarixi hadisədir -
Araz çayı üzərində hidroqovşaqların tikintisi tarixi hadisədir
İki dost və qonşu dövlət olan Azərbaycan Respublikası ilə İran İslam
Respublikası dövlət sərhədində - Araz çayı üzərində inşa edilən “Xudafərin”
və “Qız Qalası” hidroqovşaqları elektrik enerjisi istehsalı və suvarma
məqsədilə inşa edilib. Hidroqovşaqların layihələri Sovet İttifaqı ilə İran
arasında 1977-ci ilin oktyabrında imzalanan razılaşma əsasında hazırlanıb.
Layihələri 1990-cı illərin əvvəllərində yenidən işlənilən hidroqovşaqların
tikintisi Azərbaycan ərazisinin 20 faizi Ermənistan tərəfindən işğal edilməsi
nəticəsində dayandırılsa da, sonrakı dövrlərdə tikinti işləri yalnız İran İslam
Respublikası tərəfindən aparılıb.
2020-ci ildə Vətən müharibəsi nəticəsində Azərbaycanın torpaqları, o
cümlədən hidroqovşaqların tikildiyi ərazi işğaldan azad edilib. Araz çayı
üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik
stansiyalarının tikintisinin davam etdirilməsi, istismara qəbulu ilə əlaqədar
bəzi məsələlər barədə Sərəncama əsasən, 2021-ci ildə “AzərEnerji” ASC
Azərbaycan Respublikası tərəfindən sifarişçi kimi müəyyən edilib.
Araz çayının su ehtiyatlarından səmərəli istifadə olunmaqla elektrik
enerjisinin istehsalı və əkin sahələrinin su təminatının yaxşılaşdırılmasına
xidmət edəcək “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarında su
bəndlərinin tikintisi üzrə işlər tamamlanıb, su anbarlarının doldurulması
işlərinə başlanılıb. Hazırda “Xudafərin” su anbarında 503 milyon kubmetr,
“Qız Qalası” su anbarında isə 42 milyon kubmetr su yığılıb ki, bu da ümumi
tutumun 40 və 85 faizini təşkil edir.
İşlərin başa çatması ilə əlaqədar may ayının 19-da Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin və İran İslam Respublikasının
Prezidenti Seyid İbrahim Rəisinin iştirakı ilə Araz çayı üzərində inşa edilmiş
“Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası”
hidroqovşağının açılış mərasimi keçirilib.
Açılış mərasimində qeyd edilib ki, “Qız Qalası” hidroqovşağının açılışı
və “Xudafərin” hidroqovşağının istismara verilməsi tarixi hadisədir. Keçirilən
mərasim iki qonşu dövlət arasında dostluğun növbəti təzahürüdür. Bu gün
İran-Azərbaycan dostluğunun nə qədər möhkəm olmasını bütün dünya
görür. Bu dostluğun dərin kökləri, dərin tarixi var. Əsrlər boyu İran və
Azərbaycan xalqları bir yerdə yaşayıb-yaratmışlar və bu gün bu möhkəm
zəmin üzərində qurulan dövlətlərarası münasibətlər, hesab edirəm ki, ən
yüksək səviyyəyə qalxıb.
Azərbaycan Prezidenti İlham Əliyevin qeyd etdiyi kimi: “Bugünkü
mərasimin tarixi əhəmiyyəti, o cümlədən ondadır ki, ilk dəfə olaraq İran və
Azərbaycan prezidentləri sərhəddə görüşürlər. Bu, bir daha onu göstərir ki,
bu sərhəd dostluq sərhədidir, qardaşlıq sərhədidir. Qədim tarixdən gələn
qarşılıqlı hörmət, anlaşma, dəstək hissləri bu gün həm bu nəhəng layihədə,
aparılan danışıqlarda və əldə edilmiş razılaşmalarda özünü göstərir, eyni
zamanda, gələcək planlarımızda özünü göstərəcək”.
Bu gün bölgənin sabitliyi üçün, gələcək təhlükəsizlik tədbirlərinin
gücləndirilməsi üçün İran-Azərbaycan dostluğu, qardaşlığı önəmli amildir.
İran və Azərbaycan üzv olduqları bütün beynəlxalq təşkilatlarda bir-birini
dəstəkləyir və bundan sonra da dəstəkləyəcəklər. Qoşulmama
Hərəkatında, İslam Əməkdaşlıq Təşkilatında, ECO-da və BMT-də hər iki
dövlət bir-birinə dəstək verməklə, eyni zamanda, öz siyasətini, öz niyyətini
ifadə edirlər.
Ölkələrimiz arasında mehriban qonşuluq, qardaşlıq və dostluq
münasibətlərinin inkişafını təmin edən siyasətin töhfəsi olaraq uzun illərdir
fəaliyyət göstərən Araz, Mil-Muğan su anbarları və Araz Su Elektrik
Stansiyasından sonra Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası”
hidroqovşaqları və su elektrik stansiyaları layihəsinin həyata keçirilməsi
göstərir ki, Azərbaycan və İran öz aralarındakı sərhədi davamlı şəkildə
səmərəli əməkdaşlıq imkanlarına uğurla çevirən ölkələrdir.
Su tutumu 1,6 milyard kubmetr olan “Xudafərin” və 56,75 milyon
kubmetr su tutumuna malik “Qız Qalası” hidroqovşaqları, həmçinin hər bir
tərəf üçün ümumi qoyuluş gücü 140 MVt olan “Xudafərin” və “Qız Qalası”
su elektrik stansiyaları paritet əsasda ölkələrimizin maraqlarına xidmət
etməklə Azərbaycan-İran təcrübəsində transsərhəd sulardan istifadənin
örnəkləri olacaq.
Bu gün nəinki ölkələrimiz, həmçinin daha geniş coğrafiya üçün böyük
əhəmiyyət daşıyan Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin
yaradılması ilə əlaqədar birgə göstərilən səylər artıq real layihələrə çevrilib.
Bundan sonra həm İran ərazisində, həm də Azərbaycan ərazisində müasir
dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-
Cənub Beynəlxalq Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat
damarına çevirəcəkdir. Qeyd edək ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat
Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb. Daşımalar
bu ilin üç ayında da artıb. Bütövlükdə isə İranla Azərbaycan arasındakı
yükdaşımaların artımı 50 faizdən çoxdur və bu, hələ başlanğıcdır, dəmir
yolu tam istismara veriləndən sonra bu rəqəmlər daha da artacaq.
Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatı
nəticəsində 30 ilə yaxın Ermənistanın işğalı altında olan Cəbrayıl və
Zəngilan rayonlarının azad edilməsi ilə Azərbaycan-İran dövlət sərhədi tam
bərpa edildi, həmçinin ölkələrimiz arasında iqtisadi əməkdaşlıq üçün yeni
perspektivlər açdı. Belə ki, dövlət sərhədimizin bərpası Azərbaycan
ərazisindən yükdaşımaların həyata keçirilməsi üçün daha əlverişli imkanlar
açır. Bundan əlavə, illərdir ermənilər tərəfindən vəhşicəsinə dağıdılmış
ərazilərimizin bərpası işində də İran şirkətlərinin cəlb olunması mümkündür.
Artıq İranın bir sıra şirkətləri Azərbaycan Respublikasının işğaldan azad
edilən rayonlarına sərmayə yatırmağa hazır olduqlarını bildirib.
Sərhədlərimizin tam bərpasının verdiyi yeni imkanlar da xalqlarımızın,
ölkələrimizin dostluq münasibətlərinin daha da möhkəmlənməsinə və
genişlənməsinə xidmət edəcək.

İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.