Azərbaycanın uğurlu diplomatiyasının növbəti zəfəri

27-05-2024, 16:25           
Azərbaycanın uğurlu diplomatiyasının növbəti zəfəri
Qazaxın dörd kəndinin azad olunması Prezident İlham Əliyevin güclü siyasi iradəsinin göstəricisidir. Qazaxın 4 kəndinin qaytarılması Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin nəticəsi olaraq Azərbaycanın qazandığı növbəti tarixi qələbədir. Dövlət başçısı bütün prosesi dəqiq, məntiqi ardıcıllıqla davam etdirir.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu 2020-ci il Vətən müharibəsində işğala son qoydu, ötən ilin 19-20 sentyabrında isə Qarabağda həyata keçirdiyi antiterror tədbirləri ilə dövlətimizin suverenliyini bütün ölkə ərazisində tam bərpa etdi. Prezident Əliyevin yaratdığı ən yeni reallıqlar fonunda Rusiya sülhməramlılarının bölgəni vaxtından əvvəl tərk etməsi və Qazaxın dörd qeyri-anklav kəndinin azad olunması məqsədyönlü siyasətin nəticəsidir.
Azərbaycan Prezidenti hələ yanvar ayında yerli televiziyalara müsahibəsi zamanı Qazaxın 4 kəndi ilə bağlı məsələyə toxunmuşdu. Dövlətimizin başçısı həmin kəndlərin Azərbaycana qaytarılmalı olduğunu bildirmişdi. Bundan sonra Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan baş nazirinin müavini Mqer Qriqoryan arasında iki ölkənin dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın görüşündə razılaşdırılıb ki, işğal altında olan 4 qeyri-anklav kənd Azərbaycana qaytarılsın. Azərbaycan və eləcə də dünya ictimaiyyəti növbəti dəfə Prezident Əliyevin güclü iradəsini və qətiyyətini gördü. Vətən müharibəsi və 2023-cü ildəki lokal antiterror tədbirlərindən sonra Azərbaycan suverenliyini tam bərqərar etdi. Qazaxın 4 kəndinin geri qaytarılması başlanmış prosesin məntiqi davamıdır.
Qazaxın 4 kəndinin danışıqlar yolu ilə qaytarılmasının həm də böyük siyasi əhəmiyyətdi var Bir neçə müddətdir ki, bəzi Qərb dövlətləri, xüsusən də Fransa təbliğat aparırdılar ki, guya Azərbaycan Ermənistan ərazisinə hücum etməyə hazırlaşır. Danışıqlar yolu ilə, vasitəçilərsiz 4 kəndin qaytarılması nəinki bu yalan iddiaları alt-üst etdi, eyni zamanda kənar müdaxilələrin normallaşma prosesinə mənfi təsir etdiyini bir daha ortaya qoydu.
Artıq bu gün Qazax istiqamətində Azərbaycan-Ermənistan sərhədində sərhədçilərimiz fəaliyyətə başlayıb. Delimitasiya işləri nəticəsində 12,7 km uzunluğunda sərhəd xətti müəyyən edilmiş və bununla Azərbaycan Respublikasının Qazax rayonunun 4 kəndinin: Bağanıs Ayrım, Aşağı Əskipara, Xeyrımlı və Qızılhacılının ərazilərinin (6,5 km2) Azərbaycana qaytarılması təmin edilib.

Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.