Sinqapurda Eldar Əzizova Prezidentdən danışdılar

12-06-2024, 15:06           
Sinqapurda Eldar Əzizova Prezidentdən danışdılar
Bir neçə gün əvvəl Sinqapurda 9-cu Dünya Şəhərləri Sammiti keçirilib. Dünyanın bir sıra şəhərlərinin başçılarının iştirak etdiyi Sammitdə Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Eldar Əzizovun rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edib.
Banqkok, Qlazqo, Şanxay, Praqa, Rotterdam şəhərləri də daxil olmaqla ümumilikdə 87 ölkənin şəhər merlərinin iştirak etdiyi forumun əsas mövzusu şəhərlərin gələcəyi, yaşana bilən və davamlı şəhərlər olub. Sammit çərçivəsində yaşıl enerjiyə keçid, şəhərlərin daha sağlam olması, davamlı gələcək inkişaf və digər bu kimi mühüm məsələlər müzakirə edilib.
Forumda çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başcısı Eldar Əzizov tədbir iştirakçılarına Bakı haqqında məlumat verib. Bildirib ki, bu gün ölkə başçısı cənab İlham Əliyevin siyasəti nəticəsində Bakı şəhəri keyfiyyətcə dəyişib və kreativ şəhərə çevrilib. Paytaxtda 400-ə yaxın park salınıb və hazırda 10 yeni meqa-parkın tikintisi aparılır.
Səfər çərçivəsində nümayəndə heyətinin Sinqapurun davamlılıq və ətraf mühit naziri xanım Greys Fu ilə görüşü keçirilib. Xanım nazir Prezident İlham Əliyevlə qarşılaşmağı barədə xatirələrini bölüşüb, onun xarici dil bilikləri, siyasi savadı, problemləri düzgün analiz etmə qabiliyyətinə heyran olduğunu xüsusi vurğulayıb.
Görüşdə Eldar Əzizov xanım nazirə Bakı şəhəri haqqında nəşrləri təqdim edib.
Səfəri şərh edərkən Eldar Əzizov qeyd edib ki: “Sinqapurda olarkən özünəinam hissimiz daha da artdı. Prezident İlham Əliyevin siyasəti nəticəsində bu gün Bakı kommunal və bəzi diqər sahələrdə Sinqapurdan nəinki geri qalmır, bir sira göstəricilərə görə onu qabaqlayır. Bu gün Bakı şəhəri daha səliqəli və təmizdir. Bunu həm yerli vətəndaşlar, həm də şəhərimizə qonaq gələn çoxsaylı turistlər qeyd edir.”














Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.