Şuşa Qlobal Media Forumu mühüm beynəlxalq tədbirə çevrilir

22-07-2024, 18:22           
Şuşa Qlobal Media Forumu mühüm beynəlxalq tədbirə çevrilir
Bugünədək çoxsaylı beynəlxalq tədbirlərin keçirildiyi Şuşa şəhəri müstəqil Azərbaycanın tarixində ikinci dəfədir dünyanın aparıcı media və jurnalist təşkilatları rəhbərlərini, media və informasiya-kommunikasiya sahəsində nüfuzlu ekspertləri, tanınmış jurnalistləri qlobal səviyyəli forumda bir araya toplayıb.
İyulun 20-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşada milli mətbuatımızın 149 illiyi münasibətilə keçirilən "Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə" mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunda Azərbaycan Prezidenti İlham Əliyev iştirak edib. Ölkə başçısının çıxışı və suallara verdiyi dərin, əhatəli cavablar forumun əhəmiyyətini artırırdı. Sual-cavab formatında keçirilən Forum tarixi həqiqətlərə işıq salaraq ölkəmiz barədə dolğun məlumatın əldə edilməsində zəngin mənbə olacaq. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, forum iştirakçıları müzakirələr sayəsində ölkələrinə çox yaxşı nəticələrlə qayıdacaq. Prezident İlham Əliyevin söylədiyi hər bir fikir, gündəmə gətirdiyi hər bir məsələ, irəli sürdüyü təklif gələcək üçün bir ideya, istiqamətdir. Bütün dövrlər üçün informasiya mübarizəsinin vacibliyini nəzərə alsaq, belə tədbirlərin, beynəlxalq miqyas alan bu forumların keçirilməsi vacibdir. Prezident İlham Əliyevbildirbki, "Biz istərdik ki, Azərbaycanda və regionda baş verən hadisələr obyektiv şəkildə işıqlandırılsın". Bu sahədə müəyyən dezinformasiyalara rast gəlindiyini vurğulayan dövlət başçısı qeyd edib ki, vaxt keçdikcə Qərbdə siyasi dairələrdə reallıq daha çox üzə çıxır və Azərbaycana bərabər tərəfdaş kimi yanaşılır.
Forumun Milli Mətbuat Günü münasibətilə keçirilməsinin dərin rəmzi mənası var. Forum dünyanın diqqətini ölkəmizdə gedən quruculuq işlərinə cəlb etmək baxımından da əhəmiyyətlidir. Eyni zamanda, müasir texnologiyaların yaratdığı yeni şəraitdə Azərbaycan Prezidentinin mediaya diqqət göstərməsi və sosial mediada yazılanlara münasibət bildirməsi həm yerli, həm də beynəlxalq jurnalistlər üçün böyük önəm kəsb edir.
Qeyd edək ki, 50-yə yaxın ölkədən 150-dən çox xarici qonaq, o cümlədən 30-a yaxın ölkənin informasiya agentliyi, 3 beynəlxalq təşkilat və 82 media qurumunun qatıldığı Forum çərçivəsində müxtəlif mövzularda 4 panel sessiya da təşkil olunub. Panel sessiyalarda müxtəlif ölkələrdən olan rəsmilər, media və vətəndaş cəmiyyəti, dövlət və biznes nümayəndələri, beynəlxalq təşkilatların təmsilçiləri və media ekspertləri ətraflı fikir və təcrübə mübadiləsi aparələb. Bununla yanaşı, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar həyata keçirilən tədbirlər və hazırlıq işləri, ölkə səviyyəsində iqlim dəyişikliyinin təsirləri ilə aparılan mübarizə, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesində sərgilənən dayanıqlı yanaşma barədə məlumat verilib.
Dövr dəyişir, qarşıya yeni vəzifələr qoyulur. Azərbaycan mediası da zamanın tələbinə uyğun olaraq təkmilləşir, cəmiyyətin gözləntilərində də fərqlilik özünü aydın şəkildə büruzə verir. Belə ki, işğal, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsi dövründə cəmiyyət keçmiş Qarabağ münaqişəsi ilə bağlı həqiqətlər barədə dolğun məlumatların əldə edilməsində maraqlı idi. Hazırkı dövrün, postmünaqişə mərhələsinin tələbləri isə fərqlidir. Burada Qarabağın və Şərqi Zəngəzurun dirçəlməsi, sülh müqaviləsinin imzalanması ilə bağlı hazırkı vəziyyət barədə informasiyalar ictimaiyyət üçün daha çox maraqlıdır. Yazılı və elektron KİV-lər bu tələbatın ödənməsi üçün bütün səylərini səfərbər edir. Dövlət başçısı forumdakı çıxışında bu çağırışı etdi ki, bu gün yenə də öz həqiqətlərimizi sübut etməyə məcburuq. Çünki bizə qarşı bu gün yenə də kampaniya davam edir. Qələbəmizi həzm edə bilməyən, uğurlarımıza qısqanclıqla yanaşan, bizə qarşı açıq informasiya savaşına çıxanlara tutarlı, real arqumentlərlə cavab verməliyik və veririk. Məhz bunun nəticəsidir ki, bu gün bütün bu iftiralara, böhtanlara, yalanlara baxmayaraq, Azərbaycanın sözü, Azərbaycan xalqının, dövlətinin haqlı səsi eşidilir və bunun əsas aləti bizim media resurslarımızdır. Ona görə cəmiyyətdə mövcud olan həmrəylik və birlik bu üstünlüyü bizə təmin edir.
Prezident İlham Əliyev Forumda çıxışı zamanı qeyd etdi ki, Azərbaycan kimi ölkədə media qurumları işini olduqca yüksək səviyyədə quraraq işləməlidir ki, dövlətimiz üçün mühüm önəm daşıyan xəbərə, yaxşı və ya pis hazır olsun. Sosial media cəmiyyətin nəbzini hiss etməli və yaxın köməkçisi olmalıdır. Respublikamızın iqtisadiyyatı yüksək səviyyədə inkişaf etdiyinə görə region dövlətləri içərisində öndə gedir. Özünü dünyada enerji istehsalçısı kimi sübut edən Azərbaycan Avropanın enerji təhlükəsizliyinin etibarlı tərəfdaşlarından biri kimi təqdim edir. Ölkəmiz Beynəlxalq Şərq-Qərb, Şimal-Cənub nəqliyyat qovşağı kimi məsuliyyətli vəzifəni layiqincə yerinə yetirib. Bütün bunların sayəsində təbii olaraq respublikamızın regional və dünya iqtisadiyyatında rolu və əhəmiyyəti xeyli yüksəlib. Ardıcıl və sistemli şəkildə həyata keçirilən sosial siyasət nəticəsində insanların həyat şəraitinin yüksəldilməsi, rifahının yaxşılaşdırılması sahəsində möhtəşəm nailiyyətlər əldə edilib. Bu gün də ölkəmiz Cənubi Qafqaz regionunda inkişafına, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılması sahəsində apardığı islahatlara görə dünya mediasının diqqət mərkəzindədir. Əminliklə deyə bilərik ki, aparılan bu siyasət davamlı olacaqdır.
BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 Azərbaycanın ev sahibliyi edəcəyi daha bir mühüm beynəlxalq tədbirdir. Ölkəmizin belə bir tədbirə ev sahibliyi etməsi Azərbaycanın dünyada artan nüfuzunun, möhkəmlənən yerinin və dünya siyasətində iştirak payının göstəricisi, müxtəlif dövlətlərin və beynəlxalq təşkilatların Bakıya olan marağının parlaq ifadəsidir. "Bizim COP heyətimiz çox səmərəli işləyir və vaxtının böyük hissəsini xaricdə keçirir, müxtəlif görüşlər keçirir", - deyən dövlət başçısı əlavə edib ki, ölkəmizin COP-la bağlı gündəliyi proqnozlaşdırıla bilən, aydın və hədəflərə, məqsədlərə və nəticələrə köklənmiş bir gündəlikdir. Prezident əlavə edib ki, bu tədbir qlobal miqyasda ən mühüm hadisələrdən biridir. Bu, dünyada bir nömrəli konfransdır. Bu, misilsiz bir şansdır ki, biz ən yüksək liqaya daxil oluruq.
Dövlət başçımızın mühüm mesajlar verdiyi Forumda aparılan müzakirələrin ölkəmiz üçün müsbət nəticələri olacaq.


Ramil Qədimquliyev – hüquqşünas, BDU-nin doktorantı













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.