Ölkədə sağlam ruhlu gənclik yetişir

14-08-2024, 18:27           
Ölkədə sağlam ruhlu gənclik yetişir
Gənc və müstəqil Azərbaycanda bu gün idman cəmiyyətin ayrılmaz hissəsinə çevrilib. Hazırda Azərbaycan dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub. Sözsüz ki, bu uğurların təməli Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan siyasi kursla bağlıdır. İdmanın inkişafı bir neçə vacib məqsədlə təmin edilir: ilk növbədə, ölkəmizin idman şöhrətini yüksəklərə qaldırır, eyni zamanda, idmanın kütləviliyini təmin edilir. İdman infrastrukturunun yaradılması ilə bu kütləvilik daha da geniş vüsət almışdır. Azərbaycan nisbətən gənc müstəqil dövlətdir. Bütün sahələrdə olduğu kimi, idman sahəsində də böyük uğurlar qazana bilmişik. Bu gün Azərbaycan idmançıları hər bir rəqib üçün çox ciddi sınaqdır və idman ölkəsi adını qazanmaq asan məsələ deyildir. Azərbaycan idmanı yeni dövrə qədəm qoyub və yeni başlanğıcın da önündə olimpiyaçılarımız gedir. Azərbaycan olimpiyaçılarının nailiyyətləri xalqımızın qürur mənbəyinə çevrilib. Onların göstərdiyi şücaət gənclərin istinad yeri olmaqla yanaşı, həm də vətənpərvərlik öyrəndiyi bir məsələdir. Azərbaycan olimpiyaçıları davamlı olaraq ölkəmizə medallar gətirib, qələbələr qazandırması gənclərin bu sahəyə olan marağını yüksəldir.
Bir neçə gün əvvəl başa çatmış XXXIII Paris Yay Olimpiya Oyunlarında idmançılarımız ölkəmizi ləyaqətlə təmsil edərək 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanmışlar. Ölkəmiz bu oyunlarda dünyanın ən güclü 30 ölkəsinin arasında yer almışdır. Həmçinin Olimpiadada iştirak edən və 57 dövlətin üzv olduğu İslam Əməkdaşlıq Təşkilatı ölkələri arasında Azərbaycan üçüncü yerdə qərarlaşıb və bu öz növbəsində çox gözəl və tarixi nəticədir.
Avqustun 14-də Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev XXXIII Paris Yay Olimpiya Oyunlarında medal qazanmış Azərbaycan idmançılarını və onların məşqçilərini qəbul edərək bu münasibətlə idmançıları və onların məşqçilərini təbrik edən dövlətimiz başçısı deyib: “Olimpiya Oyunları bütün digər idman yarışları arasında xüsusi yer tutan bir yarışdır, dörd ildən bir keçirilən idman bayramıdır və əlbəttə ki, hər bir idmançı, hər bir ölkə bu Oyunlara xüsusilə hazırlaşır. Bizim Olimpiya Oyunlarındakı uğurlarımız əvvəlki illərdə də, son Oyunlarda da göstərir ki, Azərbaycan güclü idman dövlətidir”.
Xüsusilə qızıl medalçılarımızı – Hidayəti və Zelimi ürəkdən təbrik edən ölkə başçısı qyd edib ki, məhz onlar Olimpiya Oyunlarının ilk günlərində bu qələbə sevincini xalqımıza bəxş ediblər. Onların həm peşəkarlığı, həm idmandakı uğurları və eyni zamanda, davranış qaydaları hər birimizi ürəkdən sevindirdi. Onlar uzun illər ərzində öz çəki dərəcələrində liderliyi qoruyublar və bu liderliyi Olimpiya Oyunlarında bir daha təsdiq ediblər. Qalib idmançıların məşçilərini də təbrik edən ölkə başçısı federasiyada təlim-məşq prosesinin düzgün qurulmasını, buradakı ab-havanın gözəl olmasını vurğulayıb.
Qeyd edilib ki, olimpiadada iştirak edən Azərbaycan idmançıları beş idman növündə - cüdo, boks, taekvondo, yunan-Roma güləşi, sərbəst güləş üzrə medallar qazanıblar. Bu da onu göstərir ki, Azərbaycanda idmanın bir çox növləri inkişaf edir.
İdman sahəsində qazanılan nailiyyətlər həm də dövlətin ümumi inkişaf səviyyəsini, iqtisadi potensialını müəyyənləşdirən vacib meyarlardan biri kimi təbliğati-siyasi məzmun kəsb edir. Bu baxımdan Azərbaycanın dinamik inkişafı idmanda qazanılan uğurlarla bir paralellik təşkil edir. Həm qazandığımız medallar, həm idman komplekslərinin tikintisi, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi imicinin möhkəmlənməsi bir vəhdət təşkil edərək idman sahəsindəki uğurlarımızın əsasını təşkil edir. Azərbaycan dünyada elə ölkələrdəndir ki, bütün sahələrdə əldə olunan nailiyyətlər konsepsiyaya əsaslanır. O cümlədən də, idman sahəsindəki qələbələr, nəticələr də məhz konsepsiyaların, uzun dövr üçün hazırlanan proqramların nəticəsində əldə olunub. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, idmanın inkişafı dövlət siyasətidir və bu inkişafı müəyyən edən bütün amillər Azərbaycanda var. Prezident İlham Əliyevin şəxsi səyi sayəsində bölgələrdə gənclərin sağlam şəkildə yetişdirilməsi, ölkəmizin genefondunun-gənclərimizin sağlam ruhda böyüməsi üçün əsaslı addımlar atılır.


İlqar Əliyev – Dövlət İdarəçilik Akademiyası












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.