Azərbaycan Ordusunun növbəti uğuru

15-09-2024, 15:47           
Azərbaycan Ordusunun növbəti uğuru
Azərbaycan Ordusunun Qarabağ iqtisadi rayonunda həyata keçirdiyi antiterror tədbirlərinin məqsədi bu ərazilərdə konstitusiya quruluşunun bərpa edilməsi, vətəndaşların təhlükəsizliyinin təmin olunmasıdır. Cünki, heç bir dövlət öz ərazisində qanunsuz silahlı birləşmələrin mövcudluğu ilə razılaşa bilməz.
Qanunsuz silahlı birləşmələrin və Ermənistan ordusunun qalıqlarının Azərbaycan ərazisində mövcudluğu ölkənin milli təhlükəsizliyinə təhdid yaradır, buna görə də antiterror tədbirləri zərurətə çevrilib.
Son dövrlər işğaldan azad olunmuş ərazilərdə baş vermiş mina terroru Ermənistanın və onun dəstəklədiyi separatçı xuntanın fəaliyyətinin nəticəsi idi. 2020-ci il noyabrın 10-dan sonrakı dövrdə işğaldan azad edilmiş ərazilərdə 314 nəfər minadan zərər çəkib. Onlardan 61 nəfəri həlak olub, 253 vətəndaşımız yaralanıb. Eyni zamanda, qanunsuz silahlı birləşmələr mütəmadi olaraq digər təxribatlar törədirdi. Separatçı xuntanın döyüş mövqelərinin şəxsi heyət, zirehli texnika, artilleriya qurğuları və digər atəş vasitələri ilə gücləndirilməsi, bölmələrin yüksək döyüşə hazırlığı səviyyəsinə gətirilməsi, Azərbaycan Ordusunun bölmələrinə qarşı kəşfiyyat fəaliyyətlərinin genişləndirilməsi müşahidə olunurdu. Buna görə də Azərbaycan dövləti antiterror tədbirlərini həyata keçirmək məcburiyyətində qaldı.
Antiterror tədbirləri üçtərəfli Bəyanatın müddəalarının təmin olunmasına, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınmasına xidmət edir. Ermənistandan fərqli olaraq, Azərbaycan Ordusunun hədəfi mülki obyektləri və dinc sakinlər deyil. Ermənistan silahlı qüvvələrinin mövqeləri və atəş nöqtələri, hərbi təyinatlı obyektləri yüksək dəqiqlikli silahlar vasitəsilə məhv edilir. Azərbaycan Silahlı Qüvvələri yalnız legitim hərbi hədəfləri sıradan çıxarır. Müdafiə Nazirliyi Ermənistan silahlı qüvvələrinin birləşmələri tərəfindən yaşayış yerlərinin yaxınlığında atəş vasitələrinin yerləşdirilməsini nəzərə alaraq, ərazidə olan mülki əhaliyə müvafiq xəbərdarlıqlar edib.
Bildirilib ki, Azərbaycan qanunlarına və beynəlxalq humanitar hüquq normalarına uyğun olaraq inzibati, sosial, təhsil, tibbi, dini və digər obyektlərin mühafizə və müdafiəsi təşkil ediləcək. Qadınlar, uşaqlar, qocalar, habelə fiziki məhdudiyyətli şəxslər və xəstələrə lazımi tibbi və digər yardımların göstəriləcəyi də bəyan edilib. Dinc sakinlərin təhlükəli ərazidən təxliyəsini təmin etmək üçün humanitar dəhliz və qəbul məntəqələri də yaradılıb. Bütün bunlar Azərbaycan Ordusunun antiterror tədbirləri zamanı mülki şəxslərin qorunmasını təmin etmək üçün atdığı addımlardır.

Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi qazisi













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.