Azərbaycan çoxtərəfli diplomatiya ilə qlobal dialoqa töhfə verir

Bu gün, 15:30           
Azərbaycan çoxtərəfli diplomatiya ilə qlobal dialoqa töhfə verir
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Prezident İlham Əliyevin səfər çərçivəsində Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit, BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşləri oldu. Həmin görüşlərdə səsləndirilən fikirlər Azərbaycanın qlobal problemlərin həllinə böyük töhfələr verdiyini bir daha təsdiq etdi.
Builki Sammitin əsas mövzusu “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin gücləndirilməsi”dir. Sammitə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS Sammitinin əsas prinsipinin problemlərə qarşı müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsidir. Sammitin əsas məqamlarından biri də BRICS-in genişlənməsi, yeni üzvlərin qəbul edilməsidir. Bu, BRICS-in daha böyük beynəlxalq təşkilata çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir.
Azərbaycan BMT Baş Assambleyasından sonra ikinci böyük təsisat olan və dünyanın 120 dövlətinin təmsil olunduğu ən böyük siyasi təsisat kimi böyük nüfuza malik Qoşulmama Hərəkatına sədrlik edib. 2011-ci ildə üzv qəbul olunan Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olması ölkəmizin böyük nüfuzunu daha da artırdı. Bu ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü idi. Onu da qeyd edək ki, quruma üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü bir il də artırılaraq ötən ilin sonlarında başa çatdı.
Ölkəmizin quruma sədrliyi dövrü dünyanı cənginə alan koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi, həmçinin postmünaqişə dövrünə təsadüf etsə də Azərbaycanın Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlar daim üzvlər tərəfindən təqdir edildi.
Əsas diqqət göstərilən məsələlərdən biri məhz ölkəmizin gələn ay COP29-a ev sahibliyi oldu. Dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında çıxış etdi. Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.
Azərbaycan malik olduğu imkanlardan, təcrübədən istifadə edərək hazırda iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələrini artırmağa səy göstərir. Ötən ilin sonunda COP29-un ölkəmizdə keçirilməsi barədə qərarın qəbul edilməsi də bu məqamlara işıq saldı. Reallıq budur ki, Azərbaycan COP29-un sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Bu kontekstdə həm də BRİCS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir. BRICS-ə üzv dövlətlərin Azərbaycanın qurumda təmsil olunmasında maraqlı olmaları ölkəmizin xarici siyasətinin prinsiplərinin dəyişməzliyinə söykənir. Bunun üçün hazırda quruma artan marağı şərtləndirən amillərə diqqət yetirmək kifayətdir. BRICS-in fəaliyyətinin əsasını təşkil edən prinsiplər suveren bərabərlik, öz inkişaf yolunun seçiminə hörmət, maraqların qarşılıqlı nəzərə alınması, çoxqütblü dünya nizamını və qlobal maliyyə, ticarət sisteminin ədalətli modelini formalaşdırmaq istəyi, dövrün ən aktual problemlərinin birgə səylər nəticəsində həlli yollarının axtarışıdır. Azərbaycan hər zaman xarici siyasətində bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsiplərini öndə saxlamaqla, çoxqütblü dünya nizamının formalaşmasına töhfələri ilə diqqətdədir. Dövlətimizin başçısı sözügedən Sammitdəki çıxışında da bu məqamı xüsusilə tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

Metin Hüseynov - siyasi sərhçi, politoloq













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.