Azərbaycanın BRICS-ə marağını şərtləndirən prinsiplər

Bu gün, 16:10           
Azərbaycanın BRICS-ə marağını şərtləndirən prinsiplər
Oktyabrın 22-də Kazanda öz işinə başlamış XVI BRICS sammitinin Rusiya üçün son dərəcə mühüm əhəmiyyəti var. Sammit istər diplomatik, istər mənəvi, istərsə də siyasi baxımdan Moskvaya çox böyük üstünlüklər qazandırır.
Kazan sammitinə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı qatılıb. Ən əsası isə toplantıda BMT-nin Baş katibi Antonio Quterreş iştirak edir. “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliliyin gücləndirilməsi” mövzusunda keçirilən sammiti Rusiya üçün önəmli edən daha bir fakt isə onun ölkənin müasir tarixində yüksək səviyyəli xarici qonaqların sayına görə ən irimiqyaslı tədbir olmasıdır.
Ümumən, 30-a yaxın ölkə quruma üzvlük və ya tərəfdaş dövlət statusu almaq istəyini bəyan edib. Həmin ölkələr sırasında Azərbaycanla yanaşı, Bəhreyn, Belarus, Pakistan, Əlcəzair, Qazaxıstan, Tailand, Kuba, Banqladeş, Boliviya, Venesuela, Vyetnam, Honduras, Zimbabve, İndoneziya, Çad, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Seneqal, Suriya, Türkiyə, Uqanda, Şri-Lanka, Ekvatorial Qvineya, Eritreya və Cənubi Sudan yer alır. Məhz buna görə də hazırda Braziliyanın, Rusiyanın, Hindistanın, Çinin, Cənubi Afrikanın, Misirin, Efiopiyanın, İranın, Səudiyyə Ərəbistanının və BƏƏ-nin təmsil olunduğu təşkilatın Kazan sammiti dünya geosiyasətinin mərkəzi hadisəsidir.
Sammitdə regional münaqişələr, xüsusilə Yaxın Şərq və Ukrayna məsələləri diqqət mərkəzindədir. Fələstin və İsrail arasındakı münaqişə, Qəzza müharibəsi, İran və İsrail arasındakı qarşıdurmalar da həmçinin. Bu səbəbdən tədbiri hazırkı mürəkkəb dünya düzəninin müzakirə olunduğu alternativ platforma kimi dəyərləndirmək mümkündür.
Məlum oldudu kimi, BRICS beş sürətlə inkişaf edən ölkədən ibarət olan bir qrupdur (Brazil, Rusia, India, China, South Africa– BRICS). Braziliya kənd təsərrüfatı məhsulları ilə zəngindir, Rusiya dünyada ən böyük mineral resursların ixracatçısıdır. Hindistan ucuz intellektual resurslara, Çin isə ucuz əmək resurslarına malikdir. Cənubi Afrika Respublikasına gəldikdə isə ölkə təbii resurslarının çoxluğu ilə seçilir.
Ekspertlər də hesab edirlər ki, sırf iqtisadi blok kimi yaradılmış qurumun geosiyasi reallıqlara təsir qüvvəsi böyükdür. Bunu təşkilatın başlıca prinsipləri də təsdiqləyir. Belə ki, BRICS çətinliklərə qarşı müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsini prioritet sayır. Kazan sammiti də bu amillərin vurğulandığı və onlara nəzərən real mexanizmlərin işə salınması perspektivinin dəyərləndirildiyi mühüm platforma sayılır.
Eyni zamanda, o da vurğulanmalıdır ki, BRICS qarşılıqlı əlaqədə olan, bir-birinə kömək göstərən dövlətlər klubudur. Ən başlıcası isə üzv ölkələr bir-birinə qarşı sanksiyalar tətbiq etməmək kimi qeyri-rəsmi öhdəliklər götürürlər. Bu o deməkdir ki, onlar üçün başlıca prinsip qarşılıqlı şəkildə müstəqilliyin dəstəklənməsidir. Belə yanaşma isə anti-Qərb xarakteri daşıyır. Çünki Qərbin ənənəvi mübarizə üsullarından ən mühümü başqa dövlətləri özündən asılı hala gətirməkdir. Yeri gəlmişkən, 2023-cü ilin sonunda alıcılıq qabiliyyəti paritetində BRICS-in qlobal ÜDM-dəki payı rekord həddə - 35,7 faizə çatıb. Müqayisə üçün deyək ki, Dünya Bankının məlumatlarına görə, G7 ölkələrində bu göstərici üzrə 29 faiz azalma qeydə alınıb.
Azərbaycan və BRICS əlaqələrinə gəlincə, vurğuladığımız kimi, ölkəmiz artıq bu təşkilata üzvlük istəyini ifadə edib. Azərbaycan Kazan sammitində “BRICS+” və “Outreach” formatlarında iştirak edib. Təşkilata yeni üzvlərin qəbulu məsələsi aktuallığını qoruyur və bu cəhət Kazan sammitinin gündəliyindən də görünür. Belə ki, toplantıda yeni üzvlər üçün “tərəfdaş dövlət” statusunun rəsmiləşdirilməsi nəzərdə tutulur. Bütün bunlar öz yerində, ölkəmiz uzun müddətdir ikili standartlar siyasətinə məruz qalır, onun təsirlərini üzərində hiss edir. İkili standartlar siyasəti isə özünü ədalətsiz yanaşmalarda göstərir. Bu o deməkdir ki, Azərbaycan BRICS-ə, ilk növbədə, ədalətli platforma kimi yanaşır.
Ölkəmiz yeni dünya düzənində Cənubi Qafqaz üzrə başlıca aktordur. Belə bir missiya onun dünya siyasətindəki yeri və rolu ilə bağlı əlverişli perspektivlər açır. Ölkəmiz hər cəhətdən buna layiqdir. Ancaq haqqında söz açdığımız ikili standartlar siyasəti ədalətsizliyə, ayrı-seçkiliyə əsaslandığından, Azərbaycanın mövqeyi və statusu layiqincə dəyərləndirilmir. Deməli, rəsmi Bakının özünə daha faydalı və əlverişli düzən axtarması təbiidir.
BRICS Qərbə, deməli, həm də ABŞ-yə qarşı olan platformadır. Ancaq belə yanaşma hərbi deyil, iqtisadi amillər üzərindədir. Təşkilatda mühüm rol oynayan ölkələrin isə dünya iqtisadiyyatındakı rolları böyükdür. Yəni, bu baxımdan da ölkəmiz üçün fayda var. Azərbaycan BRICS-də təmsilçiliklə çətinliksiz, bərabərhüquqlu şəkildə iqtisadiyyatını diferensiallaşdırmaq imkanına malikdir.
İqtisadi əlaqələr həm də sabitlik və əminamanlıq deməkdir. Ölkəmiz Cənubi Qafqazın sülh və əməkdaşlıq məkanına çevrilməsində maraqlıdır. Bu maraq üçün təminat lazımdır. Hesab edirik ki, BRICS-də təmsilçiliyin verdiyi təminatlar daha ciddidir. Prinsipcə, quruma daxil olan ölkələr Qərb imperializminə qarşı duruş gətirmək, təkqütblü dünyanın ədalətsiz əsaslarını sarsıtmaq istəyirlərsə, başqa yolları yoxdur. Onlar səmimi davranmalı və real əməkdaşlıq konturlarına üstünlük verməlidirlər.

Tufan Məmmədov – iqtisadçı ekspert














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.