Şanlı Qələbə işıqlı gələcəyə yol açdı - İsrafil Kərimovun yazısı
1-11-2024, 11:38
Tarixi qələbəmizlə başa çatmış 44 günlük Vətən müharibəsində
Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
altında Qarabağda başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində 5
şəhər, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi. Qarabağın tacı olan Şuşa
şəhərinin 2020-ci il noyabrın 8-də işğaldan azad edilməsi isə Ermənistan
rəhbərliyini kapitulyasiya aktını imzalamağa məcbur etdi. Kapitulyasiya
aktına görə, noyabrın 20-si Ağdam və 25-i Kəlbəcər,dekabrın 1-i isə Laçın
rayonları Azərbaycana qaytarıldı. Beləliklə, Azərbaycan müharibəni həm
döyüş meydanında, həm siyasi müstəvidə qazandı.
Vətən müharibəsinin ilk saatlarından etibarən Azərbaycan xalqı
Türkiyənin dəstəyini hiss etdi. Qardaş Türkiyənin dəstəyi müharibənin
aqibətini müəyyən etmiş həlledici amillərdən biri oldu. Təcavüzkar ölkə və
onun hamiləri bir daha gördülər ki, Türkiyə hər zaman olduğu kimi,
Azərbaycanın yanındadır və onun maraqlarını sonadək müdafiə edəcək.
Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı bu gün uğurla
davam edir. Qardaş ölkə Vətən müharibəsində olduğu kimi, bu gün də
Azərbaycanın yanındadır. Türkiyə Respublikasının Prezidenti Rəcəb
Tayyib Ərdoğanın 2022-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava
Limanının, bu il oktyabrın 20-də Zəngilan Beynəlxalq Hava Limanının açılış
mərasimlərində, eləcə də Zəngilan və Cəbrayıl rayonlarında bir sıra
obyektlərin təməl qoyma tədbirlərində iştirakı bunun bariz nümunəsidir. Bu
il daha bir neçə beynəlxalq miqyaslı tədbir azad edilmiş ərazilərdə təşkil
edildi. Buna misal kimi 2023-cü il sentyabrın 29-də Zəngilanda BMT-nin
Məskunlaşma Proqramının və Azərbaycan Respublikasının Dövlət
Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşlığı ilə keçirilən
“Şəhərsalma Həftəsi 2023” tədbirləri çərçivəsində “Davamlı şəhərlər iqtisadi
inkişafın hərəkətverici və bərabərsizliklərlə mübarizə aparan qüvvəsi kimi”
mövzusunda 2-ci Azərbaycan Milli Şəhərsalma Forumu keçirildi. artıq 2-ci
ildi ki, Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı şəhər günlərinin keçirilməsinə
başlanılıb, digər azad edilən şəhərlərin də günü böyük təntənə ilə qeyd
edilir.
Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb
Tayyib Ərdoğanın Zəngilanın Ağalı kəndində mətbuata birgə bəyanatlarla
çıxışları zamanı dövlətimizin başçısı bir daha bəyan etdi ki, iki qardaş
ölkənin birliyi və dostluğu sarsılmazdır və bundan sonra belə də olacaq:
“Mən bu gün fürsətdən istifadə edərək Azərbaycanın azad edilmiş
torpaqlarında fəaliyyət göstərən bir çox Türkiyə şirkətlərinə öz təşəkkürümü
bildirmək istəyirəm. Onların yorulmaz səyləri nəticəsində bu gün bu
bölgədə yollar salınır, dəmir yolları çəkilir, tunellər tikilir, infrastruktur
layihələri gerçəkləşir. Bu, bir daha bizim birliyimizin, qardaşlığımızın
təcəssümüdür. Tam əminəm ki, bundan sonra da Türkiyə və Azərbaycan iki
qardaş ölkə kimi bir yerdə irəli gedəcək, xalqlarımız bir-birinə daha da yaxın
olacaq, dövlətlərimiz bundan sonra da uğurlu əməkdaşlıq edəcək. Beləliklə,
Türkiyə ilə Azərbaycanın birgə gücü daha da təsirli olacaq”.
Bu gün Azərbaycan xalqı tamamilə dağıdılmış böyük ərazidə yeni
həyat qurur. Azad edilmiş ərazilərə səfərləri ilə Prezident İlham Əliyev öz
sevincini xalqı ilə bölüşməklə yanaşı, həmin əraziləri tez bir zamanda bərpa
etmək, dirçəltmək əzmində olduğunu əyani nümayiş etdirib. Azad edilmiş
şəhərlərimizdə, kəndlərimizdə artıq geniş inşaat və infrastruktur işləri gedir,
xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, hava
limanları, dəmir yolları, tunellər tikilir, məscidlər, muzeylər bərpa edilir. Bu
məsələlərdə hər bir vətəndaşımız fəal olmalıdır.
Çox fərəhverici və qururlu haldır ki, Şanlı Zəfərimizin 4-cü ildönümünü
daha böyük sevinclə qeyd edirik. 2023-cü il sentyabrın 19-da cəmi bir gün
davam edən Lokal Antiterror tədbirləri nəticəsində Qarabağ ərazisindəki
qanunsuz erməni silahlı dəstələrinin qaldığı digər ərazilərimiz də tam
şəkildə Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Ötən il oktyabrın 15-də xalqımız növbəti sevincli və fəxredici gününü
yaşadı. Həmin gün Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali
Baş Komandan İlham Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd
şəhərlərində, Xocalı rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su
anbarının ərazisində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı.
Həmçinin ölkə başçısı Şuşa rayonunun Malıbəyli kəndində, Xankəndi
şəhərinin Kərkicahan qəsəbəsində, Əsgəran qalasında oldu, Tərtər
rayonunun Suqovuşan qəsəbəsində İstirahət parkının aşılışında iştirak etdi
və Ağdam-Füzuli avtomobil yolunun tikintisi ilə tanış oldu. Bu əlamətdar və
qürurverici hadısələr cənab İlham Əliyevin Azərbaycan Respublikasının
Prezidenti seçilməsinin 20-ci ildönümündə baş verdi.
Artıq Qarabağ tam azaddır. Burada genişmiqyaslı quruculuq-abadlıq
işləri həyata keçirilir. Ən qururverici hadisələrdən biri isə noyabrın 8-də
oldu. Həmin gün Azərbaycan 44 günlük Vətən savaşındakı Qələbənin
üçüncü ilini - Zəfər Gününü Xankəndi şəhərində keçirilən hərbi paradla
qeyd etdi.
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü