Dövlət Bayrağı Günü ölkəmiz üçün ən tarixi günlərdən biridir - İsrafil Kərimovun yazısı
2-11-2024, 10:40
Dövlətimizin üçrəngli bayrağı Azərbaycan suverenliyinin və
müstəqilliyinin rəmzidir. Bayraq tarixən hər bir xalq üçün müqəddəs olub.
İnsanlar öz dövlətlərinin bayraqlarına həmişə ehtiramla yanaşıblar. Ona
görə də, bayraq insanlar, xalqlar üçün həmişə müqəddəs hesab edilib. Bu
mənada ölkəmizdə Dövlət Bayrağı Gününün qeyd olunması həm
dövlətimiz, həm də xalqımız üçün olduqca əlamətdar bir hadisədir, eyni
zamanda keçib gəldiyimiz yola, tarixə qısa bir nəzər salmaq imkanıdır.
Bayraq bizim müstəqilliyimizi dərk etməyimiz, onun qədrini – qiymətini
bilməyimiz baxımından tapındığımız, kölgəsinə sığındığımız müqəddəs bir
varlıqdır.
Dövlət bayrağı gününün qeyd olunması Azərbaycan Xalq
Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli Dövlət bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin
iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti
Nazirlər Şurasının binası üzərində qaldırılıb. Təəssüf ki, müstəqil dövlətimiz
yalnız 2 il yaşayıb və 1920-ci il aprelin 28-də bolşevik işğalı ilə sona çatıb.
70 il keçəndən sonra Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu,
yenidən üçrəngli bayrağımız dalğalanmağa başladı. Biz yenidən
bayrağımızla fəxr etmək, onunla qürur duymaq imkanı əldə etdik. 17
noyabr 1990–cı il tarixində Ümummilli lider Heydər Əliyevin təklifi ilə
üçrəngli bayrağımız Naxçıvan Ali Məclisinin qərarı ilə Naxçıvan Muxtar
Respublikasının dövlət bayrağı kimi qəbul olundu. Daha sonra üçrəngli
bayraq bütövlükdə Azərbaycanın dövlət bayrağı kimi qəbul olundu.
2009-cu il noyabrın 17-də Azərbaycan Prezidenti İlham Əliyev
“Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi
haqqında” Sərəncam imzalayıb. Həmin il dekabrın 4-də isə Milli Məclis
noyabrın 9-nu Dövlət Bayrağı Günü kimi rəsmiləşdirildi.
Təbii ki, müstəqilliyimiz asanlıqla əldə olunmayıb. Bu bayrağın
dalğalanması üçün nə qədər qanlar tökülüb, nə qədər insanlar şəhid olub.
Dünya ictimaiyyəti də xalqımızın öz bayrağına, öz atributlarına bu qədər
sayğılı olduğunu görür. Ulu Öndər Heydər Əliyevin bəyan etdiyi kimi
Azərbaycan müstəqilliyi əbədidir, daimidir, dönməzdir və üçrəngli
bayrağımız da daim zirvələrdə dalğalanacaq.
30 illik həsrətdən sonra bu gün üçrəngli bayrağımız doğma
Qarabağımızda – Şuşada, Ağdamda, Zəngilanda, Füzulidə, Kəlbəcərdə,
Qubadlıda, Laçında dalğalanır. Nəhayət ki, 2023-cü il oktyabrın 15-də
xalqımız növbəti sevincli və fəxredici gününü yaşadı. Həmin gün
Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyev Xankəndi, Ağdərə, Xocalı, Xocəvənd şəhərlərində, Xocalı
rayonunun Əsgəran qəsəbəsində, Sərsəng su anbarının ərazisində
Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldı.
Sevindirici haldır ki, bu gün Azərbaycan bayrağı BMT-də, Avropa
Şurasında dalğalanır və hər bir vətəndaşımız iftixarla deyə bilər ki, var
millətimin imzası imzalar içində. Qoy bu iftixarımız əbədi olsun!
İsrafil Kərimov – Azərbaycan Jurnalistlər Birliyinin üzvü