Dünyaya səs salan Xankəndidəki Zəfər paradı
5-11-2024, 09:28
8 Noyabr - Zəfər Günü kimi şanlı tariximizin ən parlaq səhifələrindən biridir. Keçən il noyabrın 8-də qeyd edilən Zəfər Gününü daha da əlamətdar edən hadisələrdən biri də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndi şəhərində hərbi paradı qəbul etməsi oldu. Məhz Vətən müharibəsində qazanılmış tarixi zəfərimizə həsr olunmuş möhtəşəm hərbi paradın Xankəndi şəhərində keçirilməsi Azərbaycanın gücünün dünyaya nümayiş etdirilməsidir.
4 il bundan əvvəl, 44 gün davam edən Zəfər yürüşümüz möhtəşəm qələbəmizin əldə olunması ilə nəticələndi. Cəbhənin bütün istiqamətlərdə inamla irəliləyən qəhrəmanlarımız əlbəyaxa döyüşlərə girərək Şuşa şəhərini düşmən işğalından bir dəfəlik azad etdi. 8 Noyabr tarixində həmin gün Prezident İlham Əliyev ata vəsiyyətinə əməl etdiyini və Şuşa şəhərinin işğaldan azad edilməsi xəbərini bizlərə verdi. Müharibənin davam etdiyi 44 gün ərzində işğalda qalmış torpaqlarımızın düşməndən azad olunması müjdəsini dövlət başçısından eşidən xalqımız Şuşanın azad olunmasını xüsusi təntənə ilə qeyd etdi. Dövlət başçısının hələ müharibənin gedişi zamanı Şuşasız bizim işimiz yarımçıq qalar deməsi, əslində Şuşa şəhərinin timsalında bütün işğal olunmuş ərazilərimizin azad olunacağının anonsu idi. Məhz Qarabağın tacı sayılan, həm relyef həm də coğrafi cəhətdən alınmaz qala sayılan Şuşanın düşmən işğalından azad olunması xüsusi peşəkarlıq tələb edirdi.
Yüngül silahlarla döyüşən igidlərimiz Şuşada qazanılmış qələbə ilə növbəti dəfə düşmənə ən ağır zərbəni vurdu. Vətən müharibəsində ordumuz yalnız erməni hərbi qulluqçulara qalib gəlmədi, həm də Ermənistan və onun himayədarlarına dövlətimizin gücünü göstərdi. Ermənistan tərəfi Azərbaycanın qətiyyətli mövqeyini və qəhrəmanlarımızın döyüş meydanındakı şücaətini gördükdən, habelə Şuşa şəhərinin işğaldan azad olunmasından sonra təslim olmağa məcbur oldular. Qəhrəmanlarımızın göstərdiyi şücaət, diplomatik müstəvidə qazanılmış qələbə Ermənistanın məğlubiyyətini qaçınılmaz etdi, erməni ordusunun 12 mindən artıq hərbi qulluqçusu döyüş meydanında qoyub qaçması, düşmənin qorxaq mahiyyətini bir daha nümayiş etdirdi.
Şuşa zəfərimizdən sonra Ermənistan siyasi rəhbərliyi məğlubiyyəti dərk edərək kapitulyasiya aktını imzalamağa məcbur oldu və nəticədə Ağdam, Kəlbəcər və Laçın rayonları bir güllə atılmadan düşməndən azad olundu. Dövlət başçısı Xankəndi şəhərində paradda çıxış edərkən bildirdi ki, “onsuz da bu rayon və şəhərlərimizi işğaldan azad edəcəkdik, sadəcə Azərbaycan Ordusundan şəhid olmasını istəmədim.
Məhz 2003-cü ildə Azərbaycan Prezidenti seçilərkən, xalqımızın qarşısında and icərkən verdiyi sözü tutub, düşmən işğalına son qoydu, suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdi. 2020-ci ilə qədər münaqişənin dinc yolla nizama salınmasında yeganə məqsəd məhz Vətən övladlarımızın şəhid olmasının qarşısını almaq idi. Təəssüf ki, Ermənistan heç zaman sülh istəmədi, işğalçılığına son qoymadı, təcavüzü dayandırmadı, əksinə sistemli olaraq təxribatlar törətdi”.
Ermənistan 2020-ci ilin 10 noyabr tarixində üçtərəfli bəyanat imzalanarkən Qarabağdan çıxarılmasını üzərinə vəzifə olaraq götürdü, lakin, 3 ilə yaxın müddət ərzində yenə bu öhdəliyini icra etmədi, qoşunlarını Qarabağdan çıxartmadı. Nəticə etibarı ilə keçən ilin sentyabr ayının 19-da başlamış və 24 saatdan da az davam edən lokal xarakterli antiterror əməliyyatları zamanı düşmənə növbəti dəfə sarsıdıcı zərbə vuruldu. Azərbaycan Ordusu yüksək peşəkarlıq göstərək hərbi obyektləri sıradan çıxarıb, strateji yüksəklikləri ələ keçirdi və nəticədə düşməni təslim olmağa məcbur etdi. Bu təslimiyyət özü ilə birlikdə qondarma rejimin də birdəfəlik sonunu gətirdi.
2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Müzəffər Ali Baş Komandan tərəfindən verilən mesajlar aydın idi, Ermənistan rəhbərliyi dərk etməlidir ki, revanşist mövqeyindən birdəfəlik əl çəkməlidir. Sülh müqaviləsini imzalamalı və sülhün qarşısında əngəl olmamalıdır. Əks təqdirdə dövlət başçısının təbilincə desək “Dəmir Yumruq yerindədir!”
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru