Qərbin Ermənistanı dəstəkləməsi bölgədə mövcud olan kövrək sülhə təhdiddir
12-11-2024, 11:24
Prezident İlham Əliyevin noyabrın 8-də tarixi Zəfərimizə həsr edilən parkın açılışını etməsi hər birimiz üçün olduqca sevindirici haldır. Ölkəmiz uzun müddət kifayət qədər çətin və mürəkkəb geosiyasi şəraitdə erməni işğalı ilə mübarizə aparıb, beynəlxalq hüquq çərçivəsində torpaqlarımızı geri qaytarmağa çalışıb. Lakin çox təəssüf hissi ilə qeyd edirəm ki, biz heç vaxt beynəlxalq ictimaiyyətin səmimiyyətini və işğalla bağlı qəti mövqe nümayiş etdirdiyinin şahidi olmadıq.
44 günlük müharibə zamanı işğalçı Ermənistan daha çox dəstəkləndi, onun təcavüzkar davranışları görməzdən gəlindi və bu yetməzmiş kimi Azərbaycana işğalla barışmaq təklifləri edildi. Lakin Prezident İlham Əliyev heç vaxt işğalla barışmadı. Onun qətiyyətli addımları və prinsipial mövqeyi nəticəsində əzəli torpaqlarımız hərbi gücün tətbiqi ilə geri qaytarıldı. Bu, Azərbaycanın təkcə Ermənistan üzərində deyil, onun havadarları, işğalda bilavasitə iştirak edən güclər üzərində qələbəsi idi. Elə bu səbəbdən müharibədən sonra Cənubi Qafqazda siyasi müstəvidə yeni geosiyasi reallıqlar yarandı.
Noyabrın 8-də Bakıda Zəfər parkının açılışı zamanı bir sıra mühüm açıqlamalar verən dövlətimizin başçısı, xüsusilə regiondakı siyasi proseslər və Ermənistanın revanşist meyilləri fonunda silahlandırılmasına qarşı qəti şəkildə mövqe nümayiş etdirdi. Heç kimə sirr deyil ki, Qərb Ermənistanı dəstəkləməklə bölgədə mövcud olan kövrək sülhə təhdid yaradır. Onların davranışları Ermənistanın növbəti müharibəyə hazırlaşmasına rəvac verir. Lakin Azərbaycan bütün qarayaxma kampaniyasına və hərbi təhdidlərə rəğmən öz prinsipial mövqeyində qətidir və heç bir qüvvə bizi yolumuzdan döndərmək iqtidarında deyil.
Ermənilərin Qarabağı, Şərqi Zəngəzuru viran qoymalarını diqqətə çatdıran dövlətimizin başçısı müharibədən sonra Ermənistanın, eləcə də onların Qərbdəki havadarlarının həyasızlığından da söz açıb. Bildirib ki, indi bəzi Qərb havadarları Ermənistandan “sülh göyərçini” düzəltmək istəyirlər: “Sanki bu 30 illik işğal olmayıb, dağıntılar olmayıb, vəhşilik olmayıb, Xocalı soyqırımı olmayıb”. Bununla da onlar Ermənistanın vəhşiliklərini ört-basdır etməyə çalışırlar. Üstəlik, onlar, başqa sözlə desək, anti-Azərbaycan qüvvələr, bəzi Qərb paytaxtlarında oturan islamofoblar, azərbaycanofoblar Ermənistanı silahlandırmaqla yeni müharibəyə təhrik edirlər. Bu, Ermənistan dövləti üçün tam faciə ola bilər.
Azərbaycanı bütün beynəlxalq təhdidlərə baxmayaraq öz müstəqil siyasətini aparmaqda, bölgədə sülhün, əmin-amanlığın bərqərar, daha doğrusu, davamlı olması istiqamətində səylərini davam etdirir: ”Ermənistan silahlandırma siyasətindən əl çəkməlidir, buna son qoyulmalıdır”. Dövlətimizin başçısı, həmçinin xatırladıb ki, əgər kimsə yenidən bizim gücümüzü sınamaq istəyirsə, yenidən məğlub olacaq, yenidən biabır olacaq: “Çünki 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı, bizim Zəfərimiz təkcə Ermənistanın məğlubiyyəti deyil, onların arxasında duranların acı və alçaldıcı məğlubiyyətidir”.
Vahid İsmayılov
Tarix üzrə fəlsəfə doktoru