USAİD dövlət çevrilişləri və məxməri inqilablar həyata keçirmək

Bu gün, 08:16           
USAİD dövlət çevrilişləri və məxməri inqilablar həyata keçirmək
USAİD-in “radikal fanatiklər” tərəfindən idarə edildiyini söyləyən ABŞ prezidenti Trampın həmin təşkilatın mahiyyətini ortaya qoyması onun “maskasının” artıq cırıldığından xəbər verir. Xüsusən də USAID-in internet saytının ləğv edilməsi həmin təşkilatın “son nəfəsinin” kəsilməsi deməkdir. İstənilən halda, fəaliyyəti ancaq “ara qarışdırmaqdan” ibarət olan bir təşkilat üçün bu, məntiqi sonluqdur.
Tamamilə açıq şəkildə İlon Mask tərəfindən USAID-in “cinayətkar təşkilat” adlandırılması və onu ləğv etmək çağırışı birmənalı olaraq yerinə düşdü və əslində, bu, çoxdan gözlənilən idi. “Biz USAID-i ləğv etmək prosesindəyik”, deyən Mask belə çıxır ki, həmin təşkilatının sonunun çatdığını bildirmiş olub. O, bunu əsaslandırıb da. Xüsusən də qeyd edib ki, USAİD-i bərpa etmək mümkün deyil. Deməli, həmin təşkilatın “bəlkə də qaytardılar” kimi bir ümidi belə ola bilməz. “Bu qurdu olan alma deyil, sadəcə, bir qurd dəstəsidir. Alma da artıq yoxdur və ona görə də hər şeyi atmaq lazımdır”, fikirləri də İlon Maska məxsusdur və bu, artıq həmin təşkilatın “atılması”, yəni, sonu deməkdir.
USAID barədə kifayət qədər məlumatlar var, çünki onun fəaliyyəti artıq illərdir ki, çoxlarına bəllidir. Həmin təşkilatın mahiyyət etibarı ilə məhz Amerika xarici kəşfiyyatının bölmələrindən biri olduğu qənaəti də yanlışlıq deyil. Məsələ burasındadır ki, USAİD-in adı gələndə ancaq ölkələrin daxili işlərinə müdaxilə edən bir təşkilat insanların fikrində canlanmış olur. Çünki həmin təşkilatın hansı müdaxilələrlə bir çox ölkələrin işlərinə qarışdığı çoxdan bəllidir. Bəlli olan odur ki, USAİD ancaq dövlət çevrilişləri və məxməri inqilablar həyata keçirmək planlarını reallaşdırmaq niyyətindədir və bir çox ölkələrdə buna nail olub da.
Son iki ildə USAİD məhz 9,5 milyard dolları ancaq müxtəlif ölkələrdə “vətəndaş cəmiyyəti” yaratmaq üçün ayırıb. Ən radikal liberal dəyərləri fəal şəkildə təbliğ edən bir təşkilat olması fonunda həmin vəsaitlərin nəyə görə ayrıldığı aydın olur. Təsadüfi də deyil ki, Tramp onun liderlərini radikal fanatik adlandırıb. İndi həmin radikal fanatiklərin də, onların təşkilatının da sonu çatıb və hər halda, belə bir məntiqi sonluq səbəbsiz deyil. Yəqin ki, müxtəlif ölkələrdə qarışıqlıq yaratmaq, məxməri inqlablar törətmək, dövlət çevrilişləri üçün külli miqdarda vəsaitlərin xərclənməsindən Amerikanın özü belə sonda tamamilə bezib və vəsaitləri radikal məqsədlər naminə “küləyə sovuran” bir təşkilatın sonuna məntiqi şəkildə qərar verilib.
Azərbaycana qarşı USAİD deyilən həmin o sonu çatmış təşkilatın düşmən mövqe sərgilədiyini vətəndaşlarımız çox yaxşı bilirlər. Yaxşı bilirlər ki, həmin təşkilatın sonuncu direktoru Samanta Pauerin ölkəmizə qarşı hərəkətləri düşmənçilikdən başqa bir şey deyildi. Qarabağ xuntasının keçmiş qondarma “dövlət naziri” olan Ruben Vardanyanla USAİD rəhbərinin yaxın təmasları da məlumdur və bu təmasların təfərruatları artıq Azərbaycan üçün qətiyyən “sirli” deyil. Bu təmaslar “qaranlıq məqamlar” olsa da, Ruben Vardanyanın məhz Azərbaycanın istintaq orqanlarına ifadəsi zamanı Pauerin adını çəkməsi ilə bir çox məqamlar daha da aydın olub və tam çılpaqlığı ilə üzə çıxıb.
İstər Samanta Pauer, istərsə də onun rəhbəri olduğu USAİD əslində, öz-özünü məhv etdi. İkili yanaşma, ədalətsiz mövqe sərgiləyən, bir çox dövlətlərin daxili işlərinə müdaxilə edən, burum soxan, qarışıqlıq yaratmaq üçün bütün mümkün vasitələrə əl atan, ən çirkin üsullardan əl çəkməyən bir təşkilatı da, onun haqqı, ədaləti tapdalamaqdan çəkinməyən rəhbərini də sonda belə bir aqibət gözləməli idi. Bir sözlə, bu, tamamilə məntiqi sonluq sayılır. Əvvəla ona görə ki, məhz USAİD-in timsalında hərhansı bir təşkilat haqsızlıq, ədalətsizlik, ikili yanaşma və bir sözlə ikiüzlülük ortaya qoyursa, öz fəaliyyətində simasızlıq nümayiş etdirirsə, həmin təşkilat ilk növbədə öz imicini, öz nüfuzunu ayaqlar altına atmış olur.
Özünü guya hansısa “dəyərlərin qoruyucusu” kimi göstərməyə çalışan və maliyyə yardımları ilə buna nail olacağını zənn edən bir qurum heç də nüfuzlu ola bilməz. Çünki ədalətsizlik, haqsızlıq, ikili yanaşma və ikiüzlülük nümayiş etdirən bir təşkilat dərhal “gözdən düşmüş” olur. Məhz ədalətsizlik, haqsızlıq, beynəlxalq normalara belə məhəl qoyulmaması həmin təşkilat barədə ümumiyyətlə, ciddi bir qurum olmadığı qənaətinə əsas verir.


Altay Əliyev – Şəhid ailələri, əlillər və müharibə veteranlarının müdafiəsi İctimai Birliyinin fəxri üzvü













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.