Azərbaycanın Afrika ölkələri ilə münasibətləri yüksələn xəttlə inkişaf edir

Bu gün, 16:31           
Azərbaycanın Afrika ölkələri ilə münasibətləri yüksələn xəttlə inkişaf edir
Azərbaycan ilə Somali arasında diplomatik əlaqələr 2004-cü ilin mart ayının 22-də qurulub. İki ölkə arasında bir sıra istiqamətlər, o cümlədən kənd təsərrüfatı, balıqçılıq, neft və qaz sənayesi, yaşıl enerji, humanitar, təhsil sahələri üzrə əməkdaşlığın inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Bu istiqamətlərdə qarşılıqlı təmasların və təcrübə mübadilələrinin aparılması xüsusi əhəmiyyətə malikdir.
Somali Prezidenti Hasan Şeyx Mahmudun fevralın 11-12-də Azərbaycana rəsmi səfər etməsi bu əməkdaşlığın yeni mərhələyə keçdiyini göstərir. Azərbaycan ədalətli və bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalaraq Afrika qitəsi ilə əlaqələrini daha da gücləndirmək niyyətindədir.
Prezident İlham Əliyev Somali Prezidenti Hasan Şeyx Mahmudla fevralın 12-də mətbuata bəyanatlarla çıxışı zamanı deyib ki, Somali Prezidenti Hasan Şeyx Mahmudla iki ölkə arasındakı sərmayə imkanlarını müzakirə ediblər. "Somali Prezidentinin səfərindən əvvəl Azərbaycanın böyük nümayəndə heyəti bir həftə öncə Somaliyə səfər etmiş, əsasən, səfərin hazırlanması və eyni zamanda, gələcəkdə güclü iqtisadi, siyasi və mədəni əlaqələrin qurulması üzərində çalışmışdır", - Prezident vurğulayıb.
Prezident İlham Əliyev bu prosesin davam etməli olduğunu diqqətə çatdırıb: "Düşünürəm ki, Prezidentin rəsmi səfəri nəticəsində biz digər heyəti konkret hədəf və məqsədlərlə sərmayə sahələrini müəyyən etmək, eləcə də Azərbaycanın sərmayələri qəbul oluna biləcək və faydalı olacaq konkret layihələri qeyd etmək üçün Somaliyə ezam etməliyik. Məsələn, bu sahələr infrastruktur, liman qurğuları və kənd təsərrüfatı ola bilər. Cənab Prezident kənd təsərrüfatında böyük potensialın olduğu barədə mənə məlumat verdi. Mən, həmçinin Azərbaycanda özünü təmin edən kənd təsərrüfatının yaradılması ilə əlaqədar hədəflərimiz barədə məlumat verdim. Bir sözlə, hesab edirəm ki, biz bu sahədə kifayət qədər nəzərəçarpan əməkdaşlıq qura bilərik".
Afrika ölkələri Azərbaycana xüsusi simpatiya bəsləyir. Bunun əsas səbəbi Azərbaycanın heç bir gizli geosiyasi gündəliyinin olmaması və səmimi əməkdaşlıq təklif etməsidir. Azərbaycan digər ölkələrdən fərqli olaraq, Afrika ilə münasibətlərində bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas tutur və qitənin inkişafına real dəstək göstərməyə çalışır. Humanitar və mədəni əlaqələr də bu münasibətlərin dərinləşməsinə töhfə verir. Azərbaycanın müxtəlif humanitar fondları və təşkilatları Afrika ölkələrində səhiyyə, təhsil və ekoloji layihələr həyata keçirir ki, bu da qarşılıqlı etimadı daha da artırır. Bundan əlavə, Azərbaycanın enerji və kənd təsərrüfatı sahələrində qazandığı təcrübə Afrika ölkələri üçün maraqlı bir model ola bilər. Ölkəmiz Afrikada müxtəlif infrastruktur layihələrinə sərmayə yatıraraq yerli iqtisadiyyatı stimullaşdırmaqda maraqlıdır və bu addımlar Afrika dövlətləri tərəfindən müsbət qarşılanır. Belə bir yanaşma Afrika ölkələrinin inkişafına real töhfə verməklə yanaşı, Azərbaycanın da beynəlxalq nüfuzunun artmasına şərait yaradır.

Aysel Mənsimova - politoloq












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.