“Bəsdir” deməyin vaxtı çatmayıbmı?
13-12-2016, 20:32
Asudə vaxtı çox olan köhnə jurnalistlərdənəm. Haqq-ədalət mövqeyində olanların da, atası şər,anası böhtan olan reketlərin də yazılarını izləyirəm.Nəticə çıxarmağı da çox yaxşı bacarıram.Həmişə dövlətçilik mövqeyində olmuşam, qələmimlə birgə düz əməl sahibiyəm. Tənqidim də, tərifim də obyektiv olub. Kimisə mətbuatda heç zaman təhqir etməmişəm. Belə halı hər bir qələm sahibi üçün ləyaqətsizlik hesab etmişəm. İndi isə keçirəm mətləbə.
70-ci illərin sonu, 80-ci illərin əvvələrində İsmayıllıda raykomun birinci katibi işləmiş böyük ziyalı Qəşəm Aslanov satqınlara, ayaq altı qazanlara, rüşvətxorlara, inkişafa ziyan gətirənlərə, şantajçılara, ağa qara deyənlərə üzünü tutub deyirdi:- “ A yüz qrama vətənini satanlar, a qeyrətini çörəyə qatıb yeyənlər! ” O zaman belələri mətbuatda yox, həyatın digər sahələrində tək-tək idi. İndi müxtəlif saytlarda,reket qəzetlərdə, oxucusu və işçisi yalnız redaktordan ibarət olan “informasiya agentlikləri”ndə çox-çox artıb. Bir çoxları ağıllanmaq fikrinə düşdüyü üçün adını çəkmirəm. İndiki fikirlərimi “Gündəm xəbər” qəzeti və saytına yönəldirəm.
Həmin qəzet bu ilin 18-20 noyabr nömrəsində “İcra başçısı sələfi əleyhinə kompromatlar sızdırır” başlıqlı cəfəngiyat dərc etmiş, üç il müddətində müxtəlif nəşlərdə nə qədər şər, böhtan, yalan iftira ,sərsəmləmə və sayıqlaması olubsa icmalını qırıq-qırıq formada burada təkrarlamışdır. Oxucuların yalnız bu cümlələrə diqqət yetirməsi kifayət edər ki, vəziyyətin nə yerdə olduğunu başa düşsünlər. Məlum cızmaqarada yazılır: “Sakinlər düşünürdü ki, rayona yerli bir nəfərin başçı qoyulması mövcud problemləri aradan qaldıracaq. Lakin Mirdaməd Sadıqovun 10 aylıq fəaliyyəti bunun tam əksini sübut edir.” “10 aylıq” ifadəsi 2013-cü ilin sonuna aiddir. Yazı da bu ilin noyabr ayında çıxıb.
İmza da Rafiq Qaranındır. Rafiqi əvvəllər başqa təxəllüslə tanıyırdım. Yaxşıdır ki, əməllərinə uyğun yeni ayama götürüb. Onun əməli də, yolu da, fikri də, üzü də, özü də qaradır. Dövlət yanında, saf məsləkli, təmiz əqidəli insanlar qarşısında necə ki “Bizim dövr”ün və “Gündəlik Bakı” nın üzü qaradır, mənliyi yaradır.
Başlanğıcda qeyd etdim ki, saytları, imkan olan qəzetləri izləyirəm. “Gündəm xəbər” saytına baxanda bir yazıdan duydum ki, İsmayıllı RİH-i məlum şər-böhtan toplusu ilə əlaqədar təkzib verib. Çilənay Cəfərli isə təkzibi dərc etmək əvəzinə “xüsusi qeyd” adı ilə özünə məxsus, inkarçı mövqedən şərh yazıb. Guya “açıqlamanı” bir də təftiş edəcəkmiş. Həqiqət olmasa, əməkdaşını işdən çıxaracaqmış. Nəticə isə tamamilə başqa cür oldu.
Özünü qəzetin son səhifəsində “direktor” yazan Ç.Cəfərli təkzib əvəzinə çox yerdə necə varsa elə də tanınan Mehriban Əzizqızının il yarım bundan əvvəl “Gündəlik Bakı”da dərc olunmuş, sonradan bayatlaşmış, qıjqırmış, cındırlaşmış müəllifin əxlaq simvoluna çevrilmiş yazısını qara səhifəli qəzetinə yerləşdirmişdir. Məqamıdır qeyd edim ki, “Gündəm xəbər”ə ağu verən “kərtənkələ”nin biri elə İsmayıllıdadır.
M.F.Axundzadənin “Müsyo Jordan və dərviş Məstəli Şah” əsəri ilə çoxları tanışdır.Orada deyilir:- “Qorxuram Parijin dağılma zərbindən başqa şəhərlər də dağıla!” Reketlər, qarayaxalar, təhqirlə, şantajla aləsini dolandırmaq istəyənlər, fitnə toru toxuyanlar, özünüzə “bəsdir” deməyi bacarın. Yoxsa sizi də “Bizim dövr” və “Gündəlik Bakı” nın aqibəti gözləyir.
Saytlar, reket qəzetlər daha çox başçılardan yazırlar və fikirləşirlər ki, bu yolla daha tez, daha çox qazanc əldə edərlər. Yanılırsınız. Mən Mirdaməd Sadıqovu 1973-cü ildən tanıyıram. Ümummilli liderin Moskvada aspiranturada oxutduğu kadrlardandır. Dövlətə, dövlətçiliyə sədaqətlidir. Cənab Prezidentin sərəncam, tapşırıq və tövsiyələrini, göstərişlərini məsuliyyətlə yerinə yetirir. Halal və mərhəmətli, hörmətli insandır. Dövlət başçısının etimadını ləyaqətlə doğruldur. Onun tapşırığına əsasən əhalinin əsil xidmətçisi kimi çıxış edir. Bunları görməyənlər və əksini yazanlar isə xəstədir.Belələrini yalnız xüsusi xidmət orqanları müalicə edə bilər.
Bir məsələni də qeyd etməyi vacib sayıram. İşin xeyrinə, bölgədəki işlərə dəstək naminə kim obyektiv yazı yazmaq istəyirsə, gəlsin İsmayıllıya. Borcum olar ki onunla birgə fəaliyyət göstərim.
Vahid Xəlilov
İsmayıllı şəhəri