"Azərcell"in əsas səhmdarının başı dərddə - “TeliaSonera”da korrupsiya

1-07-2015, 20:31           
"Azərcell"in əsas səhmdarının başı dərddə  - “TeliaSonera”da korrupsiya
ABŞ prokurorları İsveçin telekommunikasiya nəhəngi “TeliaSonera”nın Özbəkistan prezidentinin ailə üzvlərinə rüşvət verməsi işinə dair hazırda bir sıra Avropa İttifaqı ölkələrində davam edən istintaqa qoşulub.

Virtualaz.org saytı “Bloomberg”ə istinadən xəbər verir ki, Birləşmiş Ştatların Ədliyyə Nazirliyi bu korrupsiya təhqiqatı çərçivəsində Rusiyanın MTS və “VimpelCom” mobil rabitə operatorlarının Özbəkistan prezidentinin qohumu olan yerli məmura rüşvət vermək üçün istifadə etdiyi offşor strukturun bank hesablarındakı 300 milyon dolların dondurulması üçün sorğu göndərib.

Amerika müstəntiqləri şübhələnir ki, Rusiyanın mobil rabitə operatorları Özbəkistanın telekommunikasiya bazarına daxil olmaq üçün prezident İslam Kərimovun qohumu olan yerli məmura rüşvət verib.

Rüşvət pulları “Takilant LTD” adlı offşor şirkət üzərindən ötürülüb. Həmin məmurun adı açıqlanmır. Amma cinayət işinin materiallarında o, “Hökumət məmuru A.” kimi göstərilir.

Amerika müstəntiqləri hesab edirlər ki, həmin məmur Hibraltarda qeydiyyatdan keçmiş “Takilant LTD” offşor şirkətinin benefisiarıdır. İyunun 29-da Amerika Ədliyyə Nazirliyinin müstəntiqləri Manhetten Federal Məhkəməsinə vəsatət təqdim edərək “Takilant”ın “Bank of New York Mellon Corp”un İrlandiya, Lüksemburq və Belçikadakı hesablarını dondurmağı xahiş edib. Bu hesablarda 300 milyon dollardan çox pul var.

“Takilant LTD” ilə Rusiyanın mobil rabitə operatorları arasında əlaqə “VimpelCom”un Amerikanın Qiymətli Kağızlar üzrə Komitəsinə (SEC) təqdim etdiyi hesabatında əks olunur. Sənədlərdən məlum olur ki, “VimpelCom” 2007-ci ildə Özbəkistandakı biznesinin 20 faizini 20 milyon dollara “Takilant”a satıb.

Sövdələşmə zamanı tərəflər səhmdar müqaviləsi imzalayıblar, bu müqaviləyə əsasən “Takilant” “VimpelCom”un 57 milyon dollarlıq səhm paketini alıb. 2009-cu ildə “Takilant” həmin səhm paketini “VimpelCom”a həmin məbləğə satıb.

“VimpelCom”dan RBK agentliyinə bildiriblər ki, Amerika müstəntiqlərinin onların “Takilant”la əlaqələrini araşdırdıqlarından və bank hesablarına həbs qoyulmasından xəbərdardırlar.

“Biz Özbəkistanda “Takilant”la əlaqələrimizə dair bütün məlumatları təqdim etməyə, istintaqla əməkdaşlıq etməyə hazırıq”- deyə şirkət bildirib.

Özbəkistanın telekommunikasiya bazarında korrupsiya sövdələşmələrinə dair qalmaqal 2012-ci ildə İsveç jurnalistlərinin araşdırmalarından sonra başlayıb. Məlum olub ki, “TeliaSonera” şirkəti (“Azercell” bu şirkətin strukturuna daxildir) “Takilant” üzərindən Özbəkistan prezidentinin qızı Gülnarə Kərimovaya 300 milyon dollardan çox rüşvət verib.

Bu fakt üzrə hazırda bir neçə ölkənin hüquq-mühafizə orqanları istintaq aparır. İstintaqın gedişində Rusiyanın mobil rabitə operatorları da fiqurantlara çevriliblər. Ötən ilin martında SEC bu iş üzrə “VimpelCom”un barəsində araşdırma başladıb, şirkətin Amsterdamdakı baş ofisinə isə prokurorlar gedib və sənədlər götürülüb.

Daha sonra MTS barəsində araşdırma başlayıb. Həmin vaxta qədər İsveçrə hakimiyyəti Gülnarə Kərimovanın bank hesablarında 900 milyon dollara qədər vəsaitə həbs qoymuşdu.
P.S. Oxuculara onu da bildirmək istəyirik ki, “TeliaSonera” şirkəti “Azercell”- də əsas pay sahibidir! teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.