Bibiheybətdə səyyar görüş keçirilib
5-07-2018, 11:13
teref.az - Ölkə başçısı cənab İlham Əliyevin tapşiriqlarına uyğun olaraq Səbail rayonunun qəsəbə və yaşayış massivləri, ayrı-ayrı məhəllələrində hər həftə Rayon İcra Hakimiyyətinin başçısının sakinlərlə görüşləri keçirilir.
Rayonun qədim Bibiheybət qəsəbəsində Səbail RİH başçısı Eldar Əzizovun, təsərrüfat və digər xidmət sahələrinin, qəsəbə bələdiyyəsinin, ictimaiyyət və qəsəbədə fəaliyyət göstərən iş adamlarının nümayəndələrinin iştirakı ilə növbəti görüş keçirilmişdir.
Prezident İlham Əliyev tərəfindən ölkədə aparılan böyük abadlıq quruculuq işləri, həyata keçirilən sosialyönümlü layihələr və həmçinin rayonda görülən işlər barədə məlumat verən Eldar Əzizov sakinləri narahat edən problemlərlə bağlı verdikləri sualları ətraflı cavablandırmış, onları maraqlandıran məsələlər ətrafında müzakirələr aparılıb.
Qəsəbə sahibkarlarının buradakı küçələrin işıqlandırılması işlərində yaxından iştirak etmələrin ilə bağlı təklifləri müsbət qarşılanıb. Eyni zamanda sakinlər tərəfindən qəsəbənin su və qazla təminatı, yaxınlıqdaki müəssisənin ətraf mühitə zərər vurması, məhəllədaxili küçələrin təmiri, qurumuş ağacların kəsilməsi, məişət tullantılarının daşınması, yeniyetmələrin idmanla məşğul olması üçün meydançanın olmaması, mənzil şəraitinin yaxşılaşdırılması və onları narahat edən digər suallarla müraciət etmişlər.
Rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə əlaqədar aidiyyəti qurum rəhbərlərinə konkret tapşırıqlar verib və müraciətlərin icrası nəzarətə götürülüb.