Bolqarıstan rus boyunduruğundan qurtulur - Qazı Azərbaycandan alacaq

23-04-2015, 11:47           
Bolqarıstan rus boyunduruğundan qurtulur - Qazı Azərbaycandan alacaq
Bolqarıstan, Rumıniya və Yunanıstanın iqtisadiyyat nazirlikləri yeni, vertikal qaz dəhlizinin inşası barədə müqavilə imzalayıblar.

Oxu.az RBK The Wall Street Journal- a istinadən bildirir ki, Bolqarıstanın energetika naziri Jeço Stankov məsələ ilə bağlı deyib: “Biz nəhayət ki, yeni qaz mənbəyi alırıq, çünki indiyədək yalnız bir mənbəyə - Rusiyaya ümid edirdik”.

Güman olunur ki, yeni qaz kəmərinin inşası Bolqarıstanı Rumıniya və Yunanıstanın qaz şəbəkələri ilə əlaqələndirəcək. Qaz kəməri Azərbaycandan nəql olunan və Yunanıstandakı maye qaz terminallarından gələn “mavi yanacaqla” doldurulacaq.

Bolqarıstan həmçinin Qara dənizdə Teres və Silistra neft-qaz bloklarındakı şəxsi qaz yataqlarını işləməyi planlaşdırır.

Bolqarıstan, Rumıniya və Yunanıstanın vertikal qaz dəhlizi TAP və TANAP layihələrindən ibarət Cənub qaz dəhlizinə qoşulacaq. Transanadolu qaz kəməri Azərbaycandan başlayaraq, Türkiyə və Gürcüstandan keçməklə Bolqarıstan və Yunanıstan sərhədlərinədək, Transadriatik qaz kəməri (TAP) isə İtaliyayadək davam edəcək.

Bu kəmərlər üçün əsas qaz tədarükçüsü Azərbaycan olacaq. Perspektivdə TANAP ilə Türkmənistan və Yaxın Şərq qazı nəql oluna bilər.

Bolqarıstan artıq Azərbaycanla 2020-ci ildən başlayaraq, ildə 1 mlrd. kubmetr qaz tədarükü barədə müqavilə imzalayıb.

TAP və TANAP-ın çəkilişi məhz bu vaxtda bitməlidir. Hazırda Bolqarıstan ildə 3 mlrd. kubmetr qaz tədarük edir və bu həcmin 95%-ni “Qazprom”dan alır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.