BMT-nin pulları qurtarır: təşkilat ağır maliyyə böhranındadır
11-10-2019, 00:17
Birləşmiş Millətlər Təşkilatı son 10 ilin ən ağır maliyyə böhranını yaşayır.Musavat.com xəbər verir ki, bu barədə İsveçrənin “Neue Zürcher Zeitung” qəzeti yazıb.
Qəzetin verdiyi xəbərə görə, dünyanın ən böyük beynəlxalq təşkilatının baş katibi Antoniu Quterriş növbəti ayda Nyu-Yorkdakı mənzil qərargahda və digər bağlı qurumlarda çalışan 44 min əməkdaşın maaşlarının ödənilməsində problem yaşanacağını bildirib.
“BMT ciddi maliyyə çətinliyi qarşısındadır. Daha dəqiq ifadə edilsə bu nağd ödəmələrlə bağlı yaranan problemdir. Nağd pul olmadan büdcə lazımi qaydada təşkil edilə bilməz”, - deyə baş katib təşkilatın Büdcə komissiyasının Nyu-Yorkdakı iclasında çıxış edərkən söyləyib.
A.Quterriş hazırda 193 iştirakçı dövlətdən yalnız 129-nun tam həcmdə illlik üzvlük haqlarını ödədəyini bəyan edib. Ən çox məbləğ isə ABŞ tərəfindən ödənilib. Bu ölkə BMT-nin ən böyük donoru sayılır. Rəsmi Vaşintonun BMT büdcəsindəki payı 22%-dir. Lakin ABŞ-ın qəbuledici ölkə kimi külli miqdarda borcu da yaranıb.
Bu il təxminən 3,3 milyard dollar məbləğində sayılan büdcədə ABŞ-ın borcu 674 milyon dollar təşkil edir. Birləşmiş Ştatlar nümayəndəsi Kelli Kraft “Reuters” agentliyinə verdiyi müsahibədə bütün ödəmələrin cari ildə həll olunacağını söyləyib.
Antoniu Quterriş qənaət naminə bəzi məcburi addımlara getdiklərini də deyib. Məsələn bir çox vakant yerlər üçün yeni işçilər götürülməyib, yalnız ən vacib ezamiyyətlər təsdiqlənib, bəzi komitələrin iclasları ya təxirə salınıb, ya da ümumiyyətlə ləğv edilib.
“Bu tədbirlər olmasa idi, Baş Assambleyanın sonuncu sessiyasının keçrilməsi mümkün deyildi”, – deyə BMT-nin rəhbəri vurğulayıb.
A.Quterrişin sözlərinə görə, BMT iştirakçı ölkələrin öz maliyyə öhdəliklərini vaxtında yerinə yetirmələri üçü əlindən gələni edir. Bütün bunlara rəğmən cari ilin büdcəsinin sadəcə, 70%-i həmin ölkələr tərəfindən maliyyələşdirilib. Ümumilikdə dövlətlərin BMT-yə 1,3 milyard dollar borcu yaranıb.
Ali qurumun rəhbəri bütün bunların BMT-nin sülhməramlı missiyasına ağır zərbə vurduğunu da deyib.