İVANİŞVİLİNİN AQİBƏTİ: MƏHKƏMƏ YOXSA ƏFV?
15-10-2019, 21:45
Bu gün Mixail Saakaşvili, onun “Milli hərəkat” partiyası və “Avropa Gürcüstanı” partiyasından olan keçmiş tərəfdaşları arasında kəskin mübahisə baş verib.
Ötən gün “Avropa Gürcüstanı” partiyasının liderlərindən biri Giqa Bokeriya bəyan edib ki, onun üzv olduğu siyasi qüvvə hakimiyyətə gəldikdən sonra hakim “Gürcü arzusu” partiyasının siyasi liderlərini mühakimə etməyəcək, bununla da Gürcüstanda hakimiyyətə gələn siyasi qüvvənin xələfini təqib etmək kimi yanlış təcrübəyə son qoyacaq. İdeya sabiq prezident Mixail Saakaşvilinin xoşuna gəlməyib. O, hakim partiya lideri Bidzina İvanişvili və nazirlərin mütləq məhkəmə qarşısına çıxmalı olduğunu düşünür. Bu barədə “Exo Kavkaza” yazır.
“Sizi soysaydılar, sizin əmlakınıza toxunsaydılar, eyni cür reaksiya verəcəkdiniz?” – deyə Saakaşvili üç dəqiqəlik videomüraciətində opponentlərindən soruşub.
Yeri gəlmişkən, bu hal Saakaşvili və Bokeriya arasında yaranmış ilk ictimai qarşıdurma deyil. Bu yaxınlarda Mixail Saakaşvili Bokeriyanı öz fəaliyyəti ilə “Milli hərəkat” partiyasını xristian dəyərlərindən uzaqlaşdırmaqda günahlandırıb.
Qiga Bokeriyanın partiya yoldaşı, vitse-spiker David Bakradze onu və “Avropa Gürcüstanı” partiyasının mövqeyini dəstəkləyib. 2020-ci ilin oktyabr ayında keçiriləcək seçkilərdə hakimiyyətin mütləq dəyişəcəyinə əmin olan Bakradze qeyd edib ki, seçicilər kimi məmurlar da bir məsələni bilməlidirlər: “Avropa Gürcüstanı” siyasi qisas tərəfdarı deyil.
“İvanişvilinin marağı və oyunu prosesləri elə şəkildə təqdim etməkdən ibarətdir ki, guya Gürcüstanın yalnız iki seçimi var: ya İvanişvili, ya Saakaşvili. İvanişvili məhz iki partiya arasında seçim şəraitində qələbə qazanmağa hazırlaşır. Ona görə əhali seçimin daha geniş olduğunu bilməlidir. Və bu spektrdə “Avropa Gürcüstanı” xüsusi yer tutur. Hamını ittihamlardan vaz keçməyə, böhtan atmamağa, körpüləri yandırmamağa çağırıram ki, 2020-ci ildə geniş müxalifətdən koalisiya hökuməti yaratmaq mümkün olsun”, - deyə Bakradze bildirib.
Bu açıqlamadan sonra Gürcüstan sosial şəbəkələrində qızğın müzakirələr başlayıb, 2 cəbhə yaranıb. Müzakirələrdən az sonra Saakaşvili 3 dəqiqəlik video müraciətlə münasibət bildirib. Saakaşvili qeyd edib ki, o da revanş istəmir, amma İvanişvili istisnadır, onu məhkəmə mühakimə etməli və bundan sonra barəsində siyasi qərar verilməlidir.
Saakaşvili bu gün “Qızılgül inqilabı” vaxtında o vaxtkı prezident Eduard Şevardnadzeyə toxunulmazlıq söz verdiyini xatırlamır. Və keçmiş prezident sonra dəfələrlə ictimaiyyətin diqqətinə çatdırıb ki, Şevardnadze bunun sayəsində ömrünü həbsxanada deyil, sakitcə Tiflisin Krsanisi rayonundakı iqamətgahında başa vuracaq.
Saakaşvili məhkəmə və cinayət təqibinə görə vətəninə qayıda bilmir. O və tərəfdarları bu təqibin siyasi xarakter daşıdığını hesab edirlər, ona görə qarşıdan gələn seçkilərdə qələbəyə ümid edirlər.
Ötən il keçirilən prezident seçkiləri, ardınca 2019-cu ildə təkmandatlı dairələr üzrə aralıq seçkilər göstərib ki, əsas mübarizə “Gürcü arzusu” və “Milli hərəkat” partiyasının nümayəndələri arasında gedir.
Lakin 2002-ci ildə vəziyyət dəyişə bilər. Parlament seçkiləri proporsional sistem üzrə keçiriləcək. Seçki baryeri aradan qaldırılacaq. Bu da bir çox partiyaya parlamentə keçməyə imkan yaradacaq.
aqreqator.az