Rusiya siyasi texnoloqları Boliviyanı da qarışdırdı
24-10-2019, 01:32
Boliviyanın prezidenti Evo Moralesin seçki kampaniyasının təşkilində Rusiyanın “Rosatom” şirkətinin pulla tutduğu siyasi texnoloqlar iştirak ediblər.
Bu barədə müstəqil jurnalistlərin qurduğu “Proyekt” adlı portalda məlumat verilib. Saytın informasiyasına əsasən, bu ilin yayı və payızında Boliviyada çalışan rusiyalı PR-çıların fəaliyyəti Kreml tərəfindən kurasiya olunub.
Qeyd olunur ki, ölkə tarixində ilk dəfə yerli hindli xalqını təmsil edən şəxs olaraq hakimiyyətə gələn Evo Morales 2005-ci ildən bu yana kreslosunu buraxmaq istəmir. Belə ki, o, əvvəlcə 2009-cu ildə, sonra isə Konstitusiyanın qadağasına rəğmən 2014-cü ildə ölkə başçısı seçilib.
Prezidentliyinin ilk dövrlərində neft qiymətlərinin yüksək olması Evo Moralesə ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmağa imkan verib. Lakin 2016-cı ildə prezident 4-cü dəfə seçilmək üçün yeni konstitusiya dəyişikliyini xalqın önünə gətirsə də, refrendumda uduzub. Hətta buna rəğmən solçu siyasi lider ölkənin özünə tabe olan Ali Ədalət Tribunalının qərarı ilə seçkiyə buraxılıb.
Əhali isə bütün bunlara etiraz olaraq küçələrə çıxıb.
Ənənəvi olaraq ABŞ-la da arası olmayan belə liderlərin “dadına” Rusiya çatıb. Evo Morales ölkəsində “Rosatom”un El-Alto bölgəsində 300 milyon dollar dəyərində nüvə mərkəzi tikintisinə icazə verib. Bundan başqa, “Qazprom”şirkəti Boliviyada çalışmaq imkanı əldə edib, helikopter istehsalı ilə məşğul olan “Vertolyotı Rossii” şirkəti isə Cənubi Amerikanın bu kasıb dövlətindən milyonlarla dollarlıq saziş qoparıb.
Bütün bu imkanların əldən çıxması təhlükəsi rusları Evo Moralesə kömək göstərməyə vadar edib. “Rosatom” siyasi müşavirlərdən ibarət xüsusi qrupu Boliviyaya göndərib.
Onlar burada iyunun 4-dən sentyabrın 25-nə qədər qalıblar. Həmin qrup vaxtilə Samara və Yekaterinburq vilayət qubenatorluğu, habelə Dövlət Duması seçkilərində hakimiyyət nümayəndələrinə də xidmət göstəribmiş. Bunlardan Aleskandr Şeremetyevin, habelə sosial şəbəkələrdə böhtan xarakerli kampaniyaların təşkil olunmasında ad çıxarmış, blogger sahəsində ümumi əhvalı ölçməyə imkan verən “Prizma” sisteminə cavabdeh Valeri Solovyovun adlarını çəkmək olar.
Məlumatda qrupun əsas hissəsinin Moskvaya geri döndüyü bildirilir. Burada onların ABŞ tərəfindən sanksiyalara məruz qalması qorxusu faktoru da az rol oynamayıb. Hətta A.Şeremetyev sonradan soyadını Pustovoy olaraq dəyişdirib.
Hər bir halda rus piarçılarının Evo Moralesə lazımı səsi toplamaqda olmasa da başqa siyasi proseslərdə köməkləri dəyib. Belə ki, ilk turda E.Moralesin prezident seçilmək üçün tələb edilən 50%-dən yuxarı səs yığmadığı məlum olub.
Bütün bunlara rəğmən, Bolviya lideri özünü qalib sayıb və üstəlik ölkədə fövqaladə vəziyyət rejimini tətbiq edib.//musavat.com