İran benzin bahalaşmasından gələn gəliri yoxsullar arasında bölüşdürməyə qərar verdi...
4-12-2019, 08:33
İran prezidenti Həsən Ruhani benzinin qiymətinin qaldırılmasından əldə olunan təxminən 300 milyon dolların tam olaraq yoxsul vətəndaşlar arasında paylanacağını bəyan edib.
Moderator.az xəbər verir ki, “TRT”-nin yaydığı məlumata görə, paytaxt Tehranda Beynəlxalq Əlillər Günü münasibətilə təşkil olunmuş tədbirdə çıxış edən Ruhani ölkədə kütləvi etiraz dalğalarına səbəb olan benzin qiymətlərinin 300 faiz artmasına, həmçinin, ABŞ ilə danışıqlara toxunub.
Prezident benzinin qiymətini idxalın qarşısını almaq məqsədilə yanacaq istehlakının çox artması səbəbindən qaldırdıqlarını qeyd edib.
“Benzin istehlakı eyni səviyyədə davam etsəydi, 2021-ci ilədək yenidən xaricdən benzin idxal etmək məcburiyyətində qalacaqdıq. Xarici satınalmalara ehtiyac duymamaq və benzin istehlakına nəzarəti ələ almaq üçün kvotalar tətbiq etmək və qiymətləri yenidən nəzərdən keçirmək planını həyata keçirdik" - deyib H.Ruhani.
İran dövlət başçısının sözlərinə görə, hökumət üçün qiymətlər qaldırılmayıb.
"Benzinin qiymətinin yüksəldilməsindən əldə ediləcək təxminən 300 milyon dollar tam olaraq yoxsul vətəndaşlar arasında paylanacaq" –deyə H.Ruhani vurğulayıb.
P.S. Yəqin ki, iqtisadçı ekpertlər İran hökumətinin benzinin qiyməti haqda bəhs edilən qərarının nə dərəcədə əsaslı olduğunu izah edərlər...
Sultan Laçın