Çökmüş iqtisadiyyat, təcrid olunmuş elita, daxili qarşıdurma və daha nələr..: - İran siyasətini dəyişməyə məcburdur

12-01-2021, 17:56           
Çökmüş iqtisadiyyat, təcrid olunmuş elita, daxili qarşıdurma və daha nələr..: -
İranın xarici siyasətindəki nöqsan və yanlışlıqlar artıq rejim mənsublarının özləri tərəfindən etiraf olunur.

Belə ki, İranın sabiq prezidenti Haşimi Rəfsəncaninin qızı, siyasətçi və jurnalist Faizə Rəfsəncani rəsmi Tehranın Suriyaya müdaxiləsini doğru hesab etmədiyini bildirib.

O, hələ zamanında atasının İranın Suriyadakı müharibəyə qatılmasına qarşı çıxdığını deyib.

İran mediasına verdiyi açıqlamada Faizə Rəfsəncani atasının bu haqda SEPAH-ın Qüds briqadasının komandiri Qasım Süleymaniyə xəbərdarlıq etdiyini bildirib. Faizə Rəfsəncani qeyd edib ki, İranın bölgədəki siyasəti xətalıdır: “Bu siyasət dostlarımızı itirməyimizə səbəb oldu və xarici siyasətimiz, daxili siyasətə döndü. İranın Suriyaya müdaxiləsi 500 min insanın ölümünə səbəb oldu”.

Bütün bu fikirlər bir daha İranın xarici siyasət kursundakı səhvli ortaya qoyur.

İran Yaxın Şərqlə bağlı siyasət kursunu dəyişə bilərmi?

Məsələni Cebhe.info-ya şərh edən “Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri, politoloq Vüqar Zifəroğlu hesab edir ki, İran hələ Amerikanın Vyana anlaşmasından çıxdığı zaman xarici siyasət kursunda dəyişikliklər etməli idi:

“1979-cu il İran İnqilabından sonra ölkənin xarici siyasət kursunda vacib olan iki prioritet məsələ var idi. Bunlardan birincisi Fələstin məsələsi idi. Fələstin məsələsi ilə İran istər Yaxın Şərq ölkələriylə bağlı münasibətlərində, istər ümumiyyətlə yeni bir İslam dövləti olaraq özünə imic formalaşdırmağa çalışırdı. İkinci məsələ isə ondan ibarət idi ki, İran müxtəlif ərəb ölkələrinin daxilində olan özünə yaxın məzhəbsəl faktorlara dəstək verərək, onlardan öz məqsədləri üçün yararlanmaq siyasəti aparırdı. Bu iki əsas istiqaməti özü üçün prioritet məsələ elan etmişdi. “Ərəb baharı”ndan sonra İran Yaxın Şərqdə öz xarici siyasətində kifayət qədər ciddi aktivlik göstərməyə başladı. Bununla İran öz ətrafında bufer zona yaratmağa çalışırdı. Müəyyən mənada Livan, İraq, Suriyada buna nail ola bildi. Növbəti mərhələdə isə Yəməndə husilərlə, “Ənsərullah”la bağlı proseslərdə aktiv iştirakçıya çevrildi. İran hətta bəzi ərəb ölkələrinin daxilindəki proseslərə rəvac verdi. Məsələn, Bəhreyndə, Səudiyyə Ərəbistanında bunu görmək olar. Yəni müəyyən bir proseslərə təkan verdi. İranın yaratmağa çalışdığı bufer zona kifayət qədər ciddi hədəfləri olan dövlət üçün normal qəbul olunandır. Lakin məsələ burasındadır ki, İranın sözügedən xarici siyasəti başqa ölkələrin maraqlarına cavab vermir, hətta çox zaman onların daxilində mənfi proseslərin getməsinə rəvac verirdi”.

Ekspert hesab edir ki, Suriya məsələsində İran maksimum imkanlarından istifadə edib Bəşər Əsədi hakimiyyətdə saxlamağa çalışıb:

“Bu gün Əsəd hələ hakimiyyətdədirsə, bunun iki səbəbkarından biri İrandır. İran Suriyada öz perspektivini tam şəkildə ortaya qoydu. Obama hakimiyyəti dövründə rəsmi Tehranla imzalanan Vyana anlaşması İran üçün müəyyən perspektivlər yaratmışdı. Lakin sonrakı dönəmdə Vyana anlaşmasının pozulması, Tramp Administrasiyası dönəmində Amerikanın bu anlaşmadan çıxması, sanksiyaların tətbiqi və başqa istiqamətlərdən İrana olan həmlələr onun öncəki xarici siyasət kursunun olduğu kimi davam etməsində ciddi əngəllər yaratmağa başladı. Elə o zaman İran xarici siyasət kursuna müəyyən dəyişikliklər etməli idi, amma etmədi. Bu da İranın iqtisadi imkanlarına, hərbi potensialına ciddi təsir göstərdi və ölkə üzərinə böyük yük qoydu”.

Politoloq qeyd edib ki, İranın xarici siyasət kursunda dəyişikliklərə gedəcəyi gözlənilir:

“ABŞ-ın sanksiyaları və pandemiyanın təsirləri İran iqtisadiyyatını demək olar ki, parçalanmış duruma salıb. Digər tərəfdən, Əsəd rejiminin də dəstəklənməsi böyük maliyyə resursu tələb edir. Bu maliyyə zəifləməkdə olan İranın öz mövqelərinin itirilməsinin başlanğıcını qoyur. Amerika da bundan istifadə edərək son bir ildə İrana 4 istiqamətdə həmlələr etməyə başladı.

Birinci istiqamət iqtisadi sanksiyalardır. Faktiki olaraq Amerika müəyyən mənada İran iqtisadiyyatını çökdürməyi bacardı. İkinci istiqamət İranın siyasi təcridinə nail olmaqdır. Son bir ildə istər Avropa, istərsə də ərəb ölkələri baxımından ABŞ buna nail ola bildi. Üçüncü həmlə İranın daxilindəki sosial, etnik, dini-məzhəbsəl narazılıqların qabardılması idi. Bu gün artıq həmin problemlər özünü aydın göstərir. Dördüncü istiqamət isə İranı Yaxın Şərqdən çıxarmaq siyasətidir. Burada söhbət İraq, Suriya, Livan, Yəməndən gedir. Bu mövqelərdə İranı zəiflətmək və mümkün olan kimi də vurub çıxarmaq siyasəti yürüdülür. İranın mövcud iqtisadi potensialı bu həmlələrə dirəniş göstərməyə imkan vermir. Hesab edirəm ki, İran bütün bunlara nəzərən özünün xarici kursunda müəyyən dəyişikliklərə gedəcək. İranda qarşıdan prezident seçkiləri də gəlir. Bura eyni zamanda İsraillə Türkiyənin və İsraillə ərəb ölkələrinin yaxınlaşmasını da əlavə etsək, İranın xarici siyasətində dəyişikliklərə getməsi zərurətə çevrilir və bu gözlənilir”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.