Avropa bankları oliqarxlardan imtina edir - Azərbaycanlı milyarder təsdiqlədi
5-02-2016, 22:48
Bu ilin əvvəlindən başlayaraq Avropa bankları bir sıra rusiyalı milyarderlərə və iri biznes nümayəndələrə hər hansı xidmət göstərməkdən imtina edir.
Virtualaz.org xəbər verir ki, bu haqda “Delovoy Peterburq” qəzeti yazıb. Onların arasında peterburqlu milyarderlə də var.
Qəzetin yazdığına görə xarici banklarda vəsait yerləşdirən biznesmenlər və məmurlar bu banklarla münasibətlərinin korlanmasını açıb-ağarda bilmirlər. Bununla belə bir neçə peterburqlu milyarder təsdiq edib ki, doğrudan da rusiyalı biznesmenlərin və məmurların Qərb bankları ilə problemləri yaranıb. Onlar nəinki xarici banklarda hesab aça bilmirlər, eyni zamanda kredit ala bilmirlər və xarici şirkətlərlə onların Rusiyadakı törəmələri arasında qarşılıqlı vəsait köçürmələrini aparmaqda problemlə üzləşirlər.
Rusiyalı oliqarxların üzləşdikləri bu problemə dərhal yerli banklar reaksiya veriblər. Məsələn, “Sberbank” artıq müştərilərə pullarını Avropadan gətirməyə kömək edən xüsusi xidmət yaradıb. Bəzi biznesmenlər isə problemlərdən qaçmaq üçün tələsik özlərinə başqa ölkələrin vətəndaşlığını alıblar. Belələri daha çox Lüksemburq vətəndaşlığı alır.
Peterburqdakı azərbaycanlı oliqarx, “Petrovskiy stroitel” korporasiyasının sahibi, milyarder Vaqif Məmişov qəzetə açıqlamasında biznesmenlərin belə problemlərlə qarşılaşdıqlarını təsdiqləyib. Ancaq özünün belə probleminin olmadığını deyib. “Biznesmenlər Avropa və ABŞ banklarında problemlərlə üzləşirlər. Bu haqda hamı açıq danışa bilməz, çünki pulları heç də həmişə leqal, birbaşa yollarla köçürməyiblər. Biz ancaq yerli banklarla işləyirik və bu səbəbdən belə problemlərlə üzləşmirik”-Vaqif Məmişov deyib.