Jurnalist ermənilərə dəstək verən ölkəsini topa tutdu
5-02-2016, 23:02
Azərbaycanın Dağlıq Qarabağı geri qaytarmaq cəhdlərinə dəstək verməkdən imtina etməklə, biz hamımız Kremlin dəstəklədiyi və Moldovadan Dnestryanını, Gürcüstandan Abxaziyanı, Ukraynadan Krımı, Donbası, Luqanskı alanlardan heç bir şeylə fərqlənməyən erməni separatçılarının yanında dayanırıq.
Axar.az xəbər verir ki, bu sözlər litvalı jurnalist Qintaras Visotskasın “slaptai.lt” saytında yayımlanan “Avropada kifayət qədər dondurulmuş konflikt sevənlər var” məqaləsində yer alıb. Onun sözlərinə görə, separatçı qruplara dəstəyin artması gələcəkdə Litva və digər Baltikyanı ölkələr üçün problemlər yarada bilər:
“Biz hətta neytral mövqe seçib, nə Bakının, nə də İrəvanın yanında dayanmayaq, deməklə səhv addım atmış oluruq. Sadəcə, müstəqilliyimizi bərpa edən zaman Vilnüs və Klaypeda Litvaya qanunsuz olaraq məxsusdur, deyən ictimai xadimləri yada salmaq lazımdır. Bu güclər indiyə qədər heç bir yerə getməyib. Onlar sakitcə lazımı anı gözləyirlər ki, anti-Litva kampaniyasına başlasınlar. Əgər gələcəkdə bu cür beynəlxalq gərginlik meydana gəlsə, biz axmaq vəziyyətə düşə bilərik. Dalya Kuoditenin parlament qrupunun Dağlıq Qarabağı işğal edən güclərlə rəsmi dostluğu bizi Krımı, Donbası, Abxaziyanı, Dnestryanını işğal edənlərə haqq qazandıranlarla yaxınlaşdıra bilər”.
O, həmçinin AŞPA-da Azərbaycanın ərazi bütövlüyü ilə bağlı müzakirə edilən qətnamələrdən birinin qəbul olunmamasına görə təəssüfləndiyini bildirib:
“Britaniyalı deputat Robert Valterin qətnaməsində anti-insani, anti-demokratik heç nə yox idi. Burada, sadəcə, Ermənistanın bir daha elementar ədəb qaydalarına əməl edib, işğal edilmiş torpaqlardan çıxmasına çağırış var idi. Doğrudur, cənab Valterin qətnaməsi sərt idi və Dağlıq Qarabağı kimin işğal etməsini dəqiq göstərirdi. Ona görə də Avropada bu qətnamənin qarşısını Rusiya və erməniyönlü qüvvələrin alacağı gözlənilən idi. Nüfuzlu erməni diplomatlar yanvarın 26-na qədər Litvanı da ziyarət etmişdilər. Ermənistan Parlamentinin sədr müavini Dağlıq Qarabağın Ermənistana məxsus olması gərəkdiyini, burada ermənilərin yaşadığını bizim siyasətçilərə anlatmağa çalışırdı. Bu məntiqlə gərək Donbas, Luqansk və Krım ərazisində daha çox ruslar yaşadığına görə o ərazilər Rusiyaya təhvil verilsin.
Valterin qətnaməsinə bir aspekt də xarakterikdir. O, Avropanın ciddi fəlakətlərə baxışında gücsüz olduğunu sübut edir. Artıq 20 il keçib. Ermənistan Avropa instansiyalarının tələblərini, məsləhətlərini, əmrlərini yerinə yetirməkdən imtina edir, avropalı parlamentarilər isə çarəsizcə bunu izləyirlər. Bəlkə də qətnamə həm də Avropa Şurasının öz gücsüzlüyünü ictimaiyyət qarşısında etiraf etməkdən rəsmən utandığına görə qəbul edilmədi?”
Qeyd edək ki, Dalya Kuodite rəsmi Bakının icazəsi olmadan 2014-cü ildə Dağlıq Qarabağa qanunsuz səfər edib. O burada separatçı rejimin liderləri ilə görüşlər keçirib.