İran hakimiyyəti xalqa son yalanını danışdı? - GƏLİŞMƏ
25-06-2021, 20:51

“Vyanada İranın nüvə proqramı ətrafında aparılan danışıqların gedişində ABŞ-ın eks-prezidenti Donald Tramp zamanında İrana qarşı iqtisadi sahədə tətbiq olunmuş mindən çox sanksiyanın aradan qaldırılması barədə razılıq əldə edilib”.
İranın Prezident Administrasiyasının rəhbəri Mahmud Vaezi belə deyib.
O qeyd edib ki, Tramp dövründə İrana qarşı tətbiq edilmiş 1040-a yaxın sanksiya aradan qaldırılacaq. Vaezinin sözlərinə görə, hazırda danışıqlar masasında Trampın hakimiyyətindən öncə qüvvəyə minmiş sanksiyaların ləğvi məsələsi müzakirə olunur.
Mahmud Vaezinin açıqlaması İranın nüvə proqramına dair ABŞ-la razılaşmanın əldə olunması qənaətini yaradır. Bu halda hər iki ölkə 2015-ci ildə Vyanada əldə olunmuş Birgə Hərtərəfli Fəaliyyət Planına qayıda bilər. Ancaq rəsmi Vaşinqton bu barədə anlaşmanın baş verməsi ilə bağlı hər hansı məlumat yaymayıb. Qeyd edək ki, İran ABŞ-dan heç bir ilkin şərt irəli sürmədən sanksiyaların ləğvini tələb edir.
Öz növbəsində, ABŞ İranın yalnız uranın zənginləşdirilməsini və raket proqramını dayandırmasından sonra sanksiyalrın böyük hissəsini dayandırmağa hazır olduğunu bildirib. Ona görə də M.Vaezinin açıqlaması İranın və ABŞ-ın qarşılıqlı güzəştlərə hansı səviyyədə getməsi ilə bağlı bir sıra suallar yaradıb. Bu arada İran parlamentinin rəhbərliyinin ABŞ-la danışıqların istənilən halda dayandırılması barədə təklif irəli sürməsi Vaezinin fikrini təkzib edir.
“Oğuz” Müstəqil Araşdırmalar Qrupunun rəhbəri Vüqar Zifəroğlu hesab edir ki, İran və ABŞ arasında nüvə proqramına dair razılaşmanın əldə olunması inandırıcı görünmür. O, “Cümhuriyət” qəzetinə bildirib ki, bu, daha çox islahatçı İran hökumətinin daxili rəyə hesablanmış addımıdır:
“Hazırda prezident seçkilərindən yeni çıxmış İranın belə açıqlama verməsi daxili auditoriyaya hesablanmış gediş kimi qiymətləndirilə bilər. Proses onu göstərir ki, bu barədə konkret rəqəmləri əks etdirən açıqlama ilə çıxış etmək hələ tezdir. Çünki ABŞ-ın Vyana razılaşmasından çıxmasının, İrana qarşı sanksiyalar qəbul etməsinin və Avropa ölkələrini də bu qadağalara qoşulmağa çağırmasının səbəbləri var idi. Həmin səbəblər aradan qaldırılmayana qədər 1040-a yaxın sanksiyanın ləğvi inandırıcı görünmür. Mümkündür ki, danışıqlar prosesində hansısa müəyyən güzəştlər edilsin. Bu da ABŞ və İranın nə qədər razılığa gəlməsindən asılıdır. Razılaşmanın əsas konteksti nüvə məsələsi ilə bağlı öhdəliklərə əməl edilməsidir. İranda isə bu mövzuda bir-birini təkzib edən bəyanatlar səslənib. Rəsmi Tehran hətta son açıqlamalarda İranın uranı zənginləşdirilmək hüququnun olması ilə bağlı müxtəlif açıqlamalar verib. Ona görə də sanksiyaların hazırkı mərhələdə ləğv ediləcəyi ehtimalı çox aşağıdır. Bu, danışıqların gedişindən, tərəflərin məsələyə münasibətindən və hansı güzəştlərə gedə biləcəyindən asılıdır. Vaezinin açıqlaması indiki məqamda daxili auditoriyaya hesablanıb. İslahatçılar hələ hakimiyyətdədir. Bir çox analitiklər hesab edir ki, İbrahim Rəisinin prezident seçilməsi ilə hakimiyyətə gələn mühafizəkarların ABŞ-la dialoqu islahatçılarla müqayisədə daha sərt ola bilər. Əslində, dialoqun baş tutması və tərəflərin kompromisə getməsi üçün dialoqa ehtiyac var. Çünki hər iki ölkənin buna ehtiyacı var. Mühafizəkarların qələbəsindən sonra İranın xarici siyasət kursunda dəyişikliklər olacaq. Mən bu dəyişikliklərin ABŞ-ın Yaxın Şərqdəki maraqlarına uyğun olacağını düşünmürəm. Yəni İranın Yaxın Şərqdə itirdiyi mövqeləri qaytarmaq səylərinin şahidi olacağıq. Söhbət İraqdan, Yəməndən, Suriyadan gedir. Ona görə də ABŞ onu düşündürən bütün suallara İrandan cavab almayana qədər bu miqyasda sanksiyaları ləğv etməyəcək”.
Ekspert bildirdi ki, İrana qarşı sanksiyalar ləğv edilərsə, İsrail, Ərəb dövlətləri, Rusiya, Türkiyə bu qərarı birmənalı qarşılamayacaq. Qeyd edilən səbəbdən bu prosesə aydınlıq gətirilməlidir. Bu isə zaman tələb etdiyi üçün hazırda real görünmür:
“İslahatçılar daxili auditoriyaya mesaj vermək istəyir ki, biz genişmiqyaslı razılaşmalara nail olmuşuq. Bundan sonra belə güzəştlər əldə etməyin məsuliyyəti hakimiyyətə yeni gələn siyasi qüvvənin üzərinə düşür. Hazırda İran cəmiyyəti çox həssas dönəm yaşayır. Vyana razılaşması dağıldıqdan sonra ABŞ İrana dörd istiqamətdən təzyiq göstərməyə başladı. Birincisi, iqtisadi sanksiyalar gücləndirildi. İkinci həmlə İranın daxilindəki sosial narazılıqların körüklənməsi oldu. Üçüncü istiqamət İranın daxilində olan etnik-dini zəmində olan problemlıərin qabardılması, dördüncü istiqamət İranın Yaxın Şərqdən sıxışdırılıb çıxarılmasından ibarətdir. Bunların arasında ən təsirli olanı iqtisadi sanksiyalardır. Sosial etirazların baş verməsi məhz iqtisadi çətinliklərlə bağlıdır. Onu da nəzərə almaq lazımdır ki, sanksiların tətbiq ilə bağlı pandemiya da İran iqtisadiyyatına ciddi zərbə vurdu. Bu mənada qarşılıqlı güzəştlərə gedilməsinə ehtiyac var. Əks təqdirdə, İranda iqtisadi böhran dərinləşəcək”.